Yuxarı

Neftin qiymətində son hədd

Neftin  qiymətində  son hədd

 

Azərbaycan nəyə ümid edə bilər?

Natiq Cəfərli: “Neftin bahalaşması bazarda ucuzluq yaratmayacaq”

OPEC və qeyri-OPEC ölkələrinin neftin hasilatını dondurmaqla bağlı əldə etdiyi razılıqdan sonra dünya bazarında neftin qiymətində artım qeydə alınıb. Azərbaycan iqtisadiyyatı da neftdən asılı vəziyyətdədir. Demək olar ki, ölkəyə gələn xarici kapitalın tamamına yaxını neft pulları hesabına təmin olunur. Manatın iki dəfə kəskin devalvasiyaya uğramasının da səbəbi kimi məhz neftin dünya bazarında kəskin ucuzlaşması göstərilirdi. Amma manat devalvasiyaya uğrayanda neftin qiyməti 29 dollar civarında idi.

Sonradan neftin qiyməti artaraq 50 dolları keçdi, ancaq manat yenə də ucuzlaşmaqda davam edir. Bu isə o deməkdir ki, neftin növbəti dəfə bahalaşması Azərbaycanı böhrandan çıxarmayacaq. Ekspertlər də bildirirlər ki, ölkənin böhrandan çıxması üçün fundamental addımlar atılmalıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, neftin qiymətinin əvvəlki 100-120 dollar səviyyəsinə qədər bahalaşması mümkün görünmür. Gələn il üçün neftin qiyməti ən yaxşı halda 50-60 dollar olacağı ehtimal olunur: “Bütün açıqlanan rəqəmlər və proqnozlar da bunu deməyə əsas verir. Hal-hazırda OPEC və qeyri-OPEC ölkələrinin Rusiyanın başçılığı altında razılaşması bir pozitiv fon, dinamika yaradıb. Ancaq real olaraq hələ ki heç nə baş verməyib. Nə hasilat azalıb, nə də bazarda təklif və tələb arasında balans yaranıb. Yalnız pozitiv təsirlər vasitəsilə neftin qiyməti 56 dollara qədər bahalaşdı. Bu tendensiya bir müddət də davam edə bilər. Neftin qiymətinin bahalaşması Azərbaycana əlbəttə ki, pozitiv təsir göstərəcək. Bu ölkənin gəlirlərinin artmasına səbəb olacaq. Ancaq ölkənin fundamental problemləri yerində qalır. Azərbaycanda yaşanan problemlər neftin kəskin ucuzlaşmasının nəticəsidir. Səbəb isə tamam başqadır. Problemlərin yaranma səbəbi yanlış idarəetmə, rəqabətə davamlı iqtisadiyyatın qurulmaması, iqtisadi potensialının olmamaısıdır. Bütün bunlar düzəlməsə neftin qiymətinin bahalaşması fundamental problemlərin həllinə səbəb olmayacaq. Ola bilər ki, manatın dəyərdən düşmə surəti azalsın amma ucuzlaşma yenə də davam edəcək. Çünki bizim yerli istehsalımız, neftdən başqa ixrac məhsulumuz yoxdur”.

Ekspert hesab edir ki, neftin qiymətində baş verən artım ölkənin böhrandan çıxmasına səbəb olmayacaq. N.Cəfərlinin sözlərinə görə, neftin qiymətinin artması əksinə, bazarda bahalaşmaya səbəb olacaq: “Neftin qiymətinin armasının 2 təsiri var. İlk növbədə neft bahalaşanda daşınma xərcləri artır. Biz də idxaldan asılı ölkəyik. Həm məzənnə fərqi, həm də daşınma xərcləri artığına görə qiymətlər də qalxacaq. Neftin qiymətinin arması xaricdən gələn malların qiymətinin də bahalaşmasına səbəb olacaq. Yəni, bir tərəfdən uduruqsa, digər tərəfdən uduzuruq. Bu isə o deməkdir ki, neftin qiymətinin qalxması bazarda ucuzlaşma yaratmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları