Yuxarı

Təhlükə: Manat azalır

Təhlükə: Manat azalır

Natiq Cəfərli: “Üzən məzənnə rejimi yoxdur”

“Amerika dollarının məzənnəsinin müəyyən intervalda oynaması, heç də dolların məzənnəsinin aşağı düşməsi deyil”.

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı – ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, gündəlik məzənnənin qəpiyin 0,1 qədər düşməsi KİV tərəfindən elə təqdim olunur ki, sanki ciddi bir məzənnə dəyişikliyi olub. Bu isə cəmiyyətdə psixoloji təsir yaradır. Ekspert hesab edir ki, bunun əsas səbəblərindən biri manat kütləsinin azalmasıdır. Yəni, ölkədə manatın dövriyyəsi iki dəfədən aşağı düşüb. Azərbaycan Mərkəzi Bankı (AMB) və hökümət bilərəkdən belə bir addım atdı ki, dollara olan basqıları azaltsın. Buna müəyyən dərəcədə nail olunsa da, ümumi makroiqtisadi göstəricilərə ağır zərbə vurdu. Yəni, iqtisadi aktivlik azaldı, ümumdaxili məhsul birinci rübdə 3,5% aşağı düşdü və çox kəskin xarici ticarətdə və ticarət dövriyyəsində azalmalar var.

“Məzənnənin sabitləşməsi iqtisadiyyata neqativ təsirlərini göstərməyə başlayır. İqtisadi aktivliyin azalması insanların gəlirlərinə mənfi təsir göstərir. Bu da uzun müddət belə davam edə bilməyəcək. Bunun ilkin səbəbi qlobal makroiqtisadi, digər səbəbi isə psixoloji basqı ilə əhalinin əlində olan dolların bir hissəsinin getdikcə dəyişməsi, təşviq olunması prosesidir. Ölkənin xarici ticarət balansına baxanda görürük ki, idxaldan ciddi asılılıq var. Ölkədə idxaldan asılılıq o qədər yüksək həddədir ki, istər istəməz ölkədən valyuta çıxışı baş verməlidir. Ölkənin tələbəbatını ödəmək mümkün deyil. Hətta bəzi sahələrdə asılılıq 100%-dir. Məsələn, dərman, geyim, elektro texniki sahələr, tikinti materiallarının bəziləri və s. asılılıq 100%-dir.

Azərbaycanda üzən məzənnə rejimi yoxdur. Məzənnə iqtisadi kateqoriya deyil və iqtisadi vəziyyətə görə müəyyənləşdirilmir. Məzənnə ilk gündən necə inzibati qaydada müəyyənləşirdisə, bu gündə inzibati qaydada müəyyənləşdirilir və AMB-nin üzən məzənnə ilə bağlı dediklərinin heç bir əasası yoxdur. Sadəcə makroiqtisadi vəziyyətin stabilləşməsi ilə bağlı görüntünün yaradılması və əhalidə olan valyutanın dəyişilməsi ilə əlaqədardır”, - deyə N.Cəfərli bildirib.

N.Cəfərli həmçinin qeyd edib ki, ticari dövriyyənin və iqtisadi aktivliyin azalması hesabına, hökümət və AMB məzənnəni indiki səviyyədə saxlaya bilirlər. Bu isə orta və uzunmüddətli iqtisadiyyata daha böyük zərbə vuracaq və daha böyük problemlər yaradacaq.

Odər Qəni