Yuxarı

Hökumətdən qaçqınlara böhran “sürprizi“

Hökumətdən qaçqınlara böhran “sürprizi“

Kommunal xərclər və “yemək pulu” plastik kartla veriləcək Əziz Ələkbərli: “Məcburi köçkünlər həmin vəsaitdən daha qənaətlə istifadə etməyə çalışacaqlar” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin digər bölgələrində məskunlaşan məcburi köçkünlərə yardım qaydaları dəyişəcək. Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. O bildirib ki, əsassız şəkildə yardım alan köçkünlərə yardımlar, o cümlədən, onlara yemək xərcinin verilməsi dayandırılıb: “Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb”. Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərə yardımların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır: “Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bundan əlavə məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq. Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. İndi isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək ki, xərcləri ödəsinlər: Belə ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə ediləcək”. Qeyd edək ki, avqustun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a dəyişiklik etdi. Qüvvəyə minmiş təlimatda bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcəyi barədə məlumat öz əksini tapıb. Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə də yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq. Dəyişiklikdə həmçinin yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcəyi də yer alıb. Maraqlıdır, məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsi sosial müavinətləri ləğv etmiş məcburi köçkünlər arasında narazılıq yaradacaqmı? Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli “Cümhuiyət”ə açıqlamasında məsələ ilə bağlı fərqli mövqedə olduğunu bildirib. O qeyd edib ki, məcburi köçkünlərə verilən müavinətlər heç vaxt ləğv olunmayıb: “Sadəcə, bir müddət əvvəl bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinətin verilməyəcəyi barədə qərar qəbul olunmuşdu. Bu günlərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirdi ki, son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. Görürsünüzmü, söhbət bütün məcburi köçkünlərdən yox, bəzi məcburi köçkünlərdən gedir. Cənab sədrin həmin iclasdakı çıxışından o da aydın oldu ki, aylıq yemək xərci müavinəti dayandırılan belə məcburi köçkünlərin sayı 2010-cu ildən bəri cəmi 34 min nəfərdir. Nəzərə alsaq ki, bunların sırasına dünyasını dəyişənlər, başqa ölkələrə köçüb gedənlər, könüllü olaraq daimi məskunlaşanlar, hətta millət vəkili seçilənlər də daxildir, onda razılaşarsınız ki, bu, o qədər də böyük rəqəm deyil. Hörmətli Əli müəllimin çıxışında qeyd etdiyi digər məsələməcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların tətbiqi barədə idi. Hətta bu məsələ ilə bağlı təkliflər paketi hazırlanıb və Baş nazirə təqdim edilib”. Əziz Ələkbərli nəzərdə tutulan digər dəyişikliyə məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsinə də diqqət çəkib: “İndiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad edilərsə, indi həmin xərclərin pulu köçkünlərin özünə veriləcək. Yəni, kommunal xərclər üçün indiyə qədər ödənilən vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə ediləcək, başqa sözlə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək. Bu isə məncə, dövlətdən çox, məcburi köçkünlər üçün sərfəlidir. Belədə, məcburi köçkünlər həmin vəsaitdən daha səmərəli, daha qənaətlə istifadə etməyə çalışacaqlar. Bilirsinizmi, mən bu yerdə bir məsələni xüsusi qeyd etmək istəyirəm. Məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan prezidentinin həmişə diqqət mərkəzində olub, bu məsələ ilə bağlı çoxlu sayda qanun, qərar, sərəncam, fərman imzalanıb. Bu, dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısının əyani sübutudur. Amma bir də var bu qərar və sərəncamların icrası məsələsi. Məcburi köçkünlərin bəxti bir də onda gətirib ki, onların problemlərinin həlli üçün məsul olan müvafiq dövlət icra orqanının başında Əli Həsənov kimi təcrübəli, işgüzar, bacarıqlı, millətinə və dövlətinə sədaqətli bir insan dayanıb”. Yeganə Oqtayqızı