Yuxarı

Şirkətlər ölkəni tərk edir

Şirkətlər ölkəni tərk edir

Banklar xarici borcları ödəmir

Kommersiya bankları valyuta ehtiyatlarını qorumaq üçün bir sıra addımlar atırlar. Ölkə yaranan valyuta qıtlığı bankları bir növ bu addımı atmağa məcbur qoydu. Təbii ki, banklarda yaranan valyuta (dollar) probleminin başlıca səbəbi özlərinin apardığı yanlış pul-kredit siyasətidir. Aparılan yanlış pul-kredit siyasətinin gətirdiyi ziyanı banklar müxtəlif addımlarla kompensasiya etməyə çalışırlar. Ancaq bankların atdığı addımlar bank müştərilərinin işini çətinləşdirir.

Bir müddət öncə, xüsusilə də ikinci devalvasiyadan sonra banklar ilk növbədə bankomatlar vasitəsilə dollar alqı-satqısını dayandırdı. Bankların bu qərarından sonra ATM bankomatlarından dollar ekvivalentini almaq mümkün deyil. Bu günlərdə isə hökumət xaricə pulköçürmələrdə müəyyən məhdudiyyətlər tətbiq etdi. Belə ki, hər bir vətəndaş gündə maksimum 1000 manat olmaqla, 1 ay ərzindən 10 min manata qədər xarici ölkələrə (hesablara) pulköçürmələr edə bilər. Bu da xarici bazarlarla işləyən sahibkarların işini xeyli çətinləşdirən qərar oldu. Ümumiyyətlə, bank sektoruna aid verilən qərarların hər biri vətəndaşın ziyanına olur. Bu da hökumətin sosial siyasəti bir kənara qoyaraq liberal siyasət yürütməsinə bir işarədir. Hökumət hər vəchlə çalışır ki, ilk növbədə bankları düşdüyü ağır durumdan xilas etsin və əvvəlki etibarını geri qaytarsın. Bunun nə dərəcədə effektli olacağı sual doğuran məsələdir. Bu günlərdə banklar daha bir xidmətdən imtina edib. Belə ki, bəzi banklar Azərbaycanda “Mastercard” şirkətinin “MoneySend” xidməti vasitəsilə kartdan karta pul transfer funksiyasını. Qeyd edək ki, “MasterCard MoneySend” xidməti ilə müştəri banka gəlmədən ölkə daxili və xaricinə pulköçürmələr həyata keçirə bilirdi. Hazırda şirkət Azərbaycanın 28 bankı ilə əməkdaşlıq edir.

Banklar borcunu qaytara bilmir

Məlumatlara görə Azərbaycanda “MasterCard MoneySend” xidmətinin istifadəçiləri kifayət qədər çoxdur. Bu xidmətin ləğv olunması özü ilə bərabərində bu xidmətin istifadəçiləri üçün böyük çətinliklər gətirəcək. Bu xidmətin ləğvi bankları da bu əməliyyatların aparılmasından əldə etdiyi gəlirdən məhrum edəcək. Ancaq banklar bu addımı atmağa məcburdurlar. Çünki xarici şirkətlərlə hesabatlar xarici valyuta ilə aparılır. Bu da hal-hazırda Azərbaycan banklarının imkanı xaricindədir. Çünki manatı hesabatlar vasitəsilə dollara realizə etmək banklara əlavə xərc yaradır. Çünki manat bazar dəyərini hələ də tam tapmayıb və günü-gündən ucuzlaşır. Bu da bankların xarici şirkətlərə borcunu artırır. Daha doğrusu dollar ekvivalentilə rəqəm dəyişməsə də manat hesabı ilə məbləğ gündəlik olaraq artır. Ölkədə isə dollar qıtlığı hökm sürür. Banklar tələbatlarına uyğun dollar əldə edə bilmirlər. Hətta məlumatlara görə, Mərkəzi Bankın keçirdiyi həftəlik hərraclarda bir çox banklar ümumiyyətlə, dollar ala bilmirlər. Bunun səbəbi isə AMB-nin hərraca çıxardığı dolların tələbatın cəmi 8 faizi qədər olmasıdır. Hal-hazırda bankların dollar tələbi 450 milyon dollara yaxın olsa da, Mərkəzi Bank bu həftə hərraca cəmi 34 milyon dollar çıxarıb. Bu isə cəmi 2-3 bankın tələbatını müəyyən qədər ödəyə bilir. Yerdə qalan banklar isə vətəndaşlardan yığdıqları dollarlar hesabına “yaşamağa” çalışırlar.

Xidmətdən imtina problemi həll etmir

Bankların bir-bir bəzi əməliyyat xidmətlərindən imtina etməsi birbaşa xarici borclarla əlaqəli məsələlərdir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox bank donor kimi xarici şirkətlərdən istifadə edir. Təbii ki, banklar xarici donorlardan aldığı investisiyanı (borcu) razılaşdırılmış qrafiklə geri qaytarmalıdır. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, banklar dollar tapa bilmədikləri üçün bu borcları da ödəməkdə və ya yeni müqavilələr imzalamaqda çətinlik çəkirlər. Daha doğrusu bankların hesabatlarında olan mənfi göstəricilər xarici donorlarda Azərbaycan banklarına qarşı marağı azaldır.

Əslində Azərbaycan banklarının xarici əməliyyat şirkətlərinin xidmətindən imtina etməsinin bir səbəbi də elə budur. Azərbaycan bankları xarici şirkətlər qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilmədikləri üçün xidmətdən imtina etmək məcburiyyətində qalır. Əks halda banklar bunu edə bilməzlər. Çünki xarici şirkətlər hər hansı bir xidmət təklif etdiyində əgər razılıq əldə olunursa o, müəyyən müddətə qədər rəsmi müqavilələr vasitəsilə həyata keçirilir. Müddət bitmədən bu xidmətlərdən imtina etmək mümkün deyil. Azərbaycan banklarının bəzilərinin “MasterCard MoneySend” pulköçürmə xidmətindən imtina səbəbi də məhz budur. Müqaviləni uzatmağa vəsaiti olmayan banklar xidmətdən imtina etməklə bu problemi həll etmiş olurlar. Təbii ki, problemlər yalnız bank üçün həll olunur. Bu cür xidmətlərin ləğv olunmasında əziyyət çəkən müştərilərdə isə banklara qarşı inam daha da azalır.

Vilayət Muxtar