Yuxarı

Maaş və pensiya artımı bahalaşmanı kompensasiya edə biləcəkmi?

Maaş və pensiya artımı bahalaşmanı kompensasiya  edə biləcəkmi?

 

Nazim Bəydəmirli: “Bahalaşmanı maaş artımı ilə kompensasiya etmək  mümkün olmayacaq”

Oqtay Haqverdiyev: “Əhalinin real gəlirləri aşağı düşüb”

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il  noyabrın 28-də keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

“İnflyasiya dərəcəsi 15 faizdən artıqdır”

Tarif  Şurasının elektrik enerjisi və təbii qazın qiymətinin artırılması haqqında qərarı əhali tərəfindən birmənalı qiymətləndirilmir. Azərbaycanda maaş və pensiyaların baza hissəsinin artırılması illik inflyasiya dərəcəsinə uyğun hesablanır. Baş verən iqtisadi böhran və manatın xarici valyutalara nisbətdə kəskin ucuzlaşması inflyasiya dərəcəsini artırmasına baxmayaraq rəsmi rəqəmlər ötən ilki rəqəmlərə uyğun göstərilib. Bu isə o deməkdir ki, növbəti ildə maaş və pensiyaların baza hissəsində cüzi miqdarda artım olacaq. Qeyd edək ki, qeyri-rəsmi hesablamalara görə, hazırda inflyasiya dərəcəsi 15 faizdən artıqdır. Ancaq rəsmi rəqəmlər 11.2 faiz göstərilir. Ötən il inflyasiya dərəcəsi 10.8 faiz civarında idi. 1 il ərzində inflyasiya dərəcəsinin cüzi miqdarda artması ölkədə baş verən iqtisadi çöküşə adekvat deyil. Hər il olduğu kimi 2017-ci ilin yanvar ayında maaş və pensiyaların baza hissəsinə 10 faiz əlavə olunması gözlənilir. Bu isə manat hesabı ilə çox aşağı rəqəmdir. Kommunal xidmətlərin kəskin bahalaşması onu göstərir ki, hökumət büdcə xərclərini kompensasiya etmək üçün bu cür addımlar atır. Maaş və pensiyaların qiymət artımına uyğun indeksləşdirilməsi vacibdir. Əks halda əhalinin yaşayış səviyyəsi daha da aşağı düşəcək. Nəticədə sosial narazılığın artmasına səbəb olacaq.

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, adətən, hər il büdcədən maaş alanların əməkhaqqılarına prezident sərəncamı ilə əlavələr olur. Yaxud pensiyaçıların aldıqları pensiyanın sığorta hissəsinə illik inflyasiya dərəcəsinə uyğun indeksasiya olunur: “Ancaq qiymət artımını heç bir maaş artımı ilə kompensasiya etmək, əvəzləmək mümkün olmayacaq. Çünki dövlət büdcəsindən maaş alan insanlar təqribən 900 min nəfərdir. 1 milyon 200 min nəfər isə pensiyaçı var. Bir çoxları 2009-cu ildə ölkə başçısının verdiyi fərmanı yaddan çıxarıblar. Kommunal xidmətlərin qiymətinin maya dəyərinə uyğunlaşdırlması haqqında fərman yerinə yetirilmir. Bu gün maya dəyəri 4.7 qəpik olan 1 kub qazı 10 qəpikdən satırlar. Həmçinin bunun qiymətini 20 qəpiyə qaldırmaq haqqında qərar qəbul olunub. Bu isə o deməkdir ki, maya dəyərindən təqribən 5 dəfə artıq satılır. Qonşu ölkələrdə isə elektrik enerjisinin maya dəyəri təqribən 3 qəpiyə qədərdir”.

Ekspertin sözlərinə görə, kommunal xidmət göstərən qurumların dövlət büdcəsi qarşısında xroniki olaraq öhdəlikləri qalır: “Vergilər vasitəsilə büdcəyə ödədikləri heç də kompensasiya olunmayacaq. Bu qiymət artımını iqtisadi əsassız sayıram. Qiymət artımı ancaq aztəminatlı ailələrə ziyan vurur. BMT-nin hesabatlarına görə, Azərbaycan əhalisinin 78 faizini aztəminatlı ailələr təşkil edir. Bahalaşma birbaşa onların ailə büdcəsinə ciddi təsir edəcək.

İdxaldan asılı ölkə olaraq həm də ərzaq idxalına çoxlu pul xərcləyirik. İdxal olunan ərzaqların əksəriyyətinə dolların kursunun dəyişdiyinə görə, daha çox manat xərcləməli oluruq. Bu fonda böhranın daha da dərinləşəcəyini proqnoz edirəm. Sosial müavinətlərlə və ödənişlərlə bunun qarşısını almaq mümkün olmayacaq.

Hesab edirəm ki, dövlət başçısı bu qərarı ləğv etməlidir. Bu, iqtisadi əsası olmayan qiymət artımıdır. Ölkə daxilində istehsal olunan məhsulların qiymətinin dolların məzənnəsindən heç bir asılılığı yoxdur. Vətəndaşlara ciddi təsir etdiyinə, həm də iqtisadi fəallığı azaldacağına görə, Tarif Şurasının atdığı bu addımı qeyri-qanuni hesab edirəm və bu qərarın ləğv olunmasını ölkə başçısından gözləyirəm”.

“Əmək haqqında 12 faiz artım gözlənilir”

İqtisadçı-ekspert Oqtay Haqverdiyev “Cümhuriyət” qəzetinə bildirib ki, 2017-ci ildə 2016-cı ilin inflyasiya səviyyəsi qədər maaşlar, pensiyalar indeksasiya olunacaq: “Artıq 2017-ci ilin büdcəsində bu nəzərə alınıb. Ümumilikdə 10-12 faiz civarında artım gözlənilir. Başqa artım gözlənilmir. Əlbəttə ki, çətinliklər olacaq. Hələ 2016-cı ilin özündə də əhalinin real gəlirləri aşağı düşüb. Nominal gəlirlər artır, amma inflyasiya olduğu üçün real gəlirləri aşağı düşür. Əhalinin 8 faiz pul gəlirləri artıb, amma inflyasiya 12 faizdir. Deməli, həyat səviyyəsi 4 faiz aşağı düşür. 2017-ci il barədə öncədən proqnoz vermək çətindir. Amma yəqin ki, bundan yaxşı olmayacaq. Belə səviyyədə qalsa da böyük şeydir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları