Yuxarı

Azərbaycan iqtisadiyyatının çöküş tarixi

Azərbaycan  iqtisadiyyatının  çöküş tarixi

 

İlham Şaban: “2018-2020-ci illərə qədər...”

Neftin qiymətinin getdikcə ucuzlaşması neft hasilatında mühüm yer tutan ölkələri “batmaq” təhlükəsi qarşısında qoyub. Belə ölkələr arasında Səudiyyə Ərəbistanı da var. Səudiyyə Ərəbistanının iqtisadiyyat nazirinin müşaviri Məhəmməd əl-Tuvaijri qənaət tədbirlərinə start verilmədiyi təqdirdə ölkənin 3-4 ildə batacağını deyib.

Qlobal iqtisadi çöküş və Azərbaycan

Neftin dünya bazarlarında ucuzlaşması İraq, Venesuela, İran, Anqola, Elvador və digər ölkələrin iqtisadiyyatlarını defolt təhlükəsiylə üzləşdirib. Sürətlə borclaşmaları və iqtisadiyyatlarının çökməsi təsadüf deyil. Çünki bu dövlətlərin iqtisadiyyatlarının 90%-dən çoxu neftdən gələn gəlirlərdən asılıdır. İqtisadçılar baş verənlərin Azərbaycandan da yan keçməyəcəyini, təxminən 2 ilədək ölkə iqtisadiyyatının defolta gedəcəyini proqnozlaşdırırlar. İqtisadçılar bildirirlər ki, dünyada gedən proseslərin Azərbaycan iqtisadiyyatına ikinci əsas təsiri valyuta ilə bağlıdır. Bu həm neftin qiymətinin düşməsi, həm də dünyada dollar indeksinin artması ilə əlaqəlidir. Azərbaycan iqtisadiyyatına əsas təsirlər bu yöndən olur. Əgər bu proseslər daha da dərinləşərsə, xammal bazarında yeni dəyişiklər görə bilərik, neftin qiymətində növbəti enmələr müşahidə edə bilərik. FED bir dəfə faizi artırsa, bu, dünyada dollar indeksinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə dolayısı ilə bütün valyutaların məzənnəsinə mənfi təsir göstərir. İqtisadçılar bu vəziyyətin Azərbaycanın valyuta ehtiyatlarının kəskin formada azalmasına və bunun da iqtisadiyyatın çöküşünün sürətlənməsinə təkan verdiyini deyirlər.

Azərbaycan üçün bədbin proqnoz

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban “Cümhuriyət”ə açıqlamasında dünya bazarlarında neft qiymətlərinin ucuzlaşma trendinin Azərbaycan iqtisadiyyatına kəskin formada təsir etdiyini bildirib. İ.Şabanın sözlərinə görə, 2018-2020-ci illərə qədər Azərbaycan iqtisadiyyatı çökə bilər: “2014-cü ilin məlumatına görə, Azərbaycanın Neft Fondunda neftdən gələn gəlirlər 16.2 milyard dollar idi. 2015-ci ildə bu məbləğ 7.6 milyard dollara qədər azaldı. Faktiki olaraq, 2 dəfədən çox azalma baş verib. Cari ildə bu rəqəm təxminən 5 milyard civarında göstərilir. 2014-cü illə müqayisədə neft mənəətimiz 2 dəfədən çox azalıb. Gələn il üçün də dəyişiklik gözlənilmir, mənfəət 5 milyard dollar ətrafında proqnozlaşdırılır. 2014-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləmələri 20 milyarddan çox olub. Ancaq 2017-ci ildə büdcə xərcləmələri 10 milyard dollardan da aşağı düşəcək. Cari ildə 10 milyarddan bir qədər artıqdır. Neft Fondunun aktivləri 2018-2020-ci illərədək xərclənib bitə bilər. Amma bu xərcləmələri praktikada müşahidə etmədik. İlin sonunda fondun aktivləri 34 milyard dollar civarında pronozlaşdırılır. Hökumət xərcləmələri kəskin şəkildə azaldıb. Xərcələmələrin azaldılması ölkə əhalisi üçün fəsadlar yaradıb. İş yerlərinin sayı azaldıldı, iqtisadiyyatın inkişaf tempi zəiflədi. 1995-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafı 1% hesablanmışdı. Bundan əvvəl nəticə mənfi idi. 2016-cı ildə ilk dəfə olaraq, iqtisadiyyatın inkişafında eniş yarandı, nəticə mənfidir. 9 ayın hesablamalarına görə, 2.8% enmə müşahidə olunub. Bu da o daməkdir ki, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə qeyri-neft sektorunun inkişafında azalmalar var”.

Yeganə artımın hələ ki, neft sektorunda olduğunu diqqətə çatdıran İlham Şabanın sözlərinə görə, bu, son 5 ildə baş verən ilk hadisədir: “Hasilatın artım dinamikasını ortaya qoya bilmişik. Ötən illərlə müqayisədə cəmi 0.3% azalma var. Əvvəllər bu rəqəm 3, 4, yaxud 5% olurdu. Qaz hasilatında da yaxşı artım dinamikası var. Gələn il də bu tendensiya saxlanılacaq. Hökumət bu il olduğu kimi 2017-ci ildə də fonddan büdcəyə kəskin transferləri azaldacaq. Buna paralel olaraq, digər sahələrə də xərcləmələr aşağı düşəcək”.

Xərclər azaldılsa, digər sahələr özlərini saxlaya biləcəklər?

Mütəxəssis hesab edir ki, digər sahələrin, qeyri-neft sektorunun özlərini saxlamaları üçün uzun yol keçməliyik, indiyədək keçməli idik: “Bir insan özü-özünü saxlaması üçün heç olmasa, texniki peşə məktəbi qurtarmalıdır, yəni bir sənət sahibi olmalıdır. Başqaları ilə təmasda olub, təcrübə qazanmalıdır. Üçüncü mərhələdə bazarlarla münasibətdə olmalıdır. Son 10 ildə isə Neft Fonduna gələn gəlirləri qeyri-neft sektoru “yedi”. Necə deyərlər, hazıra nazir oldu. Bunu da hökumət “qeyri-nef sektorunun inkişafında artım” kimi prezidentə təqdim edib. İndi neft sektorundan bu “krant” bağlanıb, qeyri-neft sektoru da böyrü üstdə qalıb.  Bu sektorun 1 ilin içində ayağa qalxmaq imkanı yoxdur. Çünki, inkişaf etməsi üçün yuxarıda dediyim 3 mərhələni keçməlidir. Bu mərhələləri tez keçməsi üçün də külli miqdarda investisiya qoymaq lazımdır”.

İnvestisiyanı haradan tapmaq lazımdır?

İlham Şaban qeyd edib ki, hökumətin qeyri-neft sektorunu dirçəltməsi üçün investisiyası yoxdur: “Çünki hökumət Neft Fondunun vəsaitlərini saxlamağa çalışır. O zaman lazım olan vəsait xaricdən gəlməlidir. Hələ ki, xaricdən qeyri-neft sektorunda vəsait ayıran yoxdur. Çünki Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ən qanunvericilik, nə məhkəmə sistemi, nə iqtisadi, nə inam vəziyyəti, nə də maliyyə-kredit sistemi baxımından münbit şərait yoxdur. Situasiya imkan vermir ki, xarici investor, yaxud xaricdə yaşayan azərbaycanı iş adamları həmin sektora investisiya yatırsın. İndiki vəziyyətdə xarici investorlar Azərbaycana gəlsələr, sabah başqa bir “Çovdarov” ortaya çıxıb, gətirdiklərini əllərindən alacaq. Bunun üçün ciddi və köklü islahatlar olmalıdır. Necə ki, vaxtilə hökumət neft sektorunun inkişafına xüsusi önəm verdi, indi bu işi qeyri-neft sektoru üçün görməlidir. Qeyri-neft sektorunun üstündə əsmək lazımdır. Nə vaxt münbit şərait yaradılacaq, o zaman bu sektor öz meyvəsini verəcək”.

Mənsur