Yuxarı

Azərbaycanın 60 milyard alacağı var

Azərbaycanın 60 milyard alacağı var

Tahir Kərimli: “Krım məsələsini nümunə götürmək lazımdır”

Rasim Musabəyov: “Ermənistan borc içində boğulur”

Cümşüd Nuriyev: “Azərbaycan kimi məhkəməyə verəcək, bu məsələdə boşluq var”

Ukrayna Rusiyadan Krımı işğal etməsinə görə, alacağı təzminatın həcmini açıqlayıb. Ukraynanın “Hüququn Gücü” Vətəndaş Hərəkatının rəhbəri Andrey Sençenko Rusiyadan buna görə, 1 trilyon qrivna (37 milyard dollar) tələb edəcəklərini bildirib. “Bu, təkcə Krımın işğalı üçün tələb olunan təzminatdır. Həqiqi zərərin məbləği daha böyükdür. Məsələn, İraq - Küveyt müharibəsindən sonra Küveyt 7 ay işğalda qaldı.

Buna görə, İraqdan 450 milyard dollar tələb etdi. İraq isə təxminən 140 milyard ödəyəcəyini qəbul etdi. Bu vaxta qədər, İraq Küveytə 40 milyard dollar ödəyib. Krım isə 2 ildən çoxdur işğal altındadır. Yarımadanın əsas iqtisadi və mədən sektorları da işğalçının nəzarətindədir. Buna görə də, Rusiyanın ödəyəcəyi təzminat daha böyük olacaq”.

Azərbaycan da Ermənistandan təzminat tələb etməlidir

Ukraynanın Rusiya qarşısında qaldırdığı bu məsələni, Azərbaycan da indiki mərhələdə Ermənistan üçün etməlidir. 1994-cü ildən danışıqlar mərhələsinə girən Dağlıq Qarabağ münaqişəsinin vurduğu ziyana görə, dəfələrlə Azərbaycan təzminat məsələsini beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan qarşısında qaldırıb. Hesab olunur ki, Azərbaycanın danışıqları öz maraqları çərçivəsində həlli üçün təzminat məsələsini də gündəliyə salmalıdır. Bu, Ermənistanın Dağlıq Qarabağı öz tərkibinə qatması üçün etdiyi təkidləri qırmaq üçün lazımdır. Azərbaycan bunu münaqişə həllini tapmadan aktuallaşdırsa, Ermənistanı uzaq hədəflərindən yayındıra və geri addım atmağa məcbur edə bilər. Azərbaycanın buna haqqı çatır. Çünki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın suverenliyində qəbul olunub. Danışıqların həssas mərhələyə girdiyi və münaqişənin həllə yaxın olduğu bir vaxt təzminat məsələsinin aktuallaşdırılması da Azərbaycanın işğalçı qarşısındakı iradəsini göstərəcək.

Çıraqovlar nümunəsi

İşğal olunmuş Laçın rayonundan olan Çıraqovlar ailəsi Ermənistan rəhbərliyini məhkəməyə verdi. Çıraqovlar Avropa İnsan Haqları Məhkəməsi qarşısında o məsələni qaldırdı ki, Ermənistanın işğalı nəticəsində öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. 10 illik mübarizədən sonra həm Çıraqovlar qalib gəldi, həm də AİHM Ermənistanı Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf kimi qeydə aldı. Hesab olunur ki, laçınlı ailənin addımı presedent olmalıdır. Bu da Ermənistanın işğalçı kimi beynəlxalq səviyyədə ifşası və təzminat ödəməyə məcbur etməyin bir üsulu sayıla bilər.

Azərbaycana dəyən ziyanın həcmi

İşğal nəticəsində Azərbaycana aid uzunluğu 25 min km olan avtomobil yolu, uzunluğu 3984 m olan 160 körpü, 14.5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılıb. Həmçinin işgal edilmiş bölgələrdə 140 min şagirdin oxuduğu 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək maarif qurumu məhv edilib. 700 səhiyyə ocağı, 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılıb. Təkcə səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 2 milyard dollara yaxındır.

Ermənistan nə qədər ödəməlidir?

Azərbaycana aid 903 dövlət qeydiyyatında olan, 1500 Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələri, minlərcə əsərin qorunduğu 26 muzey, 8 rəsm sərgisi, 4.6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib. Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki “Dairəvi Məbəd” (1356-1357-ci illər) və “Türbə”-nin (XIV əsr) aqibəti məlum deyil. Müharibə nəticəsində Azərbaycana 30 milyard dollara yaxın ziyan dəyib. Lakin, meşə zolaqlarının yandırılması, nadir bitki və heyvanların məhv edilməsi, mədən sənayesi, mineral bulaqların dağıdılması və istismarı, digər iqtisadi, dağ-mədən sektorlarını da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, işğal nəticəsində Azərbaycana dəymiş zərərin məbləği 100 milyard dollardan çoxdur. Azərbaycanın həmin sahələrdən uzun illərdir gəlirlər əldə edə bilmədiyini də nəzərə alan mütəxəssislər, Azərbaycanın tələb edəcəyi təzminatın yoxsulluq içində üzən Ermənistanın üzünü qızardacağını deyirlər. Çünki, münaqişənin ortaya çıxardığı digər nəticələrə (Ermənistandan azərbaycanlıların zorakı deportasiyası, Sumqayıt hadisələri, Xocalı soyqırımı, həlak olmuş 30 min insan və s.) görə də, Ermənistandan təzminat tələb olunmalıdır.

“Azərbaycan bu məsələni sənəd formasına salmalıdır”

Millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə bildirib ki, bu məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb. T.Kərimlinin sözlərinə görə, sədri millət vəkili Xanhüseyn Kazımlı olan bu komissiyaya həm icra, həm də qanunverici orqanlardan xeyli sayda insanlar daxil edilib:

“Onlar müxtəlif rəqəmlər hesablayıblar. Təxminən bəzi rəqəmlərə görə, 60 milyard dollara yaxın ziyan dəyib. Bununla yanaşı, aşağı və yuxarı rəqəmlər də səsləndirilir. Amma, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın həcmi olduqca böyükdür. İşğalda çoxlu sayda ağac növləri, qızıl yataqları, meşə zolaqları, mineral su yataqları, evlər və iqtisadi infrastrukturlar məhv edilib, ələ keçirilib. Bəzi hallarda bu məsələ beynəlxalq görüşlərdə səsləndirilir, Qırmızı Xaş Komitəsi qarşısında da qaldırılıb. Ancaq, konkret sənəd ortaya qoyulmalıdır. Hesab edirəm ki, Krım məsələsini nümunə götürmək lazımdır. Bu məsələni aktuallaşdırıb, xüsusi bir maddə kimi danışıqlar prosesində sənəd formasında irəli sürülməlidir. Çünki, Ermənistan qondarma soyqırım məsələsində Türkiyənin qarşısında belə bir iddia qaldırıb. Analogiya var, indi də Ukrayna Krıma görə, Rusiyadan təzminat istəyir. Hesab edirəm ki, Azərbaycanın da bu məsələni aktuallaşdırması lazımdır”.

“Ermənistanın pulu var?”

Millət vəkili Rasim Musabəyov “Cümhuriyət”ə deyib ki, Ermənistandan dəymiş ziyana görə, təzminatın istənilməsi indiki mərhələnin məsələsi deyil. R.Musabəyovun sözlərinə görə, bu məsələ münaqişənin həllindən sonra gündəmə gətirilməlidir:

“Ortalıqda hələ ki, sülh müqaviləsi yoxdur, hansısa anlaşma imzalanmayıb. Münaqişə başa çatmayıb, ərazilərin qaytarılması məsələsi həllini tapmayıb. Bu problemlər həll olunmamış, təzminat məsələsinin ortaya atılmasının yeridir? İstənilən məsələni qaldırmaq mümkündür. Qaldırmaqla deyil axı, münaqişənin həllindən söhbət gedir. Haradan nəyi tələb edəcəksən? Ermənistan borc içində boğulur. Onun Azərbaycana 1 qəpik ödəmək imkanı var? Bu gün daha real məsələlərin müzakirəsi vacibdir, nəinki təzminat məsələsi. İctimai müzakirələr üçün hansısa təşəbbüsü irəli sürmək mümkündür, amma real danışıqların gündəliyində belə bir məsələ yoxdur”.

“Qaçqınlar kütləvi şəkildə məhkəməyə müraciət etməlidirlər”

Keçmiş Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini Cümşüd Nuriyev “Cümhuriyət”ə Azərbaycanın Ermənistanla danışıqlarda bu məsələni dəfələrlə qaldırdığını xatırladıb. C.Nuriyev bununla bağlı dəqiq hesablamanın da olduğunu deyib:

“Azərbaycan 1994-cü ildən dəymiş ziyanın hesablanmasına başlayıb. Hər il üçün ayrı hesablamalar aparılır. Təkcə dağıdılmış evlər nəzərə alınmır, hər il ordan Azərbaycanın müxtəlif sahələrdən (kənd təsərrüfatı, sənaye və s.) götürə biləcəyi gəlirlər də hesaba qatılır. Neçə ildir ki, Azərbaycan bu sahələrdən gəlirlər əldə edə bilmir, bu da əlavə zərərdir. Söhbət Ermənistanın Azərbaycana ödəyəcəyi milyardlarla dollardan söhbət gedir. Bir neçə dəfə Xarici İşlər Nazirliyi də bunu qaldırıb, prezidentin də dilindən səsləndirilib. Artıq bir neçə qaçqın ailəsi dəymiş ziyana görə, Ermənistanı beynəlxalq məhkəməyə verib. Bu kütləvi formada olmalıdır. Azərbaycan kimi məhkəməyə verməlidir? Ermənistan bundan rəsmən imtina edir, Dağlıq Qarabağı da məhkəməyə vermək olmur. Çünki, beynəlxalq hüquqda biz bu statusu Qarabağa qazandıra bilmərik. Əks halda biz avtomatik olaraq, Qarabağı tərəfi kimi tanıyırıq. Bu hissədə boşluq var, amma Azərbaycan bu məsələni qaldırıb”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları