Yuxarı

Bağlanan banklar “krışa” axtarışında

Bağlanan banklar “krışa” axtarışında

Akif Nəsirli: “Kimin arxasında duran adamın təsir gücü daha çoxdursa...”

Ölkədə baş verən ağır iqtisadi böhran bankları müflis olmaq həddinə çatdırdı. Xüsusilə, ikinci devalvasiyada bankların müflisləşmə tendensiyası daha sürətlə getməyə başladı. Bunun nəticəsi kimi, ikinci devalvasiyadan sonra 12 bankın lisenziyası ləğv olundu. Ancaq bir neçə gün öncə “Parabank” ASC öz fəaliyyətini bərpa etdi. Təbii ki, burada bir çox ziddiyyətli məqamlar var. “Parabank” ASC-nin fəaliyyətini necə bərpa etdiyini “Cümhuriyət” qəzetinin 28 oktyabr sayında oxuya bilərsiz.

Bütün bunlara baxmayaraq “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-ə çevrilməsinə dair razılıq verilib. Qeyd edək ki, bu günə qədər lisenziyası ləğv olunan bankların heç biri haqqında belə bir qərar olmayıb. Lisenziyası əlindən alınan digər banklardan hansının yenidən bərpa olunmaq ehtimalı var?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bağlanan bankların yenidən fəaliyyətə başlaması heç də qanun çərçivəsində aparılmır. Onun sözlərinə görə, bu daha çox bankların arxasında duran “gücün” dərəcəsindən asılıdır: “Hesab edirəm ki, bağlanan bankların ayrı-ayrılıqda yenidən istər bank olmayan kredit təşkilatı, istərsə də bank kimi fəaliyyət göstərmək imkanları yoxdur. “Parabank”ın da yenidən bank olmayan kredit təşkilatı kimi fəaliyyətə başlaması heç də onun iqtisadi imkanları ilə bağlı olan məsələ deyil. Bu arxasındakı gücə əsaslanan qərarlardır. Bu qərarların iqtisadi gücə heç bir bağlılğı yoxdur. Konkret desək kimin arxasında duran adamın təsir gücü daha çoxdursa, həmin bankın yenidən fəaliyyət göstərmək imkanı var. Amma iqtisadi baxımdan dəyərləndirsək, bağlanan banklar ayrı-ayrılıqda deyil, yalnız birləşmə yolu ilə yenidən fəaliyyət göstərə bilərlər. Azərbaycan qanunlarına uyğun həcmdə kapitalı formalaşdırmaqla yenidən fəaliyyət göstərmək olar. Amma Azərbaycanda bu cür proseslər heç də qanun çərçivəsində aparılmır. Burada bir çox qaranlıq məqamlar var. Bağlanan bankların arxasında duranlardan, kimin daha çox təsirə malik olduğunu isə demək çətindir”.

V.Muxtar





Həftənin ən çox oxunanları