Yuxarı

Banklar iflas yolunda

Banklar iflas yolunda

Problemli kreditlərin həcmi artır və banklar öz aktivlərini sağlamlaşdırmaqda çətinlik çəkir

Azərbaycan bank sektorunda yaranan problemlər getdikcə dərinləşir. Xüsusilə, manatın iki kəskin devalvasiyaya uğramasından sonra bank sektorunda yaranan problemlər 1 il ərzində 12 bankın müflis olmasıyla nəticələndi. Bankların müflis olmasının səbəblərindən biri də uzun illər apardıqları yanlış maliyyə-kredit siyasətidir. Belə ki, bankların kreditlərə tətbiq etdiyi yüksək faiz və kreditlərin əsasən xarici valyuta (dollar) ilə verilməsi sonda bu kreditlərin geri qayıtmamasına səbəb oldu. Bu da bankları yüksək gəlirdən məhrum etdi. Vəziyyət isə acınacaqlı olaraq qalır. Problemli kreditlərin həcmi durmadan artır və banklar öz aktivlərini sağlamlaşdırmaqda çətinlik çəkir.

“Fitch” beynəlxalq reytinq agentliyinin də 2017-ci il üçün açıqladığı proqnozlarda Azərbaycan banklarının vəziyyəti neqativ göstərilib. Buna səbəb isə ölkədə xarici valyuta ilə kreditləşmənin olduqca yüksək səviyyədə olduğu qeyd olunub. “Fitch” Azərbaycan üçün proqnozlarında göstərir ki, tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır. Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda “təmizləmə”nin davam edəcəyini düşünürük.

Bütün bunlar investorların da ölkəyə marağını kəskin şəkildə azaldır. Çünki bank sektoru normal olmayan ölkələrdə investorlar işləməyə maraq göstərmirlər. Azərbaycan bank sektorunun durumu isə düzəlmək əvəzinə getdikcə daha da ağırlaşır. Bu gün ölkədə fəaliyyət göstərən 32 bankın demək olar ki, hər birində maliyyə çatışmazlığı var. Çünki banklar ən yüksək gəlir əldə etdikləri kredit siyasətini davam etdirə bilmirlər. Kredit siyasəti bank əməliyyatlarında ən yüksək gəlir gətirən sahə olduğundan Azərbaycan banklarının ən çox maraq göstərdiyi sahədir. Əhalinin isə artıq banklara inamı qalmayıb və demək olar ki, heç kim kredit üçün banklara müraciət etmir. Edənlər isə bankların ağır kredit şərtlərinə cavab vermədiyi üçün kredit ala bilmir.

Bütün bu problemlər 2017-ci ildə də bankların müflis olma tendensiyasını davam etdirəcək. İqtisadçılar da bildirirlər ki, Azərbaycanda 2017-ci ilin sonuna qədər 25 bank qalacaq. Bankların sağlamlaşdırılması üçün ixtisarların olması vacibdir. Azərbaycan banklarının ən real vəziyyəti isə dekabrın son günlərində bəlli olacaq. Belə ki, ilin yekunlarına dair banklar hesabatlarını təqdim etməlidir. Qeyd edək ki, bu günə qədər yalnız 2 bank öz hesabatlarını təqdim edib. Həmin banklar isə ölkənin ən böyük maliyyə kapitalına malik banklardır. Digər bankların demək olar ki, 80 faizində müsbət saldo qeydə alınmayacaq.

Çünki bankların ən böyük aktivləri kreditlərdədir və həmin kreditlər xarici valyuta ilə verildiyindən geri qayıtmır. Bu gün banklarda riskli aktivlərin və passivlərin həcmi aktivlərdən qat-qat çoxdur. Buna görə də banklar cəlb etdikləri əmanətləri vətəndaşlara geri qaytara bilmir. Bağlanan banklarda əmanətlərin necə qaytarıldığının hər kəs şahidi oldu. Bank Standartın sığortalanan əmanətlərinin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu 450 milyon manat borc verdi. Bu məbləğ bankın aktivləri satılaraq geri qaytarılmalı idi. Ancaq bu günə qədər bankın hər hansı bir aktivinin satışa çıxarıldığı və ya dövlətin verdiyi borcun ödənildiyi haqqında heç bir məlumat yoxdur. “Bank Standart” Azərbaycanın ən böyük aktivlərinə malik banklarından biri idi. Bu bankda bu cür problemlər yaranırsa, digər ayaqda durmaqda çətinlik çəkən bankların taleyi hər kəsə bəllidir.

Vilayət Muxtar