Yuxarı

Hökumətin çıxış yolu təcili islahatlardır

Hökumətin çıxış yolu təcili islahatlardır

Əli Orucov: “Rəqabət mühiti formalaşdırılmalı, gömrük rüsumları azaldılmalıdır” Rövşən Dəmirli: “Sosial partlayış gözlənilir” Elman Fəttah: “İqtisadi böhranın qarşısı alınmasa...” Azərbaycanı cənginə almış total sosial-iqtisadi böhran davam edir.Hakimiyyətin və iqtisadiyyata nəzarət edən yetkili qurumların yanlış siyasəti vətəndaşları çıxılmaz vəziyyətə salıb.Dövlət büdcəsi neftdən asılı olan Azərbaycanın milli valyutası manat da tarixinin ən ağır günlərini yaşayır.“Qara qızıl”ın dünya bazarlarında kəskin ucuzlaşmasına adekvat olaraq, manatın məzənnəsinin ucuzlaşması hər gün ərzaq məhsullarını bahalaşdırır.Lakin iqtidarın siyasəti ölkədə kəskinləşən vəziyyətə adekvat deyil.Yetkili qurumlar və şəxslər islahata yaxın gəlmir.Mütəxəssislər hakimiyyəti vaxtında tədbir görməyə çağırırlar. Hesab olunur ki, vaxtında dərinləşmiş böhranın dayandırılması istiqamətində addımlar atılmazsa, gərginlik siyasi böhrana səbəb olacaq.Artıq ölkədəki həssas vəziyyətin hakimiyyət daxilində narazılıq yaratması barədə məlumatlar gəlir. İqtisadi böhrandan siyasi sferaya keçid  Yunanıstan, Ukrayna, İspaniya, İtaliya və digər nümunələr də əsas verir ki, vaxtında qarşısı alınmayan iqtisadi böhran özünü siyasi meydanda göstərir. Təsadüf deyil ki, 2004-cü ildən Yunanıstanda başlayan iqtisadi böhran nəticəsində bu ölkədə bir neçə dəfə hökumət dəyişib, amma hələ də problemin həlli mümkün deyil.Əvəzində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa İttifaqından alınmış kreditlər ölkəni milyardlarla dollar borca salıb.Alınan borclar da fayda vermir və Yunanıstan iqtisadiyyatı artıq çöküb.Mütəxəssislər tədbirlər görülməyəcəyi - ciddi siyasi-iqtisadi, struktur islahatları keçirilməyəcəyi halda Azərbaycanın da siyasi-iqtisadi xaosun içinə düşəcəyi xəbərdarlığını edirlər.Qeyd olunur ki, vəziyyətin hər gün pisləşdiyi üçün ölkə iri addımlarla xaosa sürüklənir. “Hakimiyyət geciksə, xaosun qarşısını almaq mümkün olmayacaq” AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə bildirib ki, ölkədə pisləşən sosial-iqtisadi vəziyyət siyasi proseslərə də mənfi təsirlərini göstərir. Ə.Orucovun sözlərinə görə, proseslər hələ ki, passiv formada gedir: “İnsanlar da öz münasibətlərini passiv formada bildirirlər. Hələlik proses ictimailəşməyib, tam olaraq siyasi istiqamətə yönəlməyib. Amma hadisələr siyasi istiqamətdə cərəyan etsə, bunun qarşısını almaq mümkün olmayacaq.Yaxın Şərqdə davam edən idarəolunan xaos da Azərbaycana öz təsirlərini göstərir.Hesab edirəm ki, hakimiyyət gərgin vəziyyəti daha dərindən analiz edib, təxirəsalınmaz addımlar atmalıdır.İlk növbədə iqtisadi və siyasi meydanda rəqabət mühiti formalaşdırılmalıdır.Eyni zamanda gömrük rüsumları azaldılmalıdır.Yəni iqtisadiyyatın inkişafına stimul verəcək addımlar atılmalıdır.Əks halda gecikmiş qərarların heç bir effekti olmayacaq”. “Sosial partlayış baş verə bilər” ADR Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli “Cümhuriyət”ə deyib ki, Azərbaycanda ciddi sosial-iqtisadi böhran var. Hərəkat yetkilisi hesab edir ki, neftin dünya bazarlarında ucuzlaşmasına uyğun olaraq, manatın məzənnəsinin düşməsi ölkədəki iqtisadi durumu kəskin formada pisləşdirib: “Əlbəttə iqtisadi və sosial sferada davam edən böhran vəziyyəti siyasi mərhələyə də keçə bilər.Bu gün bütün ölkə vətəndaşları bahalaşmadan şikayətlənirlər.Dükanlara girmək mümkün deyil, ərzaq məhsullarının qiymətləri adamın “əlini yandırır”.Bu kimi hallarda ölkədə sosial partlayış yarada bilər.Hakimiyyət böhranla bağlı ciddi iqtisadi islahatlar paketi hazırlamasa, layihələr ortaya qoymasa, əməli addımlar atmasa ölkədə sosial partlayış baş verəcək və bu da siyasi böhrana gətirib çıxaracaq”. “Yaxın vaxtlarda başlayacaq” Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə bildirib ki, iqtisadi böhranın qarşısı alınmasa, bu siyasi böhrana çevriləcək. E.Fəttaha görə, hazırda Azərbaycan daxilində gedən proseslər də bunu şərtləndirir: “İqtisadi böhranın aradan qaldırılması, yaxud təsirlərinin azaldılması ilə bağlı heç bir əməli iş aparılmır. Sadəcə dua olunur ki, “İnşallah, bu böhran dayanar”.Dua ilə böhranın qarşısını almaq mümkün olmayacaq.Əgər problem həll olunmursa, bu Azərbaycanda siyasi böhranı şərtləndirəcək. Proses bu şəkildə davam etməyə məhkumdur. Böhran artıq dərinləşib, indən sonra atılacaq addımlar da problemlərin həlli üçün kifayət etməyəcək. Təəssüflər olsun ki, yaxın vaxtlarda Azərbaycanda siyasi böhranı yaşayacağıq”. Mənsur





Həftənin ən çox oxunanları