Yuxarı

Hökumət banklara güzəşt etməyəcək

Hökumət banklara güzəşt etməyəcək

Vüqar Bayramov: “Maliyyə Nazirliyi qəbul etmir deyə güzəşt tətbiq olunmur”

Dollar kreditləri ilə bağlı problem həll edilməmiş qalır. Bir ara bu problemin dövlət tərəfindən həll olunacağı deyilsə də buna ümidlər ölməkdədir. Belə ki, ötən gün maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında dollar kreditlərinə dövlət tərəfindən heç bir güzəştin olmayacağını dedi. Nazir qeyd etdi ki, dollar kreditlərinə güzəştlər tətbiq olunsa, banklar problemlərlə üzləşəcək. Ona görə də bu məsələ dövlət səviyyəsində artıq müzakirə olunmur. Dollar kreditlərində yaranan problemlər isə artmaqdadır. Problemli kreditlərin həcmi günü-gündən artır. Vətəndaşlar isə demək olar dollar kreditlərinin ödənişlərindən imtina edib. Baş verən devalvasiyadan sonra kreditlərin həcminin artmasından dolayı vətəndaş həmin məbləği ödəmək gücündə deyil. İqtisadçılar isə hesab edir ki, dollar kreditlərinin həlli üçün dövlət kompensasiya ödəməlidir. Ən azından devalvasiyadan sonra kreditlərdə yaranan fərq dövlət tərəfindən qarşılanmalıdır. Əks halda, bu məsələnin həll olunması mümkün olmayacaq.

Güzəşt edilməsə,  problem həll olunmayacaq

Digər tərəfdən isə nazir qeyd edir ki, dollar kreditlərinə dövlətin müdaxiləsi bankları çətin vəziyyətə salacaq. Ancaq bankların vəziyyəti onsuz da yaxşı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, borclular onsuz da banklara olan borclarını ödəmirlər. Bu da bankların maliyyə resurslarına birbaşa təsir edir. Amma onu da nəzərə almaq gərəkir ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları krediti 28-36 faizlə verir. Bu da olduqca yüksək faizdir və banklar artıq demək olar ki, bu gəlirdən məhrum olublar. Ona görə də devalvasiyaya ilk reaksiya verən kommersiya bankları oldu. Devalvasiyanın ilk təsiri ilə banklar kredit mütəxəssislərinin sayını azaltdı. Sonra isə filiallar bağlandı. Kredit borclarının qaytarılmaması onları yeni problemlə üz-üzə qoyacaq.

Real mənzərə budur ki, vətəndaşların da imkanları kreditləri ödəməyə yetmir. Nəticədə hər iki tərəf çətin durumdadır. İndiki durumda dövlətin müdaxiləsi olmadan isə bu problemlərin fundamental həlli mümkün deyil. Prosesin uzanması və aydın olmayan situasiya isə vəziyyətin daha da ciddiləşəcəyini diqtə edir. Samir Şərifovun məlum açıqlaması dollar kreditinə güzəşt gözləyən əhalinin bütün ümidlərini yox etdi. Bu isə sosial narazılıqların artmasına səbəb ola bilər. İqtisadçılar da açıqlamalarında xüsusilə, vurğulayırlar ki, bu məsələyə dövlətin müdaxiləsi olmasa, sosial narazılıq artacaq və vətəndaşlar bankların “əsirinə” çevriləcək. Maliyyə naziri Samir Şərifovun açıqlamasında diqqət çəkən digər bir məqam isə Mərkəzi Bank haqqında dedikləridir. Nazir açıqlamasında qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankında mənimsənilən pullar Mərkəzi Bank tərəfindən verilib.

Beynəlxalq Bankın səhmlərinin çox hissəsinin dövlətə məxsus olduğu sirr deyil. Bu baxımdan da Mərkəzi Bank adıçəkilən banka donorluq edib. Beynəlxalq Bank ətrafında yaranan qalmaqallar isə səngimək bilmir. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev həbs olunub və ona qarşı dövlət vəsaitini qanunsuz yollarla mənimsə ittihamı irəli sürülüb, hal-hazırda da istintaq davam edir. Bu açıqlamadan sonra isə belə demək mümkündür ki, Mərkəzi Bank da istintaq prosesinə qoşulacaq. Bunu Samir Şərifov və Elman Rüstəmov qarşıdurması kimi də başa düşmək olar.

Maliyyə Nazirliyi və Mərkəzi Bankın qarşıdurması

İkinci devalvasiyadan sonra da Samir Şərifovla Elman Rüstəmov arasında problemlərin olması medianın gündəmində mütəmadi yer alırdı. Həmin vaxt əsas məsələ hansı rəqəmlə devalvasiyaya getmək idi. Yayılan informasiyalarda Samir Şərifovun 1.55, Elman Rüstəmovun isə daha az - 1.25 məzənnə ilə devalvasiyaya getmək təşəbbüsü ilə çıxış etdikləri göstərilirdi. Ancaq mövcud vəziyyət göstərir ki, həmin qarşıdurmanın da qalibi məhz nazir Şərifov olub. Hal-hazırda da mübahisələr davam edir və hər iki tərəf əlinə düşən ilk imkanda bir-birini ittiham edirlər. Baş bankirlə maliyyə nazirinin mətbuata verdiyi açıqlamalara diqqət etsək, görərik ki, eyni məsələ haqqında bir-birinə tamamilə zidd fikirlər səsləndirilir. Bu da münasibətlərin hələ də normallaşmaması anlamına gəlir.

Digər tərəfdən isə Elman Rüstəmovun bu ilin sonuna qədər “vurulacağı” deyilir. Maliyyə sistemində baş verən problemlərin günahkarı kimi məhz baş bankir göstərilir. Hökumətin referendumdan sonra aparacağı islahatların ilk sıralarına da Mərkəzi Bankın adının salındığı bildirilir. Ümumiyyətlə, Mərkəzi Bankın birdəfəlik ləğv olunacağı haqqında informasiyalar uzun zamandır ki, yayılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının da məhz bu səbəbdən yaradıldığı deyilirdi. Ancaq hələ ki, maliyyə bazarına nəzarət Mərkəzi Bankın əlindədir. Mərkəzi Bankın ləğvi gündəmdə olmadığı üçün “komandanın” dəyişəcəyi istisna edilmir.

“Nazirlik güzəştlərin qarşısını alır”

“Cümhuriyət”ə şərhində iqtisadçı- ekspert Vüqar Bayramov  bildirib ki, güzəştlərin tətbiq olunmasına Maliyyə Nazirliyi imkan vermir. Onun sözlərinə görə, güzəştlərin tətbiq olunması bankların xeyrinə olan bir haldır: “Dollar kreditlərinə güzəştlər əslində bankların vəziyyətinə görə verilməlidir. Bu bankların vəziyyətini pisləşdirmir, əksinə yaxşılaşdıra bilər. Dövlət güzəşt tətbiq etsə, nəticədə vətəndaş yenə ödəmə qabiliyyəti əldə edəcək və ödənişlər etməyə başlayacaq”. Ekspert qeyd edib ki, Maliyyə Nazirliyi güzəştlərin verilməsində maraqlı olmadığımı göstərib. V.Bayramov əlavə edib ki, güzəştlərin verilməsi dünya təcrübəsində də var:

“Qazaxıstan, Qırğızıstan təcrübəsi göstərir ki, belə güzəştlərin edilməsinə ehtiyac var. Eyni zamanda maliyyə naziri açıqlama verdi ki, bu cür güzəştlərə maliyyə ayırmaqda maraqlı deyil. Baxmayaraq ki, vəsaitin olmaması qeyd olunur. Amma Mərkəzi Bankvəsait var. Bu mərhələli şəkildə aparılmalıdır. Söhbət ondan getmir ki, güzəştlər birdəfəlik olaraq banklara ödənilməlidir. Biz də bilirik ki, birdəfəlik ödəmələr olsa, bu valyuta qıtlığı yarada bilər və dolların manata təzyiq imkanlarını artırar. Mən təklif etmişdim ki, ABŞ-da 2008-ci ildə olan güzəştlərin ödənilməsi və aktivlərin sağlaşdırılması proqramının oxşarının Azərbaycanda tətbiq olunması məqsədəuyğundur. ABŞ-da həmin proqramın həyata keçirilməsinə dövlət tərəfindən 452 milyard dollar xərcləndi. Bu da onu göstərir ki, inkişaf etmiş və məzənnə fərqinin olmadığı ölkələr belə qlobal böhranlar dövründə güzəşt proqramlı tətbiq edilir. Bu gün də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi vacibdir. Maliyyə Nazirliyi bu güzəştlərə qarşıdır, amma düşünürəm ki, yenə də bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac var”.

Vüqar Bayramov vurğulayıb ki, güzəştlər verilməsə, problem daha da dərinləşəcək. O, hesab edir ki, bu güzəştləri sadəcə vətəndaşlara deyil, həm də banklara xidmət edir: “Əgər güzəştlər tətbiq olunmayacaqsa bu problemli kreditlərin həcmini artıracaq. Əgər Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin kreditlərin azalmasında, aktivlər həcminin artmasında və bank sektorunun sağlamlaşdırılmasında maraqlıdırlarsa, o, zaman mənim təklif etdiyim güzəşt konsepsiyasının qəbul edilməsi məqsədəuyğun olardı. Bu güzəşt sadəcə vətəndaşa deyil, eyni zamanda bank sektorunun sağlamlaşdırılmasında bir proqram rolunu oynaya bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları