Yuxarı

“Azərenerji”nin ləğvi gündəmdə

“Azərenerji”nin ləğvi gündəmdə

Natiq Cəfərli: “Dövlət nəzarətində olan təbii inhisarlarla bağlı qlobal qərarlar verilməlidir”

“Azərenerji” ASC-nin ləğv olunması məsələsi yenidən gündəmə gəlib. Daha doğrusu bu qurumun səlahiyyətlərinin “Azərişıq” ASC-yə və ya Yanacaq və Energetika Nazirliyinə veriləcəyi gözlənilir. Ekspertlər hesab edir ki, “Azərenerji”nin dövlət  tərəfindən təmin olunması düzgün deyil. Çünki onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var. Mütəxəssislərin bildirdiyinə görə, “Azərenerji” ASC-nin özəlləşdirməsi və ya Yanacaq və Energetika Nazirliyinin tabeliyinə keçirilməsi bu qurumun daxili və xarici borclarının təminatı üçün daha məqbul olardı.

Qeyd edək ki, bu ilin fevral ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi haqda sərəncam  verilib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təbii inhisarların gələcək taleyi ilə bağlı qərar verilməlidir:

“Əgər öz üzərindən yükü atmaq istəyirsə dövlət nəzarətində olan təbii inhisarlarla bağlı qlobal qərarlar verilməlidir. Qərar iki hissədən ibarət ola bilər. Birinci odur ki, addım-addım özəlləşməyə getməklə yükün tamamilə dövlətin çiynindən götürülməsi, büdcənin yükünün azaldılması və daimi effektliliyin artırılmasıdır. İkinci, dövlət bu sahələri əgər öz nəzarətindən buraxmaq istəmirsə, müəyyən inhisarlar yolu ilə, xərcləri azaltmaq yolu ilə bunu həll etməlidir. Bu iki yoldan biri seçilməlidir. Amma təəssüflər olsun ki, döbvlətin bununla bağlı doğru-düzgün yol xəritəsi yoxdur. Yol xəritəsinin olmaması belə müxtəlif təkliflərin səsləndirilməsinə, yanaşmanın dəyişməsinə səbəb olur. “Azərenerji” nin müəyyən səlahiyyətlərini müxtəlif dövlət qurumları arasında bölmək olar. Tamamilə bu qurumu ləğv etmək də olar. 

Sadəcə bu məsələdə başqa bir problem var. Atılan addımlar effektliyi artıracaqmı? İdarəetmədəki problemlər aradan qaldırılacaqmı? Enerjinin hasilatının maya dəyərini aşağı salacaqmı? Effektiv idarəetməyə səbəb olacaqmı? Ləğv etdirmək xatirinə ləğv etmək, birləşdirmək xatirinə birləşdirmək olacaqsa,  bunun ciddi effekti olmayacaq. Yox əgər addım- addım effektiv idarəetmə kimi nəzərdə tutulubsa, bunu normal şəkildə həyata keçirməklə məqbul nəticələr gözləmək olar”.

“İqtisadiyyat dövlətsizləşdirilməlidir”

Ekspertin fikirncə, dövlət maksimal dərəcədə iqtisadiyyatdan çəkilməlidir: “Dövlət bacardığı qədər təbii inhisarları ya uzun müddətli idarəetməyə, ya da tamamilə özəlləşdirməyə açıq elan etmıəlidir. Bu yolla həm effektliyi artırmaq, həm də büdcə xərclərini azaltmaq mümkündür. Bu mənim yanaşmamdır. Kimin necə düşündüyünü və nə etmək istədiyini anlamaq mümkün deyil”.

Natiq Cəfərlinin sözlərinə görə, “Azərenerji” ASC-nin “Azərişıq”a verilməsi problemin həlli demək deyil: “Bu qurum digərinə birləşdirilsə borclarını verəcək? Borc birdəfəlik silinib itmir axı... Daxili və vergi borclarını silə bilirlər. Dəfələrlə bunun şahidi olmuşuq.

Amma xarici borcları silmək mümkün deyil. Xaricdən alınmış borclar dövlət zəmanətindədi. “Azərenerji”nin ləğv edilməsi o borcları ləğv etmir, məcburən o borcları qaytaracaq. Belə bir vəziyyətin yaranmaması üçün hökumət indidən bir tədbirlər planı hazırlamalı,  bir qərara gəlməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları