Yuxarı

Yeni dollar qadağası

Yeni dollar qadağası

10 min dolları şəxsiyyət vəsiqəsilə satmaq mümkün olacaq Natiq Cəfərli: “Bu, doğru qərardır” Azərbaycanda vətəndaşların mübadilə məntəqələrinə 10 min dollardan artıq satışı yalnız şəxsiyyət vəsiqəsilə mümkün olacaq. "Mübadilə məntəqələrinin əməliyyatlarının təşkili qaydaları"na müvafiq dəyişikliklər Azərbaycan Mərkəzi Bankı tərəfindən (AMB) edilib. Dəyişikliklər 2016-cu il oktyabrın 13-dən qüvvəyə minərək, Azərbaycan Ədliyyə Nazirliyi normativ-hüquqi aktlarının reyestrində dərc olunub. Yeni qərara əsasən, valyutadəyişmə şöbələrində müştəriyə nağd xarici valyutanın və yol çeklərinin 500 dollardan artıq satışı, eləcə də müştəridən 10 min dollardan artıq nağd pulun alışı yalnız şəxsiyyət vəsiqəsilə həyata keçiriləcək. Qeyd edək ki, devalvasiyadan sonra müştəridən 500 dollardan artıq nağd pulun alışı şəxsiyyət vəsiqəsilə həyata keçirilirdi. REAL hərəkatı İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, 500 dollar məsələsi əslində çox formal bir qərar idi. İqtisadçı qeyd edib ki, bu, insanlarda çox ciddi narahatçılıq yaradırdı: “Əsasən iş adamları ixrac-idxal əməliyyatları edəndə kifayət qədər valyuta almağa məcburdurlar. O zaman onlar böyük çətinliklə üzləşirdilər. Bu, formallığa çevrilmişdi. Kimə vəsait lazımdırsa, bir neçə şəxsiyyət vəsiqəsi ilə bir neçə nəfərlə banka yaxınlaşıb həmin həcmi almağa çalışırdı. Əslində de-fakto olanı de-yure rəsmiləşdirir.Devalvasiyadan öncə də 10 min dollara yaxın və ondan yuxarı vəsaitin alınmasında həmişə şəxsiyyəti təsdiqləyən sənəd tələb olunub.Bu gün həmin vəziyyətə qayıtdılar.Əslində bu, doğru qərardır.10 min dollara yaxın vəsaitin alınmasına icazənin verilməsi ölkədə dollarla bağlı problemin getdikcə həll olunacağı və yaxud da olunmaq üzrə olduğu fikrinin aşılanmasına da xidmət edir.Yəni bu, psixoloji cəhətdən bazara müsbət təsir edə biləcək addımdır. Formallığın aradan qaldırılması, əsasən iş adamlarının işini daha da asanlaşdırmağa yönəlmiş bir addımdır. Əgər vətəndaş 10 min dollara yaxın vəsaiti şəxsiyyət vəsiqəsi təqdim etmədən əldə edə bilirsə, bu, vətəndaşın işini asanlaşdırır”. İqtisadçının sözlərinə göə, əsasən son 2-3 həftədə banklar kifayət qədər valyuta ehtiyatı yığmağa müvəffəq olub: “Çünki bu il ərzində Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar depozit qoydu. Bu, dollar ajiotajının müəyyən qədər azalmasına səbəb oldu.İndi də banklar həmin valyuta ehtiyatlarını satmaqda maraqlıdır.Çünki alış və satış arasında 4 faizli gəlir marjı var. Bu da banklara kifayət qədər gəlir gətirə biləcək bir sahədir.Hərraclarda rəsmi məzənnə ilə aldığı valyutanın üzərinə ən azı 4 faiz qoyaraq əhaliyə sata bilir”. Qara bazara təsiri necə olacaq? Natiq Cəfərlinin qənaətincə, bu addımdan sonra qara bazarda ajiotajın azalması müşahidə olunacaq: “Bir şərtlə ki, banklar dollar satışından imtina etməsin. Qərar varsa və müştəri bankdan istədiyi həcmdə valyuta ala bilmirsə, yenidən qara bazarın canlanma ehtimalı yaranır.Əgər banklarda normal şəkildə valyuta satışı həyata keçiriləcəksə, o zaman qara bazarın çökməsini müşahidə edəcəyik. Yeganə problem qeyri-iş günləri valyutadəyişmə əməliyyatlarının həyata keçirilməməsidir. Bu problemi nə Mərkəzi Bank, nə də digər banklar həll edə bilməyib.Bu da ciddi narahatçılıqlar yaradır.Bu məsələnin tam həllindən sonra ümumiyyətlə, qara bazarla bağlı problemin böyük bir hissəsi həll olunmuş olacaq”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları