Yuxarı

Kreditlər bağışlanır...

Kreditlər bağışlanır...

Pənah Hüseyn: “İqtidarın buna ehtiyacı yoxdur”

Xəzər Teyyublu: “Kreditlərin ləğvi hesabına seçkidə aktivlik yaradacaqlar”

İkinci devalvasiyadan sonra bank ların lisenziyalarının ləğv olunması tendensiyası sürətlə davam edir. Bu müddət ərzində 12 bankın lisenziyası ləğv olunub. Bankların bağlanması isə özü ilə bərabərində bir çox problemlərə səbəb olur. Banklar bağlandıqca vətəndaşları narahat edən məqamlar artır. Onsuz da maliyyə resursları yetərincə olmayan banklar, işlək vəziyyətdə olanda belə vətəndaşların əmanətlərini geri qaytara bilmirdilər.

Banklar əmanətçilər qarşısında olan öhdəlikləri yerinə yetirə bilmədikləri üçün bir çox hallarda qarşıdurmalar yaranırdı və hətta məhkəmə çəkişməsinə qədər gedib çıxırdı. Bu cür vəziyyətin yaranmasına səbəb isə banklarda problemli kreditlərin həcminin günü-gündən artmasıdır. Bir ildə baş verən 2 kəskin devalvasiyadan sonra manatın 85 faiz civarında ucuzlaşması dollar kreditlərinin ödənilməsini demək olar ki, mümkünsüz hala gətirdi. Xüsusilə dollar kreditlərində yaranan problemləri həll etmək yolunda hökumət də müəyyən addımlar atacağını bildirdi. Bununla bağlı Milli Məclis Təkliflər Paketi hazırladı və müzakirəyə çıxardı. Qeyd edək ki, sənəddə göstərilirdi ki, 1000 dollar həcmində olan kreditlər birdəfəlik bağlansın, 5000 dollar həcmində olan kreditlər 1.05 məzənnə ilə, 5000-dən yuxarı olan kreditlər isə 1.25-1.35 məzənnə arasında ödənilsin. Bunun müqabilində isə banklara hökumət tərəfindən kompensasiya ödənilsin. Milli Məclisin bu təklifi ictimaiyyətdə müsbət qarşılandı, ancaq hələ ki, bu günəqədər bu təklifin reallaşacağı yönündə heç bir fikir səsləndirilməyib. Qeyd edək ki, Milli Məclisin bu təklifinin ötən ayın 8-də hökumətdə müzakirə edilməsi məlumatı yayıldı, ancaq bu barədə ictimaiyyətə heç bir məlumat verilmədi. Bu günlərdə dollar kreditlərinə hökumət tərəfindən güzəştlər olunması haqqında yeni məlumatlar yayılıb.

Qeyd olunur ki, hökumət referenduma dəstək almaq üçün problemli kreditlərin həlli ilə bağlı hansısa güzəşt addımı atacaq. Yayılan bu məlumat haqqında hələ ki, heç bir rəsmi münasibət yoxdur, ancaq bu ehtimal ictimaiyyət nümayəndələri arasında yüksək dəyərləndirilir. Hal-hazırda isə əsas müzakirə olunan məsələ isə bağlanan banklarda kreditlərin taleyinin necə olacağı ilə bağlıdır. Hökumət referenduma dəstək almaq üçün əhalinin kredit borclarını ləğv edə bilərmi?

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyası (AXP) sədri Pənah Hüseyn hakimiyyətin buna getməyəcəyini deyb. O hesab edir ki, hökumətin buna ehtiyacı yoxdur: “Seçkilər, o cümlədən də referendum səsvermələri tam seçicinin rəyilə hesablanmadan aparılmadığına görə güman etmirəm ki, hökumətin belə bir ehtiyacı olsun. Çünki seçkiləri seçicilərin rəyi müəyyən etmir.”

Klassik Xalaq Cəbhəsi Partiyası (KXCP) sədr müavini Xəzər Teyyublu “Cümhuriyət”ə şərhində hakimiyyətin buna gedəcəyini istisna etməyib. Onun sözlərinə görə, hakimiyyət kreditləri ləğv edib, seçkidə aktivlik yaradacaq: “Bunu hər zaman olduğu kimi cəmiyyətin seçkilərə dəstək vermək üçün bir yol kimi qiymətləndirmək olar.Çünki konkret olaraq əhalinin böyük əksəriyyəti kredit borclarından əziyyət çəkir. Manat günü-gündən qiymətdən düşür. Ölkədə 2 dəfə devalvasiya olub, növbəti devalvasiya da gözlənilir. Dünyada gedən proseslər və dövlət büdcəsinin konkret olaraq neftdən asılı olması, ölkədə olan işsizlik bu kreditlərin ödənilməsini də mümkünsüz edir. Belə məsələdə hakimiyyət keçirəcəyi refendumun əhalinin etirazına səbəb olmasın deyə əlbəttə ki, bu addımlardan istifadə edə bilər. Nəticədə isə əhalinin kreditləri ləğv olunmaq hesabına seçkidə aktivlik yaradaraq bu referendumu da keçirəcəklər.”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları