Yuxarı

Sonuncu islahat şansı

Sonuncu islahat şansı

Əvəz Temirxan: “Total böhran ölkəyə yaxşı heç nə vəd etmir”

Qorxmaz İbrahimli: “Ac insanların qarşısını almaq çox çətindir”

Azərbaycan addım-addım üçün cü devalvasiyaya yaxınlaşır. Mərkəzi Bank ikinci devalvasiyadan sonra “üzən məzənnə” siyasətinə keçəcəyini elan etsə də, faktiki olaraq, birjada valyutanın qiyməti inzibati məzənnə ilə təyin olunur. Mərkəzi Bank yenə də banklar və valyutadəyişmə məntəqələrinə nəzarəti əlində saxlayır və bu, məzənnənin sərbəst təyini demək deyil. Bu da növbəti devalvasiya riskini artırır.

İslahatlar labüddür

Analitiklər üçüncü devalvasiyanın ölkədə siyasi böhran yaradacağını bildirirlər. İkinci devalvasiya qərarının Bakı və regionlarda keçirilən mitinqlərlə qarşılandığını xatırladan analitiklər qeyd edirlər ki, üçüncü devalvasiya hakimiyyəti “vuracaq”.

Üçüncü devalvasiya dünya praktikasında da, iqtisadiyyatın üçüncü böhran dövrü kimi qəbul olunur ki, bu mərhələdə də hakimiyyətin səmərəsiz iqtisadi siyasəti kortəbii şəkildə başlayan etirazlarla qarşılanır. Belə olan halda üçüncü devalvasiya baş vermədən hakimiyyətin yalnız köklü siyasi-iqtisadi dəyişikliklərə getmək şansı qalır. Əks təqdirdə - hakimiyyət ciddi və real islahatlara getməsə, növbəti devalvasiya dalğası hakimiyyətin özünü “vuracaq”. Bu, iqtidar daxilində parçalanma və oliqarxlar arasında mülkiyyət davasının başlanması hadisəsi olacaq. Bunun qarşısının da alınması qeyd edildiyi kimi ciddi islahatlardan keçir. İlk növbədə, hakimiyyət siyasi islahatlara getməlidir. Siyasi islahatlar olmadan iqtisadiyyatı dirçəltmək və böhrandan çıxmaq mümkün deyil. Çünki manatın iki dəfə devalvasiyaya uğraması və bu fonda iqtisadiyyatın tənəzzülə getməsi məhz siyasi sistemdəki səmərəsiz idarəetmədən qaynaqlanır. Ölkənin iqtisadi və digər problemləri ilə bağlı qərarları da həmin sistemdəki siyasi dairələr verirlər. Yəni hakimiyyət ilk növbədə, böhranı aradan qaldırmaq işini öz daxilindən başlamalıdır. Əks halda yeni risklər qaçılmazdır.

“Sosial partlayış təhlükəsi var”

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan “Cümhuriyət”ə deyib ki, üçüncü devalvasiyanın hakimiyyətin özünü “vuracağı” inandırıcı deyil. Ə.Temirxan qeyd edib ki, bu siyasi böhran yox, insanlar arasında böyük narazılıqlar yarada bilər: “Narazılıqlar yarana bilər. Amma bunun siyasi böhrana çevriləcəyini indidən deməyə çətinlik çəkirəm. Ümumiyyətlə, total sosial-iqtisadi böhran Azərbaycana yaxşı şeylər vəd etmir. Ən azından böhran durumu uzun müddət davam edəcək. Bu vəziyyət sosial partlayışa da, hakimiyyəti məcburi islahatlara da gətirə bilər. Azərbaycanda sosial partlayış baş verəcəyi halda, bu təkcə indiki hakimiyyətin iqtidardan getməsinə səbəb olmayacaq, həmçinin dövlət üçün böyük problemlər yarada bilər. Buna görə də hakimiyyət baş verəcəkləri indidən göz önünə almalı və ciddi siyasi, demokratik və iqtisadi islahatlar həyata keçirməlidir”.

“Ac insanların qarşısını almaq çət indir”

Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli “Cümhuriyət”ə bildirib ki, üçüncü devalvasiyanın siyasi böhrana səbəb olacağını əvvəldən demək çətindir. Q.İbrahimli bununla belə manatın növbəti dəyər itkisinin ölkə iqtisadiyyatı üçün ağır zərbə vuracağını istisna etməyib: “Üçüncü devalvasiyanın hakimiyyətə hansı dərəcədə zərbə vuracağını əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Amma ölkə iqtisadiyyatına böyük zərbə dəyəcək. İndiyədək yürüdülən yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirib çıxardı. Azərbaycan üçün kütləvi iğtişaşlar, mitinqlər arzulamazdım. Hökumət bunun qarşısını almaq üçün vaxtında tədbir görməlidir. Mitinqi dağıtmaq asandır, lakin ac insanların qarşısını almaq çox çətindir”.

Mənsur





Həftənin ən çox oxunanları