Yuxarı

Ölkə borc bataqlığına sürüklənir

Ölkə borc bataqlığına sürüklənir

Nazim Bəydəmirli: “Şübhəli layihələrə kredit ayırmaq doğru addım deyil”

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2016-cı il oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 650,7 milyon ABŞ dolları olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,1 faiz təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Hazırda bəzi sahələrdə müəyyən xərclərin qarşılanması ilə bağlı problemlər var. Ölkəyə yenidən kreditlərin cəlb edilməsinə ehtiyac duyulur.

Azərbaycanın xarici borcunun artma

sı təhlükəsi ciddi narahatlıq doğurur. Ekspertlərin qənaətincə, dövlətin xarici borcunu göstərən rəqəmlər əslində reallığı əks etdirmir. İqtisadçılar yaxın illərdə ölkə iqtisadiyyatının durumunun ürəkaçan olmayacağını ehtimal edirlər. Baş verənlər isə milli valyuta olan manatla bağlı ciddi təhdidlərlə nəticələnə bilər. Cari ilin əvvəlinə olan rəqəmlərdə Azərbaycanın xarici dövlət borcu 6,9 milyard ABŞ dollarıdır. Bundan başqa, hökumət əlavə borc götürmək üçün çalışır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparılır. Ekspertlərin fikrincə, son vaxtlar Azərbaycan həm xarici, həm də daxili borclanma ilə bağlı ciddi problemlərlə qarşılaşıb.

“Ölkənin xarici borcu ÜDM-in 60 faizindən yuxarıdır”

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, istənilən ölkə müxtəlif investisiya layihələrinin həyata keçirilməsinə görə borc alır: “Maliyyə Nazirliyinin açıqladığı borc birbaşa hökumətin aldığı borclardır. Bundan əlavə “Azəriqaz” ASC, “Azal” ASC, “Azərbaycan Dövlət Dəmir Yolları” ASC və digər dövlət şirkətlərinin borcu Dövlət Neft Şirkətinin dövlət borcundan da artıqdır. Ölkənin suveren borcları kifayət qədər böyük rəqəmdir. Açıqlanan və digər sahələrdən toplanan rəqəmlərdən bu qənaətə gəlmək olar ki, dövlətin xarici borcu təqribən Ümumi Daxili Məhsulun 60 faizindən yuxarıdır. Hər bir ölkə müxtəlif investisiya layihələrinin həyata keçirilməsində, uzunmüddətli vəsait qoyuluşuna borc alır. Adətən, həmin borcların qaytarılması müqaviləyə əsasən 20-30 illik olur və faiz dərəcələri çox aşağı hesablanır. İndiki halda Azərbaycanın kredit reytinqi 2 ildir ki, aşağı düşür. Bu zaman ölkəyə verilən kreditlərin faiz dərəcəsi də yüksək olur. Dövlət büdcəsindən o borcların qaytarılması hər il çətinləşir. Kommunal xidmətlərə borc verən qurumlar, istər Asiya İnkişaf Bankı, istər Avropa Yenidənqurma İnkişaf Bankı, istərsə də Dünya Bankı olsun, həmin sahələrdə adətən, islahatların aparılmasını və tariflərin qaldırılmasını tələb edir. Məqsəd çox borcun geri qaytarılmasını təmin etməkdir. Çünki ölkənin iqtisadi fəaliyyəti azaldıqca, geriləmə olduqca, borcların ödənilməsini bu və ya digər formada tariflər vasitəsilə həyata keçirirlər. Yaxınlarda kommunal xidmət sahələrində tarifin artırılmasının səbəblərindən biri bu idi”.

“Hökumət ayağını öz yorğanına görə uzatmalıdır”

Nazim Bəydəmirli onu da əlavə edib ki, Neft Fondunun ehtiyatları olmasaydı, Azərbaycana o qədər kredit verməzdilər: “İnvestisiya gəlirləri azaldıqca kreditlərin qaytarılması problemi ortaya çıxır. Bu, ümumilikdə ölkənin kredit bataqlığına sürüklənməsi kimi bir şeydir.

Ona görə hökumət daha çox iqtisadi fəallığı artırmalı, ölkədə inhisarlaşmanın qarşısını almalıdır, daha çox vergi bazasını genişləndirmək haqqında düşünməlidir. Vətəndaşların gəlirləri artmalıdır ki, dövlət büdcəsinə daha çox pul ödəsinlər. Hesab edirəm ki, dövlət borclanmasına son qoyulmalıdır. Hər bir şübhəli layihələrə kredit ayırmağı tarixə yazmaq lazımdır. Bunlar doğru addım deyil. Hesab edirəm ki, hökumət ayağını öz yorğanına görə uzatmalıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları