Yuxarı

Dollar kreditləri bağışlanır

Dollar kreditləri bağışlanır

Vüqar Bayramov: “Devalvasiyadan sonra əmək haqqları artırılmalı idi”

Milli Məclis dollar kreditləri ilə bağlı yeni təklif hazırlayıb. Təklif əhalinin banklara olan min dollara qədər borclarının silinməsini nəzərdə tutur. Bundan yuxarı məbləğlər üçün isə kredit yükünü azaldacaq tədbirlər planı hazırlanır. Təklifdə xarici valyutada kredit götürən şəxslərin vəziyyətini yaxşılaşdıracaq yeni mexanizmin tətbiqi, həmçinin, 5 mindən yuxarı dollarla olan kreditlərə güzəştlərin edilməsi nəzərdə tutulur. Bu kreditlər üçün orta məzənnənin tətbiq edilməsi, onların manata çevrilməsi və ya Amerika Birləşmiş Ştatları valyutasına nisbətən məzənnəsinin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilir.

Məzənnənin isə 1.2 və ya 1.25 AZN səviyyəsində hesablanması təklif olunur. Ekspertlər bildirirlər ki, bunu yalnız bankın öhdəsinə buraxmaq olmaz. Qeyd edək ki, yaxın vaxtlarda təklifin aidiyyəti orqanlara təqdim ediləcəyi gözlənilir. Hesab olunur ki, bu addım əhalinin borcunu azaldacaq, həm problemli kreditlərin səviyyəsini aşağı salacaq, həm də vətəndaşın nağd pul kütləsini əlində saxlamasına imkan verəcək.

“Cümhuriyət”ə şərhində iqtisadçı-alim Vüqar Bayramov bu layihənin reallaşacağını proqnozlaşdırmağın çox çətin olduğunu bildirib. O, dollar kreditlərinə dövlət tərəfindən kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb:

“Burda Banklardan çox bu təklifə dövlətin münasibətinin necə olması önəmlidir. Əgər bu layihə tətbiq olunarsa, o zaman dövlət kompensasiya ödəməlidir. Kredit bağlanacaqsa, o zaman Maliyyə Bazarına Nəzarət Palatası və ya Mərkəzi Bank tərəfindən banka həmin vəsait ödənilir ki, bank krediti bağışlaya bilsin. Bu layihənin tətbiq edilib edilməyəcəyini proqnazlaşdırmaq çox çətindir. Çünki bununla bağlı Mərkəzi Bankda müzakirələr olub və hətta Mərkəzi Bank 5000 dollara qədər olan kreditlərin 1.05 məzənnə ilə qaytarılması üçün işlər aparılması ilə bağlı açıqlama yayıb. Sonra isə Mərkəzi Bankdan bildirilib ki, bu maliyyə intizamını poza bilər.

Və nəticədə nə qədər qəribə görünsə də, bundan imtina olundu. Amma reallıq bundan bundan ibarətdir ki, dollarla olan kreditlərə güzəşt və ya kompensasiya ödənilməlidir. Əgər 1 il yarım öncə 10.000 dollar kredit götürən şəxsin manatla məbləği 7800 manat idisə hal-hazırda əsas məbləğ 15.000 manat olub. Faizləri də hesabladıqda bu məbləğ 20.000 manatdan artıqdırsa, praktik olaraq həmin kreditin qaytarılması nəinki çətindir hətta əksər hallarda real deyil. Ona görə də dövlət müdaxilə edərək hökmən kompensasiya ödəməlidir. Devalvasiyadan sonra yaranan əlavə xərcin dövlət tərəfindən ödənilməsinə və ya kompensasiya edilməsinə ehtiyac var”.

Ekspert bildirib ki, dövlət kompensasiyanı əsasən istehlak kreditlərinə tətbiq etməlidir:

“Mən əslində, onun tərəfdarıyam ki, kompensasiya verilən zaman kreditin məbləğindən daha çox istehlak və real kreditlərə ayırmalar olsun. Əgər istehlak kreditidirsə devalvasiya fərqi mütləq kompensasiya edilməlidir. Vətəndaş kredit götürüb və müalicə olunub. İndiki əmək haqqı isə həmin kreditin qaytarılmasına imkan vermir. Buna görə bu cür kreditlər kompensasiya olunmalıdır. Çünki vətəndaş hesablayırdı ki, əgər devalvasiya olmasaydı həmin krediti mövcud maaşı ilə qaytara biləcək. Ancaq devalvasiya baş verdi, kreditin məbləği çoxaldı və artıq o kreditin qaytarılması mümkün deyil. Real sektora verilən kreditlərdə isə məbləğin sürüşdürülməsi mümkündür. Bu halda kreditin 1 hissəsi sahibkarın, 1 hissəsi bankın və bir hissəsi də dövlətin üzərinə düşməlidir. Yəni real kreditləri 3 tərəfli bölgü ilə həll etmək mümkündür. Amma istehlak kreditlərində bunun edilməsi arzuedilən deyil. Bu növ kreditlərdə yaranan əlavə xərc yalnız dövlət tərəfindən qarşılanmalıdır ki, vətəndaş əvvəlki məzənnə ilə borcunu qaytara bilsin”.

V.Bayramov dollar kreditlərinin həll edilməsi üçün digər bir yol kimi, maaş arımını və devalvasiyadan sonra yaranan fərqin kompensasiya edilməsini vacib sayıb:

“Devalvasiyaya uyğun maaşları artıranda dövriyyədə olan pulun həcmi artar və nəticədə daha çox inflyasiya yarana bilər. Bu da vətəndaşların xərcinin artmasına səbəb ola bilər. Maaş artımı olmalıdır. Mən təklif edirdim ki, ikinci devalvasiyadan sonra 30 faiz əmək haqqı artımı olsun. Bu halda yaranan fərqi aradan qaldırmaq mümkün idi. Əgər bir tərəfdən 30 faiz əmək haqqı artımı baş versə, bu şərait yaradacaq ki, həm vətəndaşın gəlirləri artsın və həm də dövrüyəyə daxil olan pulun həcmi artmasın. Digər tərəfdən də, kompensasiya verildikdə kreditlərin qaytarılmasında heç bir problem olmayacaq. Çünki həm vətəndaşın gəlirləri artır, həm də devalvasiyadan yaranan fərq dövlət tərəfindən kompensasya edilir. Bu da imkan verir ki, vətəndaş əvvəlki məzənnə ilə krediti ödəyə bilsin. Ona görə təklif edtiyimiz kimi, 30 faiz əmək haqqı artımı və dövlət tərəfindən kompensasiya problemli kreditlərin həcminin azalması üçün bilavasitə yardımçı ola bilər”.

Vilayət Muxtar