Yuxarı

Banklar dollar alqı-satqısını dayandırdı

Banklar dollar  alqı-satqısını dayandırdı

 

Bankların əksəriyyəti dollar alışını dayandırıb. Cebhe.info-nun məlumatına görə, iqtisadçı-alim Vüqar Bayramov təəccüblənməməyi tövsiyə edib. İqtisadçı qeyd edib ki, nə qədər qəribə olsa da söhbət dollar satışından deyil, alışından gedir: “Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu valyuta artıqlığı ilə bağlıdır. Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər.

Sadəcə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil. Əgər banklarda dollar artıqlığı varsa, o zaman vətəndaşlara niyə dollar satmırlar? Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki, valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir”.

Bəs, dollar alışından imtinanın səbəbi nədir? Bu, səmərəli yoldurmu?

Ekspert səbəbin sadə olduğunu deyib:“İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azatlmaq. Vətəndaş aldığı dolları sata bilmirsə, dollar ilə yığımlarını azalda bilər. Təbii ki, bu yol səmərəli deyil. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı “manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar “qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa, “qara bazar”dakıların “əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə “qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də, əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir”.

Vüqar Bayramovun qənaətincə, əgər dollar artıqlığı varsa, o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə, dollar satmalıdırlar: “Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir.

Bu, belə olacaqmı? Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə olmayacaqsa, deməli, banklarda dollar artıqlığı yoxdur və dollar alışından imtina bütün hallarda inzibati yollar ilə həyata keçirilir- valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları