Yuxarı

Nazir bahalaşmaya rəvac verdi

Nazir bahalaşmaya rəvac verdi

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, yerli istehsalı stimullaşdırmaq üçün xaricdən idxal olunan məhsulların gömrük rüsumunu artırmaq lazımdır. Nazirin bu açıqlamasının əslində heç bir iqtisadi izahı yoxdur. Nazirin təklifi yalnız monopoliyaya və bahalaşmaya xidmət edir. Digər tərəfdən də gömrük rüsumlarını artırmaqla büdcə kəsirlərini bərpa etmək istəyirlər. Azərbaycanda yerli istehsal demək olar ki, yox səviyyəsindədir. Heç bir istehsal müəssisəsinin ölkəni hər-hansı bir məhsulla təmin etməsi qeyri-mümkündür. Ona görə də, nazirin dediyi yerli istehsalın stimullaşdırılması idxal mallarının gömrük rüsumunu artırmaqdan keçmir.

Gömrük rüsumunun artırılması ilk növbədə bazarda ciddi bahalaşma yaradacaq. Nəzərə alsaq ki, istehlak səbətində olan məhsulların bir çoxu idxal hesabına təmin olunur, əgər nazirin təklifi qəbul olunsa, bahalaşma bütün məhsullarda hiss olunacaq.

Nazirdən absurd yanaşma

Digər tərəfdən yerli istehsal adı ilə bazara çıxan məhsulların da xammalı xaricdən gətirilir. Ən azından bütün yerli “brendlər” qablaşdırmada istifadə olunan malları xarici bazarlardan təmin edirlər. Çünki qablaşdırma üçün lazım olan malların yerli istehsalı yoxdur. Bu da onu göstərir ki, əgər gömrük rüsumları artırılarsa, hətta yerli məhsullarda da qiyməti artımı qaçılmaz olacaq. İqtisadiyyat nazirinin belə bir açıqlama verməsi, bu cür fikirlər səsləndirməsi əslində çox absurd bir məsələdir.

Digər tərəfdən nazirin bu dedikləri onsuz da iqtisadiyyatın bəlasına çevrilən monopoliyanın daha da “çiçəklənməsinə” gətirib çıxaracaq. Ölkədə kiçik və orta sahibkarlığın olmaması da məhz monopoliyanın gətirdiyi “inkişafın” nəticəsidir. Nazirin dedikləri də bir növ monopolistlərin işinə yarayacaq. İlk növbədə bazarda rəqabət azalacaq və əhalinin yalnız bir çeşid məhsul almaq imkanı olacaq. Həmin məhsula bazarda alternativ olmadığı üçün və tələbatın yüksələcəyindən qiymət artımı da qaçılmaz olacaq. Nəticədə yenə qazanan monopolistlər, itirən isə əhali olacaq.

Büdcəni doldurmağın “alternativ” yolu

Gömrük rüsumlarının artırılması bir tərəfdən də büdcə gəlirlərini artırmağa hesablanan addımdır. Deyək ki, iqtisadiyyat naziri Şahin Mustafayevin dediyi kimi yerli istehsalı stimullaşdırmaq üçün hökumət gömrük rüsumlarını artırdı, nəticədə nə baş verəcək? Gömrükdən mal keçirən sahibkardan əvvəl 10 faiz vergi tutulurdusa, bundan sonra 20 faiz və ya daha çox vergi tutulacaq. Bununla da büdcəyə əvvəlkindən daha çox vəsait daxil olacaq və büdcə kəsirləri bununla da gözə görünməyəcək. Nəticədə büdcədə kəsrlər olmayacaq, amma idxal olunan məhsulların qiyməti kəskin artacaq. Bu da monopolistlərə şərait yaradacaq ki, gətirdikləri malı maya dəyərindən 2-3 dəfə baha qiymətə əhaliyə satsınlar və daha yüksək gəlir əldə etsinlər. Hər bir halda nazirin səsləndirdiyi bu fikirlər ölkə iqtisadiyyatının inkişafından başqa, bir çox məsələlərə xidmət edir. Əslində isə iqtisadçılar bu fikirlərin tam əksini təklif edirlər.

Belə ki, iqtisadçılar hesab edirlər ki, gömrük rüsumları azaldılmalıdır və istehlak səbətinə daxil olan məhsullar Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmalıdır. Yalnız bu halda bazarda ucuzlaşma yaratmaq və ya ən az qiymətlərin sabitliyini qorumaq olar. Uzun zaman müzakirə olunan bu kimi məsələlərə baxmayaraq iqtisadiyyat nazirinin bütün bunların əksinə olan fikirlər səsləndirməsi müstəqil ekspertlərin, iqtisadçıların təkliflərinin hökumət üçün maraqlı olmadığını dolayısı yolla sübut etdi. Hökumətin iqtisadi inkişaf üçün atdığı addımların hansı nəticələri verəcəyinin isə yaxın zamanlarda şahidi olacağıq. Proseslərin hansı yöndə inkişaf etdiyi isə iqtisadiyyat nazirinin səsləndirdiyi fikirlərdən bəlli olur.

V.Muxtar