Yuxarı

Bankların varlanmaq planı

Bankların  varlanmaq planı

Aqrar sektora kredit ayrılmır

Vüqar Bayramov: “Çalışırlar ki, daha qısa müddətdə daha çox gəlir əldə etsinlər”

Bu ilin 10 ayı ərzində ən çox kredit (ev təsərrüfatları istisna olmaqla) ticarət və xidmət, o cümlədən, inşaat və əmlak sektoruna yönəldilib. Mərkəzi Bankın açıqladığı statistikada kredit portfelinin ümumi mənzərəsini görmək olar. Belə ki, 16 milyard manata yaxın kredit portfelində ticarət və xidmətin payı 15.7 faiz, inşaat vəəmlak sektorunda 11.5 faiz olub. Ötən illə müqayisədə ticarət və xidmət sahəsinin payı 1,2 faiz artsa da, inşaat və əmlak sektorunun payı 2.5 faiz azalıb.

Ümumilikdə, ticarət və xidmət sahəsinə 2,5 milyard manat kredit ayrılıb, ötən il isə bu rəqəm 3 milyard manatdan çox olub. Aqrar sektorun payı cəmi 2,5 faizdir. Manatın devalvasiyasından sonra hökumət kənd təsərrüfatının inkişafını prioritet elan etsə də, bu sahəyə yönəldilən kreditlərin həcmində bunu görmək olmur, hətta ötən illə müqayisədə kənd təsərrüfatı və emalı sektorunun payı təxminən 100 milyon azalıb. Bu sektor kredit portfelinin cəmi 2.5 faizini təşkil edir, aqrar sahəyə ilin 10 ayı ərzində 400 milyon manatlıq kredit ayrılıb. Bu isə müqayisədə daha azdır. Əslində bu sahənin inkişafı əsas prioritet olmalıdır.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, həmin kreditlər kommersiya bankları tərəfindən verilir: “Əslində aqrar sektor prioritet elan  olunsa da hökumətin kommersiya banklarının hara kredit verməsilə bağlı təsir imkanları yoxdur və ya azdır. Kommersiya bankları o istiqamətlərə kredit yönəldirlər ki, həmin sahə nisbətən az risklidir. Aqrar sektora kreditlərin az yönəldilməsinin səbəblərindən biri bu sahənin nisbətən riskli olmasıdır. Biz birmənalı şəkildə aqrar və emaledici sektora daha çox kreditin yönəldilməsinin tərəfdarıyıq. Bu məsələ hər zaman müzakirə olunub. Hətta ölkə başçısı dəfələrlə kommersiya banklarının real sektoru maliyyələşdirməyə çağırıb. Amma təəssüf ki, hələ də kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı görünmür. Bu, əslində bankların yanlış kredit siyasəti ilə bağlıdır. Banklar çalışır ki, daha qısa müddətdə daha çox gəlir əldə etsinlər. İstehlak xidməti sektoruna daha çox kredit yönəldirlər”.

Ekspert onu da vurğulayıb ki, bu gün bank sektorunda müşahidə olunan problemlərin səbəblərindən biri daha çox qeyri-real sektora vəsaitlərin yönəldilməsi ilə bağlıdır: “Güman edirəm ki, banklar kredit siyasətinə yenidən baxacaq, kreditləri  mövcud post-neft dövrünə uyğun olaraq müəyyənləşdirəcəklər. Çalışmalıdırlar ki, real və aqrar sektor kommersiya banklarının kreditlərindən faydalana bilsin. Kommersiya banklarının kreditlərindən faydalanmaq imkanlarının verilməsi olduqca vacibdir.

Çox təəssüf ki, illərdir bu məsələni gündəmə gətirməyimizə  real sektorun kommersiya bankları tərəfindən maliyyələşməsinin əhəmiyyətini vurğulamağımıza baxmayaraq, hələ də kommersiya bankları qısamüddətli dövrdə daha çox gəlir əldə etmək prinsipinə üstünlük verərək real sektorun maliyyələşməsini həyata keçirmirlər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları