Yuxarı

Ölkədən dollar çıxarmaq yasaqlandı

Ölkədən dollar  çıxarmaq yasaqlandı

 

Əkrəm Həsənov: “Belə bir qadağaya  çoxdan ehtiyac var idi”

Dolların məzənnəsinin sürətlə artması hökuməti müəyyən addımlar atmağa məcbur edir. Ölkədə dollar qıtlığı hökm sürdüyü bir vaxtda, bəzi vətəndaşlar, iş adamları dolları ölkədən çıxarmağa çalışırlar. Onlar öz ehtyatlarını daha güclü iqtisadiyyatı olan ölkələrdə saxlamaq istəyirlər. Ancaq bunun özü də manata əlavə təzyiq vasitəsidir. Xarici valyutadan ölkədən çıxarılması ölkədə dollar qıtlığının həcmini artırır. Xarici valyutanın ölkədən çıxarılmasında ən çox maraqlı olan tərəf isə məhz banklardır.

Çünki banklar köçürmə əməliyyatları vasitəsilə müəyyən qədər gəlir əldə edirlər. Azərbaycan Mərkəzi Bankı xarici valyutaların ölkədən çıxarılmasına müəyyən məhdudiyyətlər tətbiq edib və bununla da bu mexanizmin qarşısını almağı planlaşdırır. Belə ki, AMB-nın tətbiq etdiyi qaydalara görə, bundan sonra 1 şəxs hər gün üçün 1000 dollar, 1 ay üçün isə 10 min dollar civarında limit qoyub. Verilən rəsmi məlumata görə, bu qaydalar xaricdə təhsil və müalicə alan şəxslərə aid deyil. Onlar ehtiyaclarını tam ödəyən qədər vəsaiti ölkədən göndərə bilərlər. AMB-ı bu məhdudiyyətləri əsasən dollar ekvivalentinin ölkədən çıxarılmasına mane olmaqdır. Bunun valyuta bazarında dolların qiymətinə hər hansı bir təsir edəcəyi inandırıcı deyil. Qeyd edək ki, AMB-nın ölkədən xarici valyuta çıxarılmasına məhdudiyyət qoyması əslində hər zaman mövcud idi. Belə ki, gün ərzində 1000 dollardan artıq məbləğin ölkədən çıxarılması onsuz da qadağan olunmuşdu. Ancaq bu prosesə nəzarət o qədər də güclü olmadığı üçün qoyulan məhdudiyyətlər ciddi effekt vermirdi. Bu dəfə isə tətbiq olunan məhdudiyyətlərin hansısa effekt verəcəyi prosesə nəzarətin necə olmasından asılı olacaq.

“Cümhuriyət” qəzetinə açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bankın tətbiq etdiyi məhdudiyyətlərə ehtiyac var idi. Onun sözlərinə görə, bu qaydalar yalnız banklar üçün məcburidir: “Gündə 1000 dollar göndərmək məhdudiyyəti Mərkəzi Bankın qaydalarında onsuz da var idi. Bura da yeni olan məhdudiyyət aya 10 min dollar limit qoyulmasıdır. Amma Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi məhdudiyyətin yanından ötüb keçmək heç də çətin deyil. Çünki Azərbaycanda hal-hazırda 32 bank fəaliyyət göstərir. Hər bank vasitəsilə günə 1000 dollar, ayda da 10 min dollar göndərmək mümkündür. Bu da aya 320 min dollar vəsait edir. Bu baxımdan tətbiq olunan məhdudiyyətlər yalnız banklar üçün məcburidir, vətəndaşlar üçün yox. İstənilən halda vətəndaş xaricə pul göndərə bilər. Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi məhdudiyyəti isə doğru hesab edirəm.

Çünki son vaxtlar ölkədən valyuta axını surətlənib və bunun qarşısını hansısa şəkildə almaq lazım idi. Bu gün hamı bu məhdudiyyətlərdən danışır ancaq əslində Mərkəzi Bankın bu barədə tamamilə başqa yeniliyi var. Bu günə qədər olan qaydalara görə, xaricdə bank hesabı olan şəxslər, şirkətlə həmin hesaba istənilən məbləği heç bir məhdudiyyət olmadan köçürə bilərdi. İndi isə Mərkəzi Bank bu qaydanı aradan qaldırıb. Hesab edirəm ki, ümumilikdə bu məhdudiyyətlərin tətbiqinə ehtiyac var idi, ancaq buna necə nəzarət olunacaq hələ ki onun mexanizmi məlum deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları