Yuxarı

“Muğanbank” da bağlanır

“Muğanbank” da bağlanır

  İlin sonuna qədər bankın lisenziyası ləğv olunacaq Ölkənin böhran vəziyyətinə düşməsi bankları ağır vəziyyətə saldı. Böhranın gətirdiyi problemlər 13 bankın bağlanmasına, digərlərinin ağır vəziyyətə düşməsinə və ən əsası bir çox bank sektorunda çalışan insanların işsiz qalması ilə nəticələndi. İqtisadçılar da vurğulayırlar ki, bankarın bağlanması hələ davam edəcək və ilin sonuna qədər daha bir neçə bankın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunacaq. Bir neçə bank artıq müflis olmaq ərəfəsindədir. Artıq “Muğanbank” ASC də işçilərin ixtisarına başlayıb. Əslində bütün bu kimi hallar gözlənilən idi. “Muğanbank” ASC lider banklardan hesab olunmur. Bu günə qədər lisenziyasının ləğv olunmaması da müəyyən qədər bununla əlaqədardır. Kredit bazarında söz sahibi olmayan bankların gəlirləri də az olur, problemləri də. Hər kəsə bəllidir ki, bu gün bankların bu vəziyyətə düşməsi verilən kreditlərin geri qaytarılmaması ilə bağlıdır. Baş verən 2 devalvsiyadan sonra kreditlərinin həcminin xeyli dərəcədə artması və bunun müqabilində əhalinin xərclərinin çoxalması bank ödənişlərində ciddi problemlərə yol açdı. Təsadüfi deyil ki, ikinci devalvasiyadan sonra problemli kreditlərin həcmi kifayət qədər artıb. Xarici donorlar banklara inanmır Bütün bank sektorunda olduğu kimi “Muğanbank” ASC də də eyni vəziyyət davam edir. Belə demək mümkündürsə banklar artıq bir-bir sıradan çıxır. Bankların mövcud vəziyyətdən xilas olması üçün ciddi maliyyə dəstəyinə ehtiyacı var. Bunun üçünsə banklar xarici donorlar qarşısında “möhkəm” etibara sahib olmalıdır. “Muğanbank” kimi ölkənin bank sektorunda söz sahibi ola bilməyən bir qurumun xarici donorlardan ciddi maliyyə dəstəyi alması inandırıcı görünmür. Digər tərəfdən xarici donorlar hərhansı bir Azərbaycan bankına kredit verirsə bunun üçün ciddi maliyyə imkanlarına sahib olan digər bir xarici bankın zamin olmasını şərt olaraq irəli sürür. Yaxın dövrlərə qədər Azərbaycan bankları bunun üçün adətən Türkiyə banklarına müraciət edirdilər. Amma görünən odur ki, artıq türk banklarının da Azərbaycan banklarının xilas olacağına inamı qalmayıb. Bütün bunları nəzərə alsaq xarici donor hesabına da “Muğanbank” ASC-nin xilas olacağı gözlənilən deyil. “Muğanbank”ın lisenziyası ləğv olunacaq? Digər bir xilas yolu isə hökumətin yardımından istifadədir. Ölkənin mövcud vəziyyətini nəzərə alsaq hökumət hal-hazırda hansısa banka maliyyə yardımı etmək imkanı yoxdur. Hökumət bu günə qədər özünə lazım olan bankları xilas etmək üçün əlində olan bütün imkanlardan maksimum istifadə edib. Artıq hansısa müflis vəziyyətində olan bankın xilas olmasında hökumət maraqlı tərəf kimi çıxış etməyəcək. Çünki iqtisadçılar da bildirirdilər ki, hökumət ölkədə 25 bankın fəaliyyətində maraqlıdır. Artıq həmin bankların siyahısı hazırdır. Yuxarıda da qeyd etdiyimiz kimi, hökumət xilasında maraqlı olduğu bütün banklara kifayət qədər yardım göstərib. Bunun nəticəsidir ki, artıq hökumətin dəstək verdiyi banklar kredit siyasətini bərpa edib. Bunun özü də müəyyən qədər proseslərin hansı yöndə inkişaf etməsindən xəbər verir. “Muğanbank” ASC-nin xilas olunan banklar siyahısında adının olması belə demək olarsa mümkün deyil. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, “Muğanbank” ASC maliyyə bazarında aktiv deyil və bank sistemində söz sahibi deyil. Bu cür bankı xilas etməkdə isə hökumətin maraqlı olması çox aşağı ehtimaldır. Bütün bunları nəzərə alsaq “Muğanbank”ın bu ilin sonuna qədər lisenziyasının ləğv olunması ehtimalı yüksəkdir. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları