Yuxarı

Nazirlik vergidən yayınanları himayə edir

Nazirlik vergidən yayınanları himayə edir

Hafiz Babalı: “Satılan mal və xidmətlər mühasibatlıqda əks olunmur”

Vergilər Nazirliyi şou-biznes nümayəndələrinin vergidən yayınmasına şərait yaratması barədə məlumat yeni deyil. Bununla yanaşı, sözügedən nazirlik bəzi şirkətlərin də vergidən yayındığını açıqlayıb. Belə ki, Vergilər Nazirliyi 2014-cü ildə Azərbaycanda vergiləri ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.

Həmin şirkətlər arasında “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" və digər şirkətlər var. Bununla yanaşı, ümumilikdə siyahıda 197 hüquqi və fiziki şəxs yer alıb.

Bundan sonra isə 2015-ci ildə nazirlik yenidən vergidən yayınanların siyahısını açıqlayarkən dövlət şirkətlərinə diqqətləri cəlb edib. Daha çox dövlət şirkətlərini hədəf alan nazirlik sözügedən müəssisələrin vergidən yayınması faktını açıqladı.

Həmin şirkətlər arasında “Azərenerji” ASC-nin “Gəncə regional elektrik şəbəkəsi” MMC, “Azərsu" ASC-nin "Birləşmişsukanal” MMC və “Sutikinti” müəssisəsi, "Doppelmayr Seilbahnen GmbH" kanat yollarının tikintisi şirkətinin filialı, "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" müəssisəsi, "Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var. Bunlarla yanaşı, ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. 2015-ci ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.

2014 və 2015 -ci ildə “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyinin iki il davamlı olaraq vergidən yayınması diqqətləri cəlb etdi. Həmçinin 208 hüquqi və fiziki şəxslərin ötən illə müqayisədə sayı artıb. Yəni, il ötdükcə vergidən yayınanların sayı artır. Bu kimi şirkətlərin vergidən yayınması ölkə büdcəsinin artımına mane olur. Ölkə büdcəsinin artmaması isə ölkə iqtisadiyyatının və gələcəyə dair planların təxirə salınmasına gətirib çıxarır.

“Nazirlik əməkdaşları qısa zamanda varlanır”

Ekspert Hafiz Babalı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, xərclərin şişirdilməsi, gəlirlərin gizlədilməsi və müxtəlif üsullarla  vergidən yayınmaq mümkündür.

Onun sözlərinə görə, neft şirkətləri investisiya xərclərinin şişirdilməsi şəklində ola bilər ki, ayırmalar hesabına gəlirdən tutulan vergi bazası azaldılır. Ticarət xidmət sektorunda əsasən gəlirin gizlədilməsi formasında baş verir. Misal olaraq satılan mal və xidmətlər mühasibatlıqda əks olunmur. Nəqliyyat müəssisələrində göstərilən xidmətlərin həcmi azaldılır. Yəni, nəqliyyat vasitəsi xidmət göstərir və xidmətlə bağlı əldə etdiyi vəsait mühasibatlıqdan yayındırılır. Bu tipli hallar fəqlidir və bunun standart bir həlli yoxdur. H.Babalı həmçinin qeyd edib ki, subyektiv məsələləri də gözdən qaçırmaq olmaz. Nazirlikdə ııııçalışan bir çox şəxsləri göstərmək mümkündür ki, onların gəlirləri və mövcud yaşayış tərzi arasında çox diametral fəqlilik var. Hətta az bir müddətdə nazirlikdə çalışmış şəxsin bahalı mənzil, avtomobil, kommersiya obyektinə və əmlakına sahib olur. Azərbaycan kiçik bir ölkədir, bunu hamı bilir və giszlətməyə ehtiyac yoxdur. Belə ki, dövlət qulluqçularının aşağı həcmdə maaş aldıqları hər kəsə məlumdur.

“Dondurma müsəssisələri vergidən yayınmaq üçün, vergi işçiləri ilə dil taparaq çox yüksək həcmdə olan istehsal həcmlərininin dövriyyəsini gizlədirlər. Hər il 500 ton dondurma istehsalı göstərilir. Bu, Azərbaycanda aylıq istehsal norması qədər göstərilir. Bunu sadə vətəndaşlar görməsə də, nazirliyin əməkdaşları bunu görür və bundan şəxsi varlanmaları üçün istifadə edirlər. Bundan başqa boya sənayesində ildə 4-5 min ton boya istehsal edildiyi göstərilir. Halbuki əhalinin istehlakı bunun 10 qatı həcmindədir” -deyə H.Babalı əlavə edib.

Araşdırma apardığını deyən Hafiz Bablı bildirir ki,  Azərbaycandan Gürcüstana gips ixrac olunur. Buradan göndərilərkən gömrük məlumatlarında  göstərilən qiymətlərlə Gürcüstanın rəsmi gömrük orqanı və statistika komitəinin açıqladığı məlumatlar arasında 10 dəfə fərq var ki, bu da çox ciddi rəqəmdir.  Belə ki, Azərbaycanda 10 dollar olaraq göstərilən malın Gürcüstanda 100 dollara olduğu bildirilir. Misal olaraq Azərbaycandan göndərilərkən malın 10 dollar qiymətində satıldığını, Gürcüstandan malı qəbul edən şəxs isə 100 dollardan daha baha aldığını bildirir. Dolayısı ilə bu, vergidən yayınma vasitəsidir. Bu tipli şeylər Azərbaycan iqtisadiyyatında geniş yayılıb. Vergilər Nazirliyinin əməkdaşları da bunları görür və müəyyən şəxslər buna göz yumur. Təbii ki, zaman keçdikcə miqyas daralır. Xüsusilə də dövlət büdcəsi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sözügedən nazirlik müəyyən işlər görür, amma yenə də bu sahədə çatışmazlıqlar, nöqsanlar və potensial çox böyükdür.

Odər Qəni