Yuxarı

Mərkəzi Bank manatın çöküşünü dayandıra bilmir

Mərkəzi Bank manatın  çöküşünü dayandıra bilmir

 

Azərbaycanın milli valyutası manat ucuzlaşmaqda davam edir. Manatın ucuzlaşmasını iqtisadçılar ölkə iqtisadiyyatının çökməsi və ölkəyə xarici valyuta axının olmamasıyla izah edirlər. Manatın möhkəmlənməsi üçün dayanacağı bir yer yoxdur. Milli valyutamızın dəyərdən düşməsi valyuta bazarında pul kütləsini artırır. Bazarda pul kütləsinin çox olması elə manatın ucuzlaşmasına təsir edən amillərdən biridir.

Mərkəzi Bankın manatı bu təzyiqlərdən qorumaq imkanı yoxdur. Bunun ən başlıca səbəbi isə Mərkəzi Bankın maliyyə resurslarının olmamasıdır. Manatın dəyərini sabit saxlamaq və ya müəyyən qədər möhkəmləndirmək üçün valyuta bazarına külli miqdarda xarici valyuta (dollar) çıxarmaq lazımdır. Necə ki, Mərkəzi Bank bu ilin sentyabr ayında bunu etdi və 2 həftə ərzində Dövlət Neft Fondu ilə birlikdə valyuta hərracına 400 milyon dollar çıxardı. Həmin dövr üçün dollar müəyyən qədər ucuzlaşdı və kommersiya bankları aktiv şəkildə valyuta mübadiləsinə başladı. Ancaq Mərkəzi Bankın bundan artığına gücü çatmadı. Hal-hazırda Mərkəzi Bank demək olar ki, valyuta hərracına dollar çıxara bilmir. Son həftələrdə MB-ın hərraca çıxardığı dollar tələbin yalnız 7-8 faizi civarında olur. Bütün bunlara nəzər salsaq, görərik ki, manatın dollar qarşısında möhkəmlənməsinə heç bir ciddi əsas yoxdur. Buna nə Mərkəzi Bankın, nə də Azərbaycan iqtisadiyyatının gücü çatmır.

Ancaq son günlər manatın hökumət tərəfindən süni şəkildə ucuzlaşdırılmasına dair iddialar səslənir. Doğrudur, manatın ucuzlaşmasında hökumətin “xidmətləri” böyükdür. Uzun illər ərzində aparılan yanlış pul siyasəti manatı 1 il ərzində iki dəfə kəskin devalvasiyaya məruz qoydu. Amma manatın ucuzlaşması süni şəkildə aparılmır, əksinə olaraq manatın ucuzlaşma surətini azaltmaq üçün Mərkəzi Bank bazara süni müdaxilələr edir. Hökumət rəsmiləri də etiraf edirlər ki, manat bu gün öz ədalətli dəyərində deyil. Mərkəzi Bank üzən məzənnə rejiminə keçid qərarı verdikdən sonra, bu siyasətə sadiq qalsaydı, hal-hazırda manatın real dəyəri 2.50-3.00 manat civarında olardı. MB-ın bazara etdiyi süni müdaxilələr nəticəsində manatın ucuzlaşma tempi aşağı düşdü. Ancaq Mərkəzi Bankın apardığı “manatı qorumaq” siyasəti də düzgün aparılmadı. Mərkəzi Bankı üzən məzənnə rejiminə keçiddən sonra verdiyi ilk qərar elə özlərini təkzip etmək oldu. Belə ki, üzən məzənnəyə keçid qərarından sonra Mərkəzi Bank banklara 4 faizli marja tətbiq etdi. Ancaq üzən məzənnə rejimində ümumiyyətlə, marja faizlərinin tətbiqi yolverilməzdir. Mərkəzi Bankı marja faizlərini tətbiq etməklə valyuta bazarına nəzarəti öz əlində saxlamağa nail oldu. AMB manatın qiymətinə cüzi təsir edə bilirdi. Bu tendensiya isə yalnız oktyabrın əvvəllərinə qədər davam etdi. Çünki AMB sonuncu dəfə oktyabrın əvvələrində hərraca 100 milyon dollar çıxara bildi. Bu da valyuta bazarında müəyyən qədər canlanma yaratdı. Ancaq bu canlanma da uzun sürmədi.

Digər tərəfdən manatın ucuzlaşmasının əsas səbəbi kimi göstərilən neftin ucuzlaşması hələ də davam edir. Azərbaycan iqtisadiyyatının dayağı hesab olunan neftin ucuzlaşması manatı ciddi təzyiq altına saldı. Ölkəyə gələn xarici valyuta axının azalması bazarda dollar qıtlığına səbəb oldu. Yaranan dollar qıtlığının aradan qaldırılması üçün AMB-nin heç bir imkanı qalmayıb. İqtisadçılar hesab edirlər ki, manatın möhkəmlənməsi üçün bazara ən az 8 milyard dollar çıxarmaq lazımdır və bununla paralel olaraq qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılmalıdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları