Yuxarı

Ölkədə “işsizlər ordusu” yaranır

Ölkədə “işsizlər ordusu” yaranır

Akif Nəsirli: “Hökumət bunun qarşısını almasa...” İkinci devalvasiya özü ilə birlikdə ölkəyə işsizlik gətirdi. İşsizliyin artmasında əsas rolu isə banklar oynadı. Maliyyə-kredit siyasəti iflasa uğradığı üçün bir çox banklar kredit mütəxəssislərindən imtina etdi. Qeyri-rəsmi statistikaya görə, ölkədə ümumilikdə 450 min kredit mütəxəsisi var idi və artıq onların 75-80 faizi işdən azad olunub. Bu da vəziyyətin əslində nə qədər ciddi olduğunun mesajıdır. Bu problem təkcə kredit mütəxəssislərilə də bitmir. Nəzər alsaq ki, son 9 ay ərzində 13 bankın lisenziyası ləğv olunub və bir çox bankın filialları bağlanıb neçə nəfərin işsiz qalmasını təsəvvür etmək heç də çətin deyil. Qeyd edək ki, valyutadəyişmə məntəqələrinin bağlanması ilə ən az 6000 nəfər işsiz qalmışdı. Bu problemin həll olunması isə hələ ki, müzakirə mövzusu deyil. Çünki problemin həll olunması bir yana, tendensiya şəklində davamlı olaraq armaqdadır. Onsuz da ölkədə işsizlik problemi mövcud idi. Bankların düşdüyü durum isə bu problemi 1-ə 10 artırdı. Beyin axını sürətlənəcək İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”ə deyib ki, işsizliyin artması gələcək üçün böyük problemlər yaradacaq. Onun sözlərinə görə, bu məsələnin həllində hökumət müəyyən addımlar atmalıdır: “Bankların bağlanmasını devalvasiyaya bağlamaq düzgün deyil. Bankların bağlanması əslində maliyyə sferasında real mənzərənin ortaya çıxarılması ilə əlaqədardır. Bu da o zaman baş verdi ki, hesabatları Maliyyə Bazarlarına Nəzarət Palatası qəbul etməyə başladı. Bu zaman göründü ki, bankların bir çoxu müflisləşib və onların əvvəlki hesabatları saxtadır. Reallıqlar üzə çıxanda isə həmin bankların lisenziyası ləğv olundu. Daha sonra da yüzlərlə, minlərlə bank işçisi işsiz qaldı. Mən hesab edirəm ki, bu günə qədər fəhlənin işsiz qalması cəmiyyət, dövlət üçün o qədər də təhlükəli məsələ deyil. Amma intellektual insanların, düşünən beyinlərin işsiz qalması həm dövlət, həm hökumət, həm də cəmiyyət üçün ciddi nəticələrə gətirib çıxara bilər. Nəzərə alsaq ki, həmin insanların az hissəsi öz intellektual səviyyəsinə uyğun iş tapa biləcək. Qalanları təbii ki, ölkədən çıxıb gedib xaricdə iş axtaracaqlar. Bu da onların intellektual səviyyəsinə uyğun olmayan işlər olacaq. Hər halda cəmiyyət intellektli insanları, düşünən beyinləri itirir. Ya beyinin fiziki köhnəlməsi, ya da beyin axını baş verir. Bunun aradan qaldırılması üçün hesab edirəm ki, hökumət ciddi axtarışlarda olmalıdır”. “Banklar birləşdirilsəydi...” Ekspert əlavə edib ki, hökumət bankların bağlanmasında maraqlı tərəf kimi çıxış etdi. Onun sözlərinə görə, hökumət bankların birləşdirilməsi yolunu seçsəydi bu cür problemlər qabarıq hal almazdı: “Əslində bankların bağlanması məsələsi gündəmə çıxanda, hökumət bankların lisenziyasını ləğv etməsini deyil təmərküzləşmə yolunu tumalı idi. Bankların birləşdirilməsi məsələsi gündəmə gətirildi ancaq bankların konvertisasiyası heç bir halda baş tutmadı. Bunun da ciddi səbəbləri var. Bank rəhbərliklərinin iddiaları böyük ola bilər ancaq reallıqları onlara izah etməkdə maraqlı tərəf olmalı idi. Hökumət bu işdə maraqlı olsaydı bu günə qədər bağlanan bankların böyük əksəriyyətini birləşmə yolu ilə xilas edə bilərdi. Ancaq gördük ki, hökumət bu işdə maraqlı olmadı. Demək olar ki. vəziyyəti çətin bütün banklar bağlandı, birləşib özünü xilas edən bank olmadı. Dünya praktikası isə bağlanmaq təhlükəsi olan bankları birləşməsini göstərir. Amma mən mətbuatdan da oxudum ki, bağlanan bankların rəhbərləri bildirir ki, biz artıq razılaşma fazasında idik amma palata bizim bankın bağlanması barədə qərar qəbul etdi. Bunlar göstərir ki, Azərbaycan hökuməti bağlanan bankların xilas olmasında maraqlı olmadı”. Sosial partlayış təhlükəsi Akif Nəsirli vurğulayıb ki, işsizliyin artması isə sonda sosial partlayışa gətirib çıxaracaq. O, qeyd edib ki, bunda maraqlı olan şəxslər də az deyil: “Əvvəllər intellekti aşağı olan satıcı, fəhlə işsiz qalırdısa, indi isə vəziyyət fərqlidir. Belə bir vəziyyətdə isə kütləni yönəltmək istəyən şəxslər ortaya çıxa bilər. Düzdür, mən hesab etmirəm ki, Azərbaycanda yaxın zamanlarda sosial partlayış baş verəcək. Hər-halda bu gələcək hökumətə ciddi problemlər yarada bilər. Ona görə də Azərbaycan hökuməti müxtəlif yollardan, vasitələrdən istifadə edərək intellektual kadrların işsiz qalmasının qarşısını almağa çalışmalıdır. Hökumət o kontingenti işlə təmin etməlidir ki, gələcəkdə problemlərlə üzləşməsin. Vəziyyət bu cür davam edərsə 1-1.5 ilə ciddi problemlər yaranacaq və intellektual insanların da bura qoşulması problemi daha da ciddiləşəcək”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları