Yuxarı

Dünya Bankından bədbin proqnoz

Dünya Bankından bədbin proqnoz

Uğursuz siyasət ölkəni dalana dirəyib

Ramil Osmanlı: “Neftin ucuzlaşması  iqtisadi vəziyyətə çox ciddi mənfi təsir göstərir”

Dünya Bankı Azərbaycanın 2016-cı ilə dair qlobal iqtisadi artım proqnozlarını aşağı salıb. Belə ki, Bank 2016-cı ildə Azərbaycan iqtisadiyyatının -1,9% azalacağını gözləyir. Dünya Bankının "Qlobal İqtisadi Gözləntilər Hesabatı"nın (GEP) İyun 2016 sayında bildirilir ki, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə 0,7%, 2018-ci ildə isə 1,3% artacaq. Əvvəlki hesabatda Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 1,2%, 2018-ci ildə isə 2,7% artacağı proqnozlaşdırılıb.

Həmçinin aprel ayının əvvəlində Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko bildirmişdi ki, Dünya Bankı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozunu dəyişə bilər. “Hazırda 2016-cı il üçün Azərbaycanla bağlı iqtisadi inkişaf proqnozunun 0,8% olmasına baxmayaraq, bu rəqəm dəyişə bilər. Bank sektorundakı aparılan konsolidasiya və neft qiymətlərinin aşağı düşəcəyi ilə bağlı gözləntilər ölkə üzrə iqtisadi proqnoza əhəmiyyətli dərəcədə təsir edən əsas amillərdir”, - deyə L.Leşçenko bildirib. Dünya Bankı həmçinin qeyd edib ki, 2013-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı zəifləyir. Belə ki, 2013-cü ildə 5,8%, 2014-cü ildə 2,8%, 2015-ci ildə isə 1,1% azalıb. İqtisadiyyatımızın bu formada zəifləməsi və proqnozlara görə daha da zəifləyəcəyi neft ölkəsi olaraq rüsvayçılıqdır. Başadüşüləndir ki, dünyada baş verən böhran, neft qiymətinin azalması, dolların valyutalara qarşı artması və s. kimi amillər Azərbaycandan da yan ötməyəcəkdi. Dünya Bankının Azərbaycan üçün göstərdiyi iqtisadi azalma və proqnozlar sübut edir ki, ölkəmiz yalnızca neft üzərində qurulub və sovet dönəmindən bu günə qeyri-neft sektorumuz gözlə görüləcək qədər inkişaf etməyib. Bakı şəhərinin gözəlləşdirilməsində atılan addımlar sırasında mərmərdən bardörlər, işıqlarla əhatə olunmuş şəhər, 5 ulduz otellərin, restoranların fəaliyyəti və s. kimi amillər qeyri-neft sektorunda ön sıralarda gedən turizm sahəsinə öz töhfəsini verməyib. Bəlkə də bu qədər görülən işlər turistləri ölkəmizə cəlb edə bilərdi, amma Azərbaycan Hava Yollarının (AZAL) uçuş qiymətlərini daha da yüksək tutması və bazara digər şirkətlərin girməsinə mane olması ölkəmizə turist axınının qarşısını alır. 3 il (2013 - 2016 -cı illər) ərzində iqtisadiyyatımızın 7,7% azalması uğursuz iqtisadi siyasətin nəticəsidir.

İqtisadçı - ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas hissəsini neft və neft məhsulları (neft-qaz) təşkil edir. Bildiyimiz kimi neftin qiyməti son iki ildə azalmaya doğru getdiyi üçün bankın bu kimi proqnoz verməsi normaldır.

Onun sözlərinə görə, Dünya Bankı ölkə iqtisadiyyatlarının mövcud vəziyyəti ilə proqnozlar əsasında qiymətləndirmə aparır. Makroiqtisadi baxımdan neftin qiymətinin azalması iqtisadi vəziyyətdə ölkəyə çox ciddi mənfi təsir göstərir. Ümumiyyətlə, neft-qaz sahəsində qaz ilə bağlı yeni layihə icrası var, amma neft istehsalı və ixracı ötən illərlə müqayisədə azalıb. Bu kimi amillər Dünya Bankının proqnozlarına mənfi təsir göstərir. Bununla yanaşı ölkə iqtisadiyyatının inkişafına təsir göstərən aqreqatlar var. Misal olaraq bank sahəsi Dünya Bankının proqnozlarına və ölkə inkişafına təsir göstərir ki, Azərbaycanda bank sahəsi stabil deyil. Buna görə də, proqnozlarda Azərbaycan iqtisadiyyatı mənfi qiymətləndirilib.

Ermənistan iqtisadiyyatı artacaq

Bununla yanaşı, Dünya Bankı Ermənistan iqtisadiyyatının 2018-ci ilə qədər artacağını proqnozlaşdırır. Belə ki, düşmən ölkənin 2013-cü ildə iqtisadiyyatı 3,3%, 2014-cü ildə 3,5%, 2015-ci ildə 3,0% olub, amma 2016-ci ilin proqnozuna görə ölkə iqtisadiyyatı 1,1% azalaraq 1,9% olacaq. Ermənistan iqtisadiyyatının cari il üçün azalacağını qeyd edən Dünya Bankının proqnozlarına görə, 2017-ci ildə 2,8%, 2018-ci ildə isə 2,9% artacaq. Qeyri-neft və neft sahəsi olmayan bir ölkənin iqtisadiyyatının artırılmış kimi göstərilməsi isə çox təəccüb doğurur.

Türkiyə iqtisadiyyatını “vuran” Suriya

Dünya Bankının Türkiyə üçün bu günə qədər olan və cari ildən etibarən göstərdiyi iqtisadi proqnozlarda isə cari il ilə müqayisədə artım kimi bildirilib. Belə ki, qardaş ölkə Türkiyənin 2013-cü ildə 4,2%, 2014-cü ildə 3,0%, 2015-ci ildə 4,0% olub, amma 2016-cı ilin proqnozlarına görə ölkə iqtisadiyyatı 0,5% azalaraq 3,5% olacaq. Türkiyə iqtisadiyyatının cari il üçün azalacağını proqnozlaşdıran Dünya Bankı 2018 -ci ilə qədər sözügedən ölkənin iqtisadi vəzziyətində ciddi olmasa belə artım müşahidə olunacağını proqnozlaşdırır. Belə ki, 2017 -ci ilin 2016-cı il ilə müqayisədə sabit qalacağını (3,5%), amma 2018 -ci ildə 0,1% arataraq 3,6% olacağını proqnozlaşdırıb. Təbii ki, Türkiyə iqtisadiyyatında müşahidə olunacaq azalma Suriya döyüşlərinə görə olması istisna edilmir.

Rusiya üçün müsbət nəticə

Rusiyaya qarşı Qərbin sanksiyaları sözügedən ölkənin iqtisadiyyatını tamam iflic vəziyyətə salıb. Belə ki, Dünya Bankının Rusiyaya cari il üçün ölkə iqtisadiyyatının -1,2% olacağını bildirib. Bununla yanaşı, Dünya Bankının Rusiya iqtisadiyyatının 2013-cü ildə 1,3%, 2014 -cü ildə 0,7%, 2015-ci ildə isə -3,7% olduğunu bildirib. Rusiya iqtisadiyyatının cari il üçün ötən ilə nisbətdə 2,5% artaraq -1,2% olacağını proqnozlaşdıran Dünya Bankı 2017 -ci ildə müsbətə doğru artaraq 1,4% olacağını, 2018 -ci ildə isə ölkə iqtisadiyyatının 1,8% olacağının bildirib. Təbii ki, burada Böyük Britaniya krallığının Avropa Birliyindən (AB) çıxması ilə Rusiyanın üzərində olan sanksiyaların aradan qaxlacağı yaxud Rusiyanın yeraltı və yerüstü sərvətlərinin ixracının artırılması proqnozlaşdırılıb. Ramil Osmanlı həmçinin bildirib ki, Rusiya dünyanın təbii ehtiyatlarına görə ən zəngin ölkəsidir. Burada sözügedən ölkənin neftdən başqa digər təbii ehtiyatları var ki, onların dünya bazarındakı qiyməti enmək əvəzinə artır. Misal olaraq Rusiyanın MDB ölkələrinə ixrac etdiyi ağac məmulatları, daş kömür və s. kimi təbii ehtiyatları dünya bazarında artır. Eyni zamanda Rusiya ixracatında neftdən kənar məhsulların həcmi çoxdur. Buna görə də, 2017 və 2018 -ci il üçün Rusiya iqtisadiyyatının Dünya Bankı tərəfindən artması proqnozlaşdırılıb.

Gürcüstanda bank sektoru sabitdir

Sadalanan ölkələr sırasında isə ən yüksən iqtisadi vəziyyət qonşu ölkə olan Gücüstan üçün proqnozlaşdırılıb. Belə ki, Dünya Bankının Gürcustan üçün iqtisadi vəziyyətin cari il zəifləməsini göstərsə də, 2018 -ci ilə qədər son 5 ilin ən yüksək göstəricisini göstərib. Belə ki, Gürcüstanın 2013-cü ildə iqtisadiyyatı 3,4%, 2014-cü ildə 4,6%, 2015-ci ildə ildə isə ötən illə müqayisədə 1,8% azalaraq 2,8% olduğunu bildirib. Bank həmçinin proqnozlaşdırıb ki, cari ildə Gürcüstanın iqtisadi vəziyyəti 0,2% arataraq 3,0% olacaq. Bununla yanaşı, 2017- 2018 -ci illərdə 0,5% artacaq. Belə ki, 2017-ci ildə 0,5% artaraq 4,5%, 2018 -ci ildə də 0,5% artaraq 5,0% olacaq. Bu isə Dünya Bankının Gürcüstanda makroiqtisadiyyatla yanaşı, ölkədə bank sahəsinin də stabil olacağını proqnozlaşdırır.

Odər Qəni

 





Həftənin ən çox oxunanları