Yuxarı

“1 dollar 1.95 manat civarında olacaq”

“1 dollar 1.95 manat civarında olacaq”

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) bu gün yekunlaşan iclasında uçot dərəcəsinin dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlanıldığı açıqlanıb.

Ekspertlər isə ilin sonunadək keçiriləcək növbəti iclaslarda uçot dərəcəsinin artacağını proqnozlaşdırırlar. İqtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərli gözlənilən proqnozla əlaqədar olaraq dünya maliyyə bazarında müəyyən hazırlıqların getdiyini söyləyib: “Uçot dərəcəsinin artırılacağı gözlənilsə də FES bu dəfəki iclasında vəziyyəti sabit saxlamağı qərara aldı. Lakin bu da dolların sabit qalacağına əsas vermir. Qurumun il ərzində daha 3 toplantısı gözlənilir. Güman olunur ki, ilin sonunadək uçot dərəcəsinin artması dollar indeksində artıma səbəb olacaq. Nəticədə dollar bir müddət bazarda yerini möhkəmlədəcək Artıq dünya maliyyə bazarı gözlənilən proqnozla əlaqədar hazırlıqlara başlayıb”.

Ekspert faiz dərəcəsinin artmasının yerli bazara da təsirsiz ötüşməyəcəyini vurğulayıb. Manatla yanaşı neft sektorunda da vəziyyət ürəkaçan olmayacaq: “Əlbəttə uçot dərəcəsinin artması Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Milli valyuta dəyərdən düşəcək, manata basqı artacaq. Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayan amillərdən biri də neft sektorudur. Dolların bahalaşması neftin qiymətində ucuzlaşmaya səbəb olacaq. Beləcə manatın zəifləməsi prosesi daha da sürətlənəcək”.

N.Cəfərli ilin sonunadək kəskin devalvasiyanın gözlənilmədiyini deyib: “İlin sonunadək addım-addım manatın dəyərsizləşdirilməsi prosesi gedəcək. Hökumət kəskin devalvasiyaya getməyəcək. İki kəskin devalvasiya ölkə iqtisadiyyatını bərbad vəziyyətə saldı. İlin sonunadək FES faiz dərəcəsini artırsa, neftin də qiymətində düşmə müşahidə olunsa 1.95 manat 1 dollar civarında olacaq”.

Manatın möhkəmlənməsindən söz açan həmsöhbətimiz qeyd edib ki, ölkə iqtisadiyyatında bir sıra problemlər həllini tapmazsa manatın möhkəmlənməsi gözlənilməyəcək: “Azərbaycanın xroniki problemləri, yəni valyuta çatışmazlığı həll edilməyənədək manatın möhkəmlənməsindən təəssüf ki, söhbət getməyəcək. Ölkənin daxili istehsalı, qeyri-neft  sektorunun ixracatı artırılanadək manatın zəifləməsi davam edəcək”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları