Yuxarı

Manata sentyabr təhlükəsi

Manata sentyabr təhlükəsi

Fuad İbrahimov: “Bu, şübhəsiz ki, manata təsirsiz ötüşməyəcək”

Dolların uçot dərəcəsinin artması Amerikanın əmək bazarının vəziyyətindən asılıdır. Son zamanlar Amerikada 175 mindən artıq yeni iş yerinin açılmasına dair təkliflər meydana çıxır ki, bu da vəziyyətə təsirsiz ötüşmür. 2016-cı ilin aprel ayında Carem Paouell əmək bazarında vəziyyəti nəzərə  alaraq uçot dərəcəsinin artırılmasını təklif edib. İyun ayında dolların faiz dərəcəsi sabit saxlanılsa da, sentyabrda uçot dərəcəsinin artırılacağı proqnozlaşdırılır.

Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer də bu il faiz dərəcələrinin artırılacağına işarə edib. FED-in sədr müavini bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır. FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib. Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib.

Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır. Ekspertlər Stenli Fişerin çıxışının 2016-cı ilin sonuna qədər ABŞ dollarının uçot dərəcəsinin iki dəfəyə qədər artmasına təsirini istisna etmir.

Bir sıra ekspertlər bildirir ki, dolların uçot dərəcəsinin artması Azərbaycan iqtisadiyyat və valyuta bazarına ciddi təsir göstərmir. Çünki Azərbaycanda dolların məzənnəsinin artması FED-in qərarı ilə əlaqəli deyil, daha çox dünya neft bazarındakı vəziyyət və Azərbaycanda ümumdaxili məhsulun artım tempindən asılıdır. Ancaq bunun əksini düşünənlər də var. Onların fikrincə, Azərbaycan iqtisadiyyatına ABŞ dollarının təsiri yüksək olduğundan FED-in qərarı bu prosesdən yan keçmir.

Xatırladaq ki, ötən il dekabrın 15-də FED-in uçot dərəcəsini artırmasından sonra Azərbaycanda devalvasiya baş verdi. Dolların avro və manata nisbətən ciddi şəkildə möhkəmlənməsi Azərbaycanda ikinci devalvasiyanın baş verməsində az rol oynamadı. Bəs budəfəki iclasdan sonra nə gözləmək olar?

İqtisadçı alim Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, FED-in uçot dərəcəsinin artırmasını əmək bazarındakı indeksləşmə, eyni zamanda başqa amildən asılı saxlamaq olmaz: “Dolların uçot dərəcəsinin artması bir çox əmsalların nəticəsində həyata keçirilə bilər. Neçə müddətdir proqnozlaşdırılır ki, dolların uçot dərəcəsi qalxacaq. Ancaq son qərar verilənə qədər bu haqda fikir söyləmək çətindir. Çünki bir şeyi nəzərə almaq lazımdır ki, ABŞ-ın iqtisadiyyatı dünya iqtisadiyyatının flaqmanıdır. Bu nöqteyi-nəzərdən ABŞ-ın iqtisadiyyatında olan göstəricini əsas tutub proqnoz vermək instutsional dəyərlərlə uyğunlaşmır”.

Uçot dərəcəsinin azalıb-artmasının Azərbaycan manatına təsiri barədə ekspertlərin proqnozlarına gəlincə, iqtisadçı qeyd edib ki, bu, instutsional dəyərlərlərdən kənarlaşmaq deməkdir: “Etalon valyuta sayılan ABŞ dollarının uçot dərəcəsinin artması ilə bütün dünyanın valyutasına qarşı məzənnə dəyişə bilər, o cümlədən Azərbaycan manatına qarşı. Bu proses getdikcə Azərbaycan manatının heç bir reaksiya verməməsi, əlbəttə, düzgün fikir deyil. Manatın sonuncu devalvasiyasını dolların uçot dərəcəsinin artırılması ilə əlaqələndimək düzgün deyil. Çünki manatın devalvasiyaya uğraması məcburiyyət qarşısında iqtisadiyyatımız tənəzzül dövrünü yaşadığı üçün həyata keçirildi. Sadəcə, bunlar bir dövrə təsadüf etdi. Manatın devalvasiyasının kökündə başqa səbəblər dayanır. Əgər dolların uçot dərəcəsi artırılarsa, şübhəsiz ki, bu, manata təsirsiz ötüşməyəcək. Amma 2015-ci ildə manatın devalvasiyasının dolların uçot dərəcəsinin qalxıb-düşməsi ilə birbaşa əlaqəsi yox idi. Biz artıq devalvasiya həddinə çatmışdıq”.

Fuad İbrahimovun sözlərinə görə, dolların uçot dərəcəsi  artırılarsa, nəinki Azərbaycan manatı, bütün dönərli valyutaların məzənnəsində dəyişiklik müşahidə olunacaq: “ABŞ dolları dünyanın etalon valyutasıdır. Ona görə də dolların uçot dərəcəsinin artımı mütləq şəkildə öz təsirini göstərəcək”.

Yeganə Oqtayqızı