Yuxarı

Rəsmilər bir-birini təkzib edir

Rəsmilər bir-birini təkzib edir

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “Onlar intriqalarla məşğuldur”[/caption]

Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından 4 milyard dollar məbləğində borc alacağı ilə bağlı yaranmış müzakirələr gündəmi zəbt edib. Təzadlı fikirlərlə müzakirə yaratmış məsələyə dövlət yetkililəri tərəfindən də münasibət birmənalı deyil. Yanvarın 28-də ABŞ-ın nüfuzlu “Röyters” informasiya agentliyi tərəfindən ortaya atılmış informasiyaya əsasən, Azərbaycan hökuməti BVF-dan 3, Dünya Bankından isə 1 milyard dollar kredit almağa hazırlaşır.

“Röyters” məlumatın Azərbaycan hökumətindəki mənbələrdən daxil olduğunu bildirib. İnformasiyaya görə, hələlik kreditlərin şərtləri ilə bağlı heç bir məlumat verilmir. “Financial Times” də həmin gün eyni iddialarla çıxış etdi.

Nazir: “Borc alınmayacaq”

Məlumat Azərbaycan mediasının gündəminə daşındı. Çoxmənalı suallar yaradan müzakirələrə münasibət əvvəlcə yanvarın 28-də Azərbaycanın maliyyə naziri Samir Şərifovdan gəldi. S.Şərifov hökumətin beynəlxalq maliyyə təşkilatlarından borc vəsait cəlb etmək niyyətində olmadığını dedi. Nazir dövlətin kifayət qədər maliyyə resurslarına malik olduğunu bildirib: “4 milyard dollar məbləğində kreditin alınması barədə söhbət yoxdur. Beynəlxalq maliyyə qurumları Azərbaycanın valyuta ehtiyatlarının kifayət qədər yüksək olduğunu qeyd edib. Vəziyyət o qədər də acınacaqlı deyil ki, kimdənsə borc alaq”.

Komitə sədri: “Danışıqlar aparılır”

Yanvarın 29-da Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirdi ki, Azərbaycan BVF və Dünya Bankından 4 milyard dollar həcmində kredit cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökumətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.

Komitə sədrinin müavini: “Danışıqlar aparılır”

Yanvarın 29-da isə Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev də növbəti dəfə Azərbaycanın Dünya Bankından 4 milyard kredit alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi. S.Mehdiyev Azərbaycanın BVF və Dünya Bankından 4 milyard dollar həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq etdi.

Prezident: “Mətbuatda gedən yazılar yalandır”

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə etdiyi çıxışda isə bildirdi ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır.

Dövlətə qarşı sabotaj var?

Ekspertlərin qənaətinə görə, məsələyə hökumət yetkililərindən birmənalı olmayan münasibət onu göstərir ki, oliqarxlar dövlətə qarşı sabotaja əl atırlar. Rəhbərlikdə təmsil olunan şəxslərin eyni mövqeni paylaşmamaları da buradan doğan problemdir. Hesab olunur ki, yaranmış maliyyə böhranında şəxsi maraqlarını qorumağa çalışan bir sıra oliqarx şəxsi maliyyə itkilərinə məruz qalmamaq naminə hakimiyyətin yüksək ranqlı məmurlarını xaricdən borc almağa məcbur etmək üçün hərəkətə keçiblər. Mütəxəssislər isə Azərbaycanın xarici borca girməsini məqbul hesab etmirlər. İqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, aparılan danışıqlar uğurla başa çatarsa, bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər: “ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər”.

“Hökumət daxilində intriqalar var”

REAL Hərəkatının icra-katibi, iqtisadçı Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında hökumətin uzun müddətdir 4 milyard dollar həcmində kreditin alınması üçün danışıqlar apardığını bildirib. N.Cəfərlinin sözlərinə görə, BVF və Dünya Bankı öz strategiyalarına uyğun olaraq, müəyyən şərtlər - struktur islahatları çərçivəsində kredit verəcəyini bildirir: “Azərbaycanın valyutaya ehtiyacı var. Alınacaq kredit müəyyən problemlərin həllinə kömək ola bilər. Digər tərəfdən də, bu kreditləri almaq üçün ciddi struktur islahatları lazımdır. Hökumətin hansı yolu seçəcəyini əvvəldən demək çətindir”.

Hökumət yetkililəri arasında olan fikir ayrılığına gəlincə, Natiq Cəfərli hesab edir ki, bu kimi məsələlər birinci dəfə deyil ortaya çıxır. “Son dövrlərdə tez-tez bu cür hadisələrin şahidi oluruq. Bu da onu göstərir ki, hökumət daxilində islahat apara biləcək bir qrup formalaşmayıb. Buna görə də bir məsələyə eyni münasibət sərgilənmir. Görünür ki, hərə öz sahəsində maraq qruplarına uyğun olmayan insanları “vurmaqla” məşğuldur. Onlar açıq və gizli rəqabətlə məşğuldurlar. Ölkəni düşdüyü çətin vəziyyətdən çıxarmalı olan hökumət daxilindəki intriqalarla məşğuldur”.

Mənsur





Həftənin ən çox oxunanları