Yuxarı

Yeraltı dayanacaqlar inhisara alınır

Yeraltı dayanacaqlar  inhisara alınır

 

Akif Nəsirov: “Bir nəfərin əlində cəmləşsə, vəziyyət gərgin olacaq”

Azərbaycan bu ildən özəlləşdirməyə start verib. Bir çox obyektlərin və iri müəssisələrin özəlləşdiriləcəyi qərarlaşıb. Özəlləşdirilməyə çıxarılacağı qərarlaşan bir sıra tibb müəssisələrinin ardınca yeraltı dayanacaqların satışa çıxarılacağı bildirilir. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur. Hazırda bu dayanacaqlar Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Hərraca çıxarılacaq yeraltı dayanacaqların bundan sonrakı etapda fəaliyyəti necə tənzimlənəcək?

“O dayanacaqların çoxu indi boşdur”

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, yeraltı dayanacaqlar tikilən zaman təklif edilmişdi ki, hökumət bu işlə məşğul olmasın: “Yəni hökumət bu yeraltı dayanacaqları tikməsin. Bunu özəl şirkətlərə həvalə etsin. Müsabiqə yolu ilə şirkətlər seçilsin və hər hansı bir ərazidə maşın dayanıqlığını və sıxlığını aradan qaldırmaq üçün müəyyən tədbirlər görülsün. Bu özəl şirkətlər öz maraqlarına uyğun məsələni həll etsinlər. Lakin hökumət bunun əksinə olaraq bu yeraltı dayanacaqları tikdi və o dayanacaqların çoxu da indi boşdur. Ya qiymətə, ya da uyğun yerdə tikilməməsinə görə hazırda Bakıda fəaliyyət göstərən maşın dayanacaqlarının yarıdan çoxu boşdur. Əgər küçədə, yol kənarlarında maşın saxlamasalar, yeraltı dayanacaqlarının boş qalması anlaşılandır. Bir tərəfdən yeraltı, yerüstü dayanacaqlar boşdur, digər tərəfdən isə maşınlar dayanması qadağan olan ərazilərdə maşın saxlayan zaman yol polisləri qeyri-qanuni avtomobil oğurluğu ilə məşğul olurlar. Bu da qanunsuz fəaliyyətin bir növüdür. İndi hökumət başa düşür ki, yeraltı dayanacaqları hərraca çıxarıb satmaq lazımdır. İndi bunların satışı da problemdir.

Çünki sahibkar dayanacaq tikilməmişdən əvvəl hökumətdən bu tapşırığı alsaydı, indi dayanacaqların tikilməsi üçün yer daha münasib olardı. Hər işin görülməsindən əvvəl marketinq tədqiqatı deyilən bir şey var. O marketinq tədqiqatları aparılacaqdı və dayanacaqlar daha uyğun, münasib yerlərdə tikiləcəkdi ki, sürücülər üçün istifadəsi yararlı, rahat olsun. Hökumət artıq münasib olmayan yerlərdə dayanacaqları tikib və indi onları sahibkarlara satmaq istəyir. Buradan gələn gəlirlərlə isə hökumətin açıq qalan xərcləri və kəsrləri ödənsin”.

“Bütün xidmətləri özəl sektor aparmalıdır”

Ekspertin qənaətincə, bu dayanacaqların böyük əksəriyyəti cəlbedici olmayacaq: “Yəni, sahibkarlar tərəfindən maraqlı olmayacaq. Ona görə ki, uyğun olmayan ərazilərdə tikilib. Lakin hansı ki, normal ərazilərdə tikilib və sahibkarlar üçün gəlirlidir, onların heç bir problemi olmayacaq. Sahibkarın adına keçəndən sonra bu işdə səmərəlilik artacaq. Əslində bu cür xidmətlərin dövlətidarəetməsində olması mümkün deyil. Ümumiyyətlə, bütün xidmətləri özəl sektorlar yürütməlidir. Hökumət ümumi makroiqtisadi idarəetmə ilə məşğul olmalıdır. Bu iki sahələrdə aparılmalıdır. Azərbaycan hökuməti daha əhəmiyyətsiz, ikinci, üçüncü, beşinci dərəcəli xidmət sahələrinin özəlləşdirilməsi ilə məşğuldur. Hesab edirəm ki, “ziyanın yarısından qayıtmaq da xeyirdir” prinsipindən yanaşsaq, istənilən obyektin özəlləşməsi mümkündür, lazımdır və əhəmiyyətlidir”.

“Özəlləşmə olsa, qiymət ucuzlaşacaq”

Akif Nəsirli qeyd edib ki, özəlləşdirmədən sonra qiymət problem deyil: “Yəni, bu bir nəfərin əlində cəmləşməyəcəksə, özəlləşmə bir prosedur xatirinə olacaqsa, vəziyyət gərgin olacaq: “Bilirik ki, monopoliyada qeyrət məsələsi problemə çevrilir. Monopoliya qiyməti diktə edir və alıcı bundan əziyyət çəkir. Amma real özəlləşmə gedəcəkcə, müxtəlif adamların əlində olacaqsa, onda qiymət problemi olmayacaq. Hər halda sahibkar qarşısında rəqabət olduğu halda elə variant seçəcək ki, həm sürücülər, həm də özü üçün normal olsun. Özəlləşmə qiymətlərə müsbət istiqamətdə təsir edəcək. Çünki sahibkar həmişə nəzərə alır ki, qiyməti minimum eləsin ki, onun alıcısı olsun.

Dövlət müəssisəsi olanda, onun idarə edən sahibkar üçün fərqi yoxdur. İkinci bir tərəfdən qiyməti tənzimləməkdə də sərbəst deyil. Bir sözlə, dayanacaqlar özəlləşməyə çıxarılanda monopoliyaya verilməyəcəksə, qiymətlər azalmağa doğru gedəcək. Xidmətlərin keyfiyyəti qalxacaq, qiymətlər isə azalacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları