Yuxarı

Sığorta şirkətlərinin daha bir kələyi

Sığorta şirkətlərinin  daha bir kələyi

  Dəymiş ziyana görə vəsait ödəməkdən boyun qaçırırlar Xəyal Məmmdəxanlı: “Onlar bu məsələdə haqsızdır” Natiq Cəfərli: “Kasko sığortada daşınan əmlakın tamamı sığortalanıbsa, mütləq ödəniş olmalıdır” Son günlər paytaxt Bakıya yağan yağış səbəbindən yollarda kifayət qədər suya batmış nəqliyyat vasitələri müşahidə olundu. Onların əksəriyyəti yollarda xarab olub eskalatorlarla avtoservislərə aparıldı. Əməkdaşımız məhz yağışlı havada yollarda qalan sürücülər arasında sorğu aparıb. Məlum oldu ki, sığorta şirkətləri avtomobilli vətəndaşların hüquqlarını kobud sürətdə pozur. Belə ki, sığorta şirkətləri əksər kasko sığortalı avtomobil vasitələrinə dəymiş ziyana görə vəsait ödəməkdən boyun qaçırır. Sürücülər “Atəşgah”, “Beynəlxalq”, “AXA-Mbask”, “AzSığorta”, “Standart” kimi sığorta şirkətlərinin və digərlərinin adlarını çəkdilər. Bundan əlavə yağışdan ziyan görmüş sığortasız avtomobillərin də sayı az olmadı.Sözügedən məsələ ilə bağlı biz də öz növbəmizdə bu siyahıda olan sığorta şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. Demək olar ki, sığorta şirkətləri “Cümhuriyət” qəzetinin onlara ünvanlandığı suallarını bu və ya digər formada cavabsız qoydular. Əldə etdiyimiz xırda-para məlumatlara görə, onlara avtomobilinə ziyan dəymiş sürücülər tərəfindən müraciət daxil olub. Ancaq hələ işin icrası ilə bağlı prosedur qaydalara start verilməyib. Bundan əlavə bağlanan sığorta şirkətləri də qarşımıza çıxmamış olmadı. Bu isə məsələnin digər problemli tərəfidir. “Yalnız bir halda imtina edə bilərlər” Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, sığorta şirkətlərinin həmin ödənişlərdən imtina etməyə əsasları yoxdur: “Onlar bu məsələdə haqsızdır. Yalnız bir halda sığortanı ödəməkdən imtina edə bilərlər ki, baş vermiş hadisə təbii fəlakət hesab olunsun. Amma Bakıya yağan yağış təbii fəlakət deyil. Hər halda payızda yağışın yağmasından təbii heç nə ola bilməz. Yağış mövsüm qaydalarına uyğundur. Əgər bir il ərzində eyni şəhərdə 4-5 dəfə eyni durum yaşanırsa, bunun harası təbii fəlakətdir? Təbii fəlakət odur ki, yayın ortasında qar yağır. Ona görə də baş vermiş hadisəni təbii fəlakət kimi qiymətləndirib ödənişdən imtina etmək - hüquqsuz və əsassızdır. Sığorta şirkətləri avtomobillərə vurulmuş zərəri ödəməyə borcludur. Bundan heç bir şirkət boyun qaçıra bilməz”. “Əvəzini dövlətdən ala bilərlər” Ekspert onu da vurğulayıb ki, sığorta şirkətləri dəymiş zərəri müştərilərə ödəyəndən sonra həmin ziyanın əvəzini bu işdə təqsiri olan dövlət qurumlarından ala bilər: “Belə ki, sığorta şirkətlərinin Bakı Şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə, “Azəravtoyol” ASC-nə qarşı iddia qaldırmaq hüququna malikdir. Yəni, sığorta şirkəti avtomobili ziyan görmüş şəxsə dəymiş ziyanı ödəyir, ödədiyi pulu da yolu təmir edən qurumdan tələb edir. Sığortada buna subroqasiya hüququ deyirlər. Yəni, müqavilə ilə əlaqədar olaraq bir şəxs (sığortaçı) digər şəxsə (sığortalıya) üçüncü şəxs (zərərvuran) tərəfindən vurulmuş zərəri ödəyir və dəymiş zərərə müvafiq olaraq da zərərvurandan ödənmiş sığorta ödənişi miqdarında borcu geri tələb etmə hüququ əldə edir. Baş vermiş yağışda dəymiş zərərə görə, ödənişləri ilk növbədə sığorta şirkətləri həyata keçirməlidir”. Xəyal Məmmədxanlı sığortasız avtomobillərə dəymiş ziyana da toxunub: “Əgər avtomobil sığortasızdırsa, vətəndaşın həmin qurumları birbaşa məhkəməyə verməyə hüququ çatır.Qanun bir neçə qurumu eyni anda məhkəməyə verməyə də imkan verir”. “Müştərinin hesabına məcburi qaydada pul köçürülməlidir” Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli də “Cümmhuriyət” qəzetinə bildirib ki, zərər görmüş vətəndaşın məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur: “Yaxşı olardı ki, sürücülər məhkəməyə qrup halında müraciət etsinlər. Hüquqları pozulmuş insanların özlərinin birliyi olsun ki, ardıcıl məhkəmə qərarlarının çıxarılmasına çalışaraq sığorta şirkətlərinin cəzalanmasına nail ola bilsinlər. Sığorta şirkətləri müqavilələrdə nəzərdə tutulmuş qaydalara əməl etmirsə, bunun hüquqi vasitələrdən başqa effektiv həll yolu yoxdur. Sığorta şirkətlərinin bir çoxu da öhdəliklərindən imtina edir. Bu da insanlar üçün kifayət qədər böyük diskomfort yaradır. Hesab edirəm ki, sürücülər kütləvi formada məhkəməyə müraciət etsələr, ciddi effekti olacaq. Bu həm də sığorta şirkətlərinin məsuliyyətini artıra biləcək bir addım olacaq. Çünki sürücünün xeyrinə çıxan qərar sonradan əmsal rolunu oynayacaq”. İqtisadçı onu da vurğulayıb ki, əgər kasko sığortada daşınan əmlakın tamamı sığortalanıbsa, mütləq ödəniş olmalıdır: “Eyni zamanda bağlanmış müqavilədə imzalanan şərtlərə diqqət yetirmək lazımdır. Məhkəmə qərarı ilə sığorta şirkətinin hesabından müştərinin hesabına məcburi qaydada pul köçürülməlidir”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları