Yuxarı

Ucuz dollar tələsi

Ucuz dollar tələsi

Fuad İbrahimov: “Yabanı prosesə aldanmayın”

Son günlər manatın ABŞ dollarına nisbətən məzənnəsi möhkəmlənməkdə davam edir.  Hətta martın 31-dən etbarən manatın kursu devalvasiyadan əvvəlki məzənnəyə yaxın olub. Məsələn, dünən Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank”da bir ABŞ dollarının alışı 1,4705 AZN, satış isə 1,575 AZN təşkil edib. “Unibank”da isə 1 ABŞ dollarının  alış qiyməti 1,4705, satış isə 1,5832 AZN  olub. Mərkəzi Bankın aprelin 4-ə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1,5094 manat səviyyəsində müəyyən olunub.

Hökumət manatın kursundakı sabitləşməni devalvasiyadan sonra yaranmış maliyyə problemlərinin aradan qalxması, neftin 40 dollara qədər bahalaşması və dolların ucuzlaşması ilə izah edir. Marja.az yazır ki, Azərbaycanda banklar bilərəkdən hərracdan dollar almayaraq və ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar. Bu barədə bank sektorundakı mənbə bildirib: “Banklar hərraca az sifariş təqdim etməklə qarşıdakı günlərdə külli miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdırlar. Dolları 1.60 əvəzinə 1,50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir”.

Mərkəzi Bankın məlumatına görə, yanvarın sonuna banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub. Artıq yeni şərtlərə görə, banklara 3%-dərəcəsindən yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfindən sığortalanmır. Milli valyutada, 12%-dək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklarda dollardakı vəsaitlərini çıxararaq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdıra bilər.

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanın valyuta bazarında dolların dəyərdən düşməsi süni prosesdir və müəyyən qədər də maxinasiya məqsədi daşıyır. Belə ki, ikinci devalvasiyadan sonra malik olduqları manat kütləsini dollara çevirən istehlakçılar indi ABŞ valyutasının ucuzlaşdığını görüb, əks addım atmalı ola bilər. Əslində, bu istiqamətdə məqsədyönlü təbliğat da aparılır. Dolların kütləvi şəkildə manata kanvertasiya edilməsindən bir müddət sonra ABŞ valyutasının sürətlə bahalaşacağına dair  informasiyalar var. Yəni  əhalidən ucuz məzənnə ilə külli miqdarda dollar alan banklar və onlara yiyəlik edən oliqarxlar sonda böyük həcmdə gəlir götürə bilər. Bu isə bank sektorunda əhaliyə qarşı növbəti oyunun qurulmasından xəbər verir.

İqtisadçı-alim Fuad İbrahimovun sözlərinə görə, son günlər dünya maliyyə birjalarında ABŞ dollarının digər valyuta cütlüklərinə nisbətdə cüzi ucuzlaşması prosesi gedir. Amma  bu prosesin manatın möhkəmlənməsinə heç bir aidiyyatı yoxdur: “Bu gün manatın məzənnəsinin 4-5 qəpik möhkəmlənməsinə gəlincə, yaxud ikinci devalvasiyada elan olunan məzənnədən aşağı qiymətə düşməsinə, düşünürəm ki, ilk növbədə, manat qıtlığı amilindən müsbət stimul kimi istifadə etmək istəyirlər. Manat qıtlığı yaratmaqla da dollara olan azalır və bu üsulla da Mərkəzi Bankın intervensiyasının qarşısı alınır. Yəni ki, Mərkəzi Bankın aylıq xərclərini azaltmaqla, valyuta ehtiyatlarının qorunmasında bir alət kimi istifadə edirlər.

Ancaq bunlar müvəqqəti haldır. Çünki manatın real dəyəri 2 manat 50 qəpik-2 manat 80 qəpik civarındadır. Ona görə də heç bir tədbir görülməsə, manatın obyektiv məzənnəsi yaxın vaxtlarda həmin həddə çatacaq. Dolların məzənnəsinin hazırda 1,45 qədər enməsi müvəqqəti haldır və dollar yenə də bahalaşacaq”.

Fuad İbrahimov bankların dolların məzənnəsini süni şəkildə aşağı salaraq külli miqdarda  valyuta toplaması barədə deyilənlərin həqiqətə uyğun olduğunu qeyd etdi. Ekspert ictimaiyyətə müraciət edərək, belə çaşdırıcı təbliğata inanmamağa çağırdı:

 “Bu, dünya maliyyə birjalarına və banklara xas olan psixoloji hərəkətlərdir. Belə riskli metodlardan istifadə olunur. Psixoloji cəhətdən zəif olan insanlar isə bu tora düşə bilər və gedib əlindəki dollar kütləsini yenidən manata çevirə bilər. Amma bir iqtisadçı kimi vətəndaş borcumdur ki, hazırkı vəziyyətdə insanlar əllərindəki xarici valyutanı - bu dollardır, avrodur, funt-sterlinqdir fərq etməz, aparıb manata çevirməsinlər. Onlar bu yabanı prosesdə aldana bilərlər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları