Yuxarı

İranın ikili siyasəti

İranın ikili siyasəti

Tehran Rusiya - OPEC danışıqlarını pozmağa çalışır

Qabil Hüseynli: “Neftin baha, yoxsa ucuz olması onları o qədər də maraqlandırmır”

Neft İxrac edən Ölkələrin (OPEC) martın 20-də Moskvada gözlənilən görüşü baş tutmaya bilər. Rusiya mətbuatı görüşün təxirə salınacağına dair məlumatlar yayıb. Buna səbəb İranın mövqeyidir ki, rəsmi Tehran hələ də görüşə razılıq verməyib. Hasilatın yanvar ayı həddində dondurulması barədə razılığa qoşulduğunu hələ də bəyan etməyən İranın bu mövqeyi ucabatından görüşün baş tutmaması ehtimalı da getdikcə artır.

Tehranın ikili standartı nəyə hesablanıb?

Görüşdə OPEC-in gündəlik neft hasilatını azaltması məsələsi müzakirə olunmalıdır. Əgər bu toplantı baş tutsa, ekspertlərin qənaətinə görə, tərəflər kvotanın azaldılması barədə razılaşacaqlar ki, bu da dünya bazarlarında “qara qızıl”ın qiymətlərinin qalxmasına səbəb olacaq. Son günlər də hasilatın yanvar ayı həddində dondurulması barədə bəzi ölkələrin razılıq əldə etməsi dünya bazarında neftin qiymətinin artmasna səbəb olub. OPEC əsas iştirakçılarından biri İranın birmənalı olmayan mövqe nümayişi isə, neftin bahalaşma trendinin qarşısına əngəllər çıxarır. İranın bu görüşə razılıq verməsi o fonda baş verir ki, rəsmi Tehran Şimali İraq Kürd Muxtariyyətinə bölgənin neft ehtiyalarının İran üzərindən dünya bazarlarına çıxarılması təklifini edir. Moskva görüşünün baş tutmaması və 1 milyon barelə yaxın kürd neftinin bazarlara çıxarılması ehtimalları “qara qızıl”ın qiymətlərini yenidən aşağı çəkə bilər. Bu nöqteyi-nəzərdən gəlirlərinin əsas hissəsinin neftdən əldə etdiyini nəzərə alsaq, İranın bu oyunu birmənalı deyil və ikilidir. Çünki iqtisadi problemlərin qlobal xarakter aldığı vaxt qiymətlərin daha baha olması İrana sərf edir, nəinki ən son həddə qədər ucuzlaşma trendi.

Amerikansayağı gediş

İranın son iki gedişinin arxasında siyasi məqsədlər var. Kürd neftinin İran üzərindən bazara çıxarılması cəhdi Türkiyəyə yönəlikdirsə, Moskva görüşünə əngəl olmaqsa ABŞ-ın da iştirak etdiyi yeni oyunda Rusiyaya qarşı oynamaqdır. Yəni İran Şimali İraq Kürd Muxtariyyətinin Türkiyə ilə son günlər olan gərgin münasibətlərindən istifadə edərək, bunu Ankaranın Ərbillə əlaqələrini qırmaqla daha da dərinə çəkmək istəyir. Məlumdur ki, kürd bölgəsindən ixrac edilən neft Türkiyənin Ceyhan limanı vasitəsilə bazara çıxarılırdı. Lakin fevral ayının ortalarından tərəflər arasında yaranmış narazılıq bu əməkdaşlığı müvəqqəti olaraq dayandırıb. İran da bundan istifadə edərək, Ərbilə öz təklifini verib. Paralel olaraq, Moskva görüşünə əngəl olmaqsa, neft qiymətlərinin aşağı trendinin ABŞ-ın maraqlarına uyğunluğuna dəstəkdir. Məlumdur ki, neft bazarlarda ucuzlaşmağa başlayandan Rusiya bundan külli miqdarda valyuta ehtiyatı itirib. “Qara qızıl”ın baha qiymətləri bu baxımdan Rusiyanın maraqlarına daha uyğundur. Yəni nüvə anlaşmasından sonra Rusiya ilə münasibətləri xeyli gərginləşən İran mövqe dəyişir. Daha güclü müttəfiq arxasında işlərini sağlama alıb, Vaşinqton tərəfindən verilən bölgədə söz sahibi olmaq vədini dəyərləndirməyə çalışır. İran açıq formada ABŞ kimi oynamağa başlayıb. Digər tərəfdən, İrana qarşı Qərbdən olan sanksiyalar aradan qaldırılıb və bu ölkə bir neçə il idi ki, bu embarqolara görə, enerji resurslarını sata bilmirdi. Bu baxımdan indiki halda qiymətlərin hansı həddə olub, olmaması da Tehranı maraqlandırmaya bilər. Çünki İran bu vəziyyətdə qazanan tərəfdir. Aşağı hədd İrana həm də ona görə lazımdır ki, bu ölkəni neft asılılığından xilas edə bilər. Sanksiyalar dönəmində bu yöndə müəyyən işlər də görülüb.

“İran yeni bazarlar axtarışındadır”

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə İranın bu gedişlərinin birmənalı olmadığını deyib. Lakin Q.Hüseynli İranın kürd neftini öz üzərindən dünyaya çıxaracağı barədə yayılan məlumatların dəqiqliyinə də inanmadığını bildirib: “İranın kürd neftini öz üzərindən bazarlara çıxarmaq istəməsi inandırıcı gəlmir. Çünki kürdlər İranın əleyhinə hərəkət edirlər. Bu olduqca ziddiyyətli məsələdir. Heç vaxt İran kürdlərlə bu razılaşmaya getməz, yəqin ki, məlumat dəqiq deyil. İran kürd neftini öz üzərindən necə bazara çıxara bilər? Türkiyənin Ceyhan limanı Şimali İraqa daha yaxındır.

OPEC - Rusiya görüşünə əngəl olmağa gəlincə, görünür ki, neftin qiymətinin baha, yoxsa ucuz olması İranı o qədər də maraqlandırmır. İran bu gün əsasən, yeni bazarlara çıxmaq uğrunda mübarizə aparır. Bununla da neftin ucuzlaşmasına səbəb olur və bu niyyətdə də görünür”.

Mənsur





Həftənin ən çox oxunanları