Yuxarı

Banklar qazancdan məhrum olacaq

Banklar qazancdan məhrum olacaq

İstehlak kreditləri azalıb

Oktay Haqverdiyev: “Ölkədə ümumi kredit resursları azalıb”

Əli Əhmədov: “İstehlak kreditlərinin azalması gözlənilən idi və davamlı olacaq”

Ölkədə həyata keçirilən pul-kredit siyasətinin əsas hədəflərindən biri də bank sisteminə ictimai etimadın möhkəmləndirilməsi, risklərin minimallaşdırılması, habelə sistem üzrə maliyyə dayanıqlığının artırılmasına hesablanıb. Makroiqtisadi sabitliyin saxlanılması üçün atılan bu addımlar kommersiya banklarına likvidlik dəstəyinin göstərilməsi, onların ölkə iqtisadiyyatının kreditləşməsində xüsusi çəkisinin artırılması planın bir hissəsi idi. Ancaq gözlənilənlər baş tutmur. Belə ki, maliyyə resurslarının getdikcə tükənməsi vəziyyətin daha da çətinləşməsi deməkdir.

Digər tərəfdən də istehlak kreditləşməsi ötən ilin bu dövrünə nisbətdə 12 faiz aşağı düşüb. Bu rəqəm təkcə istehlak kreditlərinə aiddir, biznes kreditlərində bu rəqəm daha yüksəkdir. Nəzərə alsaq ki, bankların gəlirləri məhz yüksək faizlə əhaliyə verdiyi kreditlər hesabına formalaşır, artıq bankların kredit siyasəti də məhv olmaq üzrədir. Bir tərəfdən artıq əhali banklara qarşı inamsızdır, digər tərəfdən də banklarda problemli kreditlərin həcmi “qırmızı xətti” keçdiyi üçün kredit verməkdə maraqlı deyillər. Bu da bankların gəlirlərinin azalmasına xidmət edir və nəticə etibarı ilə banklarda öz öhdəliklərini yerinə yetirə bilmirlər. Bunun müqabilində banklar konsildasiyaya gedir, ya da lisenziyası ləğv olunur.

“Cümhuriyət”ə şərhində iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib ki, istehlak kreditlərinin azalmasında banklar maraqlı tərəf deyil. Onun sözlərinə görə, bunun səbəbi kredit resurslarının azalmasıdır: “İstehlak kreditləri adətən banklar üçün ən sərfəli sayılır. Çünki istehlak kreditlərində dövriyyə həcmi artır, bu da bankların xeyrinədir. Amma bunun azalması bankların özündən asılı deyil. Bu birbaşa olaraq kredit resurslarının azalmasından asılıdır. Çünki ölkədə baş verən devalvasiyadan sonra bank sistemində müəyyən çətinliklər oldu. Pul dövriyyəsi olduqca aşağı düşdü. 2015-ci ilə nisbətən manatın dövriyyəsi 40 faiz aşağı düşüb. Yəni hal-hazırda gedən proseslər kredit resurslarının azalması ilə əlaqəlidir. Digər tərəfdən də buna problemli kreditlərin həcminin artması da təsir edir. Hətta xırda məbləğdə kredit götürənlər belə borclarını qaytara bilmirlər. İstehlak kreditlərinin artırılmasında iki tərəf - həm banklar, həm də insanlar maraqlıdır. Buna məhdudiyyət tətbiq edən yalnız Mərkəzi Bank ola bilər. O baxımdan ki, Mərkəzi Bank kredit resurslarını artırmaz və dövriyyədə pul kütləsi azalar. Amma açığı, buna o qədər də inanmıram. Çünki Mərkəzi Bankın özünün vəziyyəti də xoşagələn deyil ki, buna getsin. Mərkəzi Bankın özü də bu prosesdən müəyyən qazanc əldə edir”.

İqtisadçı-ekspert Əli Əhmədov isə bildirib ki, istehlak kreditlərinin azalması gözlənilən idi. Onun sözlərinə görə, kreditlərin həcminin azalması qaydaların bir az sərtləşməsindən irəli gəlir: “İstehlak kreditlərinin həcminin azalması gözlənilən idi. Çünki vəziyyət elədir ki, nə vətəndaşlar kredit götürməkdə maraqlıdır, nə də banklar əvvəlki kimi səxavətli deyillər. Devalvasiyadan sonra əhali gördü ki, hər kiçik məsələlərə görə kredit götürmək düzgün deyil. Krediti götürməmişdən qabaq düzgün qiymətləndirmə aparılmalıdır ki, bu kreditləri qaytara bilərəm ya yox. 2-3 il bundan əvvəlki dövrdə hamı kredit xəstəliyinə tutulmuşdu. Çünki əhali o zaman ən xırda məsələlərdə, lazımsız əşayarı almaqda kreditə müraciət edirdilər. Elə təsəvvür var idi ki, bütün bunlar müftədir. Amma indi baş verənlər adamları da maarifləndirdi və başa düşdülər ki, bu qədər lazımsız addımlar atmaq olmaz, bu qədər inzibati xərclər olmamalıdır. Ona görə də indi əhali kredit götürmək üçün daha az müraciət edir”.

Ə.Əhmədov qeyd edib ki, istehlak kreditlərinin həcminin azalması tendensiyası davam edəcək. Onun sözlərinə görə, əhali dollarla kredit götrməyə, banklar isə manatla kredit verməkdə maraqlı deyil: “Digər bir məsələ isə ondadır ki, əhalinin gəlirləri də azalıb. Əvvəllər sabit gəliri olan şəxslər rahat şəkildə kredit götürə bilirdilər. İndi elə deyil, hər kəs fikirləşir ki, səhər işdən çıxarıla bilər. Artıq bu cür riskləri də hesablayırlar. Digər tərəfdən də banklar əvvəlki kimi kredit verməkdə maraqlı deyillər.

Çünki banklar artıq baş verən məsələlərə görə daxili qaydalara uyğun olaraq kredit verməyə çalışır. Buna aiddir həm problemli müştərilərə kreditlərin verilməməsi və əhalinin gəlirlərinin düzgün hesablanması. Əvvəllər banklar buna baxmırdı, necə gəldi kredit verirdi. Mən gözləyirəm ki, istehlak kreditlərinin həcmi gələcəkdə də azalsın. Ən azı ölkə kredit portfelində istehlak kreditlərinin payının azalması gözləniləndir. Dolların günü-gündən bahalaşması əhalinin bu valyuta ilə kredit götürməsini çətinləşdirir. Digər tərəfdən isə banklar manatla kredit verməkdə maraqlı deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları