Yuxarı

Hökumətdən banklara qadağa

Hökumətdən banklara qadağa

Natiq Cəfərli: “Bu qərar iqtisadiyyatda daha böyük problemlər yaradacaq”

Əkrəm Həsənov: “Hökumətin “kredit verməyin” deməyə səlahiyyəti yoxdur”

Devalvasiyanin gətirdiyi nəticə olaraq problemli kreditlərin sayı durmadan artır. Əsasən ikinci devalvasiyadan sonra problemli dollar kreditlərinin həcminin artması və əhalinin gəlirlərinin aşağı düşməsi etirazlara səbəb olub. Maliyyə Bazarına Nəzarət Palatası dollar kreditlərinin verilməsinə 1 aylıq qadağa tətbiq edib. Ancaq müddət başa çatdığı üçün qadağa aradan qaldırıldı. Ancaq problemli kreditlərinin ödənilməsi yönündə heç bir ciddi addım atılmayıb. Kommersiya bankları isə daha çox  kreditlərin müxtəlif yollarla yığılmasında maraqlı tərəf olublar.

Cebhe.info-ya daxil olan məlumata görə, bu dəfə isə hökumət bank kreditlərilə bağlı daha ciddi qərar verib. Belə ki, ölkədə tüğyan edən böhran vəziyyətinin problemin daha da dərinləşdirəcəyi, sosial partlayış səviyyəsinə çatması ehtimalı hökuməti  qorxuya salıb. Nəticədə hökumətin yüksək vəzifəli nümayəndələrinin qərarı ilə banklara ümumiyyətlə kredit verilməsi qadağan olunub. Bu addımın problemlərin aradan qaldırılmasına nə dərəcədə yardım edəcəyi və ya problemli kreditlərin həcminin azalmasına xidmət edib-etməyəcəyi sual doğurur.

Problemli krditlərin həcminə nəzər salsaq görərik ki, əvəvlki aylarla müqayisədə bu rəqəm 6.5 faiz çoxalıb. Daha dəqiq desək, 2016-cı ilin fevral ayının yekunlarına görə, Azərbaycanda problemi kreditlərin həcmi 1 milyard 329,5 milyon manat təşkil edib.

Mərkəzi Bankın xəbərinə görə, bu da yanvar ayının yekunları ilə müqayisədə 14,9 milyon manat çoxdur. Mərkəzi Bankdan verilən məlumata görə, bununla ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı 6,5 faizə yüksəlib.  Xatırladaq ki, cari ilin yanvar ayında problemli kreditlərin həcmi 1 milyard 314,6 milyon manat təşkil edib.

Problemli kreditlərin həcminin hər gün artan xətt üzrə getməsi hökumət rəsmilərini bu addımı atmağa məcbur qaldığını göstərir. Ancaq digər bir məsələ isə hökumətin verdiyi bu qərarın problemlərin həllinə nə qədər təsir göstərməsidir ki, bu o qədər də uğurlu addım kimi görünmür. Belə ki, iqtisadçıların da dediyi kimi problemli kreditlərin həlli üçün yeganə çıxış yolu hökumətin kompensasiya ödəməsidir. Ancaq hələ ki, hökumət bunda maraqlı görünmür. Digər tərəfdən hökumətin kredit verilməsinə qadağa qoyması ilk növbədə sahibkarlığa birbaşa mənfi təsir edəcək.

Hökumətin cəmiyyətdə sosial partlayış təhlükəsinin  artmasından qorxuya düşərək, bu cür qərar verməsi əksinə problemli kreditlərin həcminin artmasına səbəb olacaq. Çünki sahibkarlıq fəaliyyəti ilə məşğul olan və məhz bu səbəbdən banka borclanan müştərilərin bir müddətdən sonra borclarını qaytarmaq imkanları məhdudlaşacaq.

Digər tərəfdən isə hökumətin bu qərarını 3-cü devalvasiya gözləntilərinin reallaşacağı və buna hazırlıq kimi də qiymətləndirmək olar. Xatırladaq ki, bir müddət öncə hökumət rəsmiləri Natiq Əmirov və Vahid Əhmədov da 3-cü devalvasiyanın baş verəcəyini istisna etməmişdi. Hökumətin indiki halda atdığı bu addım isə məhz 3-cü devalvasiyaya hazırlıq kimi görünür və mümkün qədər çalışılır ki, cəmiyyətin etirazlarından qorunsunlar.

Cebhe.info-ya şərhində iqtisadçı-ekspert Natiq Cəfərli hökumətin bu addımının yanlış olduğunu deyib. Onun sözlərinə görə, bu cür qərarlarla iqtisadiyyatda uğur qazanmaq mümkün deyil, əksinə bu qərar tətbiq olunacaqsa, banklar daha çətin vəziyyətə düşəcək:

“Kommersiya banklarına dövlətin qadağa qoyması mümkün deyil. Kommersiya bankları riskləri özü müəyyən edir. Bank əgər özəl olaraq fəaliyyət göstərirsə, dövlət ancaq risklərin idarə olunmasında hansısa qərarı verə bilər.Hər hansı bir qadağanın qoyulması kommersiya banklarının işinə müdaxilə kimi qiymətləndirilməlidir. Buna hüquqi tərəfdən aydınlıq gətirilməlidir ki, hökumətin bu qərarı verməyə səlahiyyəti çatır, yoxsa yox? Bankları kreditləri özlərinin məsuliyyəti daxilində ayırır. Təbii ki, ölkədə müəyyən gözləntilər yaranıb. Manat kütləsinin dövriyyəsinin artması dollar təlabatını artırıb. Manata basqılar artıqca məzənnənin də aşağı düşməsi prosesi gedir. Çünki ölkədə iqtisadi vəziyyət o həddədir ki, manat xarici valyutanın alınmasına yönlənib. Səbəb isə tələbatın yüksək olmasıdır. Ona görə belə bir qərar verilə bilər ki, sərbəst manat kütləsinin dövriyyəsi azaldılsın. Ancaq belə inzibati yollarla, qadağalarla iqtisadiyyatı idarə etməzlər. Bu, iqtisadiyyatda daha böyük problemlərə gətirib çıxarır. Banklar kredit verməyəcəksə, qazancları nədən olacaq? Banklar depozitlərdən kreditlərin verilməsilə gəlir əldə edirlər. Əgər kredit verilməyəcəksə, bankların gəlirləri xeyli dərəcədə aşağı düşəcək. Banklarda onsuz da kreditlərin ödənməməsi ilə bağlı problemlər var. Əgər belə qaydalar doğurdan da tətbiq olunacaqsa, o zaman hökumət banklara külli miqdarda vəsait xərcləməyə məcbur olacaq. Çünki bankların gəlirləri sıfırlandıqca, xərcləri artdıqca ya filiallarını bağlamağa məcbur olacaq, ya da dövlət dəstəyinə ciddi şəkildə ehtiyac yaranacaq. İlk növbədə banklar depozitləri qaytara bilməyəcək. Ümumiyyətlə, bu cür qadağalarla iqtisadiyyatda hər-hansı bir problem həll etmək, uğur qazanmaq mümkün deyil. Hökumət əgər bu addımı atarsa, daha sonra bankları xilas etmək üçün müəyyən addımlar atmağa məcbur qalacaq”.

Bu qərarın hüquqi tərəfini izah edən hüquqşunas Əkrəm Həsənov bildirib ki, hökumətin ümumi olaraq “kredit verməyin” deməyə səlahiyyəti yoxdur:

“Sadəcə olaraq Maliyyə Bazarına Nəzarət Palatasının öz qaydaları ilə müəyyən məhdudiyyətlər qoymağa səlahiyyəti var. Hökumət banklarla bağlı kreditlərin hansı həddə verilməsi və gəlirlərin nə qədər olacağı haqqında qərar verə bilər. Belə məhdudiyyətlər müəyyənləşdirə bilər. Ancaq hökumət bunu ya qanunla, ya da Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktı ilə edə bilər. İndiliksə görünən odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu cür qərarlar qəbul edə bilmir. Ona görə ki, normativ aktlar haqqında konistitutsiyada belə səlahiyyət verilməyib. İndi söz var ki, həmin qanuna dəyişiklik ediləcək və həmin səlahiyyət Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək. Bugünkü vəziyyətdə bu məsələ yalnız qanun səviyyəsində qoyula bilər. Əgər qanun yoxdusa, bu qərarlar verilə bilməz”.

Vilayət Muxtar