Yuxarı

Hökumət büdcəni cərimələrlə doldurur

Hökumət büdcəni cərimələrlə doldurur

Natiq Cəfərli: “Dövlət orqanları maraqlıdır ki, vətəndaşlar daha çox qaydaları pozsun və daha çox cərimə yazsınlar” Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb. Belə ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103,1 milyon manat, xərcləri 10 milyard 622,2 milyon manat olub, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair informasiyada bildirilib. Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 12 milyard 98,3 milyon manat proqnoza qarşı 10 milyard 103,1 milyon manat və ya 16,5 faiz az icra olunub. 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10 milyard 622,2 milyon manat icra olunub. Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 milyard 951 milyon manat, icmal büdcənin xərcləri isə 12 milyard 623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycan pambıq ixracından cəmi 29 milyon dollar qazanıb. Eyni zamanda 2016-cı ilin yanvar-avqust aylarında təkcə Dövlət Yol Polisi İdarəsi sürücülərdən və vətəndaşlardan 58 milyon manat cərimə pulu yığıb. Bu ritorik müqayisə iqtisadçılar tərəfindən də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edir ki, cərimələri büdcə ilə bağlamaq düzgün yanaşma deyil. Bəzi ekspertlər də hesab edir ki, bir az da sərmayə yatırsalar yol polisi büdcəyə bütövlükdə aqrar sektordan çox xeyir verəcək. Hökumət pambıqçılıqdan çox yol polisinə sərmayə yatırmalıdır. “Bu yol qəbuledilməzdir” İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Avropa ölkələrində cərimələmə hüququ olan dövlət orqanları çalışırlar ki, vətəndaş qaydaları pozmasın: “Nə qədər az pozuntu olsa, bir o qədər yaxşıdır. Hətta ilk dəfə qaydaları pozanlara belə cərimələmədən onlarla tədqiqat işləri aparırlar. Bu barədə sosial çarxlar, reklamlar, televiziya debatları hazırlanır. Azərbaycanda isə cərimələmə hüququ olan dövlət orqanları maraqlıdır ki, vətəndaşlar daha çox qaydaları pozsun və daha çox cərimə yazsınlar. Bəzilərində isə artıq qanuni şəkildə stimullaşdırıcı qərarlar da verilib ki, cərimələrin müəyyən hissəsi onu tətbiq edən hökumət məmurlarının maaşına əlavə olunsun. Bu, ümumiyyətlə qəbuledilməzdir. Çünki dövlət məmurunda stimul yaratmaq olmaz ki, o, daha çox cərimə yığsın. Buna görə də Azərbaycanda büdcə ilə bağlı problemlər artacaq. Demək olar ki, artıq cərimələrin artması da müşahidə olunur. Görünənə odur ki, hökumət orqanları cərimələrin artması yolu ilə büdcəyə müəyyən daxilolmaları artırmağa çalışır.Dövlət öz əlində olan mexanizmilərdən vətəndaşa qarşı istifadə etməməlidir. Dövlətin ilk borcu vətəndaşın məlumatlandırmaqdır. Bu baş vermirsə, deməli, dövlət orqanları özləri maraqlıdırlar ki, insanlar qaydaları pozsun və onlar daha çox cərimə yığsın”. İqtisadçının qənaətincə, cərimə tendensiyası artaraq sürücülərin ictimai nəqliyyata üstünlük verməsi kimi bir simptomlar görünmür: “Azərbaycanda avtomobil həvəskarlığı həddindən artıq yüksəkdir.İnsanlar bəzən öz ehtiyaclarını beləödəmədən avtomobil almağa üstünlük verir. Amma bir müddət sonra ola bilər ki, insanlar həm yanacağa, həm də xərclərinə qənaət etmək üçün ictimai nəqliyyatdan daha çox istifadə etməli olsun”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları