Yuxarı

AZAL-a rəqib gəlir

AZAL-a  rəqib gəlir

 

Qiymətlər enəcəkmi?

Azərbaycanda milli hava nəqliyyatı şirkəti yaradılacaq. Mütəxəssislər bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Xəritədə göstərilir ki, yaradılmış mühitdən, eləcə də müəyyən istiqamətlər üzrə dövlət tərəfindən təklif edilən müvəqqəti stimullaşdırıcı tədbirlərdən maksimum şəkildə yararlanmaq məqsədilə aşağıbüdcəli milli hava nəqliyyatı şirkətinin yaradılması nəzərdən keçiriləcək.

Ölkədə fəaliyyət göstərən və "Azərbaycan Hava Yolları" QSC-nin tərkibində və ya ayrıca şirkət (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs) kimi təsis edilmiş aşağıbüdcəli hava nəqliyyatı şirkətinin yaradılması və həmin şirkətə hava limanından istifadə üzrə aşağı rüsumların tətbiqi, eyni zamanda, Azərbaycanı hava yolu şirkətləri üçün daha cəlbedici etmək məqsədilə sektorlar üzrə islahatların aparılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi də nəzərdən keçiriləcək.

Hava nəqliyyatında rəqabət mühiti yaranır

Bu istiqamətdə tədbirlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Mülki Aviasiya Administrasiyası aviaşirkətlərin sayının artırılmasını hədəf kimi müəyyən edəcək, bu məqsədlə beynəlxalq tərəfdaşlar ilə birlikdə işçi görüşlər keçirəcək və həmin görüşlərdə region üzrə aşağı büdcəli özəl və milli aviaşirkətlərin də iştirakını təmin edəcəkdir. Dövlət Mülki Aviasiya Administrasiyası eyni zamanda hava nəqliyyatı şirkətləri tərəfindən uçuşların sayının artırılmasına mane olan amilləri müəyyən edəcək və aidiyyəti dövlət qurumları, eləcə də Turizm Şurası ilə birlikdə həmin çətinliklərin aradan qaldırılması ilə bağlı birgə fəaliyyət planı işləyib hazırlayacaq.

Ekspertlər dəfələrlə təklif ediblər ki, “AZAL”-ın ayrıca bir qurum kimi saxlanmasına ehtiyac yoxdur. Bu qurum ya özəlləşdirilməlidir, ya da Nəqliyyat Nazirliyinin tabeliyinə verilməlidir. Hökumət isə fərqli addım atır. Yeni yaradılacaq olan milli hava nəqliyyatı şirkətinin isə hələ ki, QSC və ya ASC olacağı barədə fikir yoxdur. Mütəxəssislər bildirir ki, yeni yaradılacaq milli hava nəqliyyatı QSC olacaqsa, deməli yenə dövlət büdcəsinə yük düşəcək. Yox, əgər özəlləşdiriləcəksə, bu halda dövlət büdcəsində xərclər yaratmayacaq, “AZAL”-ın o cümlədən, digər hava nəqliyyatı şirkətləri arasında rəqabət mühiti yaranacaq.

İqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında bir müddət əvvəl “AZAL”ın “Buta AİR-WAYS” törəmə şirkətini yaratması barədə açıqlama verdiyini xatırladıb. Ekspert bunu “AZAL”ın rəqibi kimi qəbul etməyin düzgün olmadığını qeyd edib: “Hesab edirəm ki, “AZAL” hava nəqliyyatı sektorundakı öz zəif nöqtəsini gördü və bazara əlavə daşıma şirkətləri açıb. Bu sektorda “AZAL” zəifdir, başqalarına uduzur. Ona görə də məcburdur ki, yeni şirkət yaratsın və “AZAL-Jet”in uçduğu istiqamətləri bir qədər də genişləndirsin. Beləliklə bazarda mövqelərini bərpa etmək istəyir. Buna nə dərəcə nail olacaq və ya olmayacaq, bazarda rəqabətə nə dərəcə təsir edəcək, bunlar başqa məsələdir. Yaxşı olardı ki, “AZAL” o şirkətləri yaradarkən tək dövlət vəsaitlərindən istifadə etməsin. Yeni yaradılacaq şirkətlərə Bakı Fon Birjası vasitəsilə özəl sərmayə imkanı yaradılmalıdır. Tutaq ki, “Buta AİR-WAYS” şirkətinin kapitalının 50 milyon olduğu elan olunur. Burda 51 faiz həcmində “AZAL”ın nəzarət payı ola bilər, qalanını isə investorlara təklif etmək olar. Bu, indiki halda əllərdə olan vəsaitləri real iqtisadiyyata cəlb etməyə kömək edə bilər, eyni zamanda insanların gəlir əldə etmək imkanlarını da artıra bilər. Məlumdur ki, prezidentin sərəncamı ilə “AZAL” 2001-ci ildən özəlləşdirməyə açılıb. Onun bəzi törəmə və birgə müəssisələri özəlləşdirilib. Amma “AZAL” təsərrüfat subyekti kimi özünün hava limanı, təyyarələri, genişlənən imkanları hələ də dövlətin sərəncamındadır.

Bu yaxşı idarə olunmur, qeyri-effektiv idarə olunur, nə də büdcəyə vergi şəklində böyük xeyr verir. Bu mənada yeni yaradılan şirkət “AZAL”a rəqib ola bilər. Bu, həm dövlətin, həm də özəl sərmayənin idarə etdiyi bir şirkət olmalıdır. Burda korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Hansı investor ora vəsait qoyursa, o, həm də idarəetmədə iştirak etməlidir, nəinki “AZAL”ın dəyişməz rəhbərliyi şəklində uzun illər rəhbərlik etməlidir. İndi şəraitdə dövlət vəsaitlərini səmərəli istifadə etmək, özəl sərmayələrə qapı açmaq baxımından da zəruri bir vasitəyə çevrilə bilər. Amma hesab etmirəm ki,  mövcud durumda iqtisadiyyat üçün böyük avantaj  gətirəcək”.

“Daha çox şirkət, daha ucuz qiymət deməkdir”

İqtisadçı onu da əlavə edib ki. hökumət bütün məsələlərdə sərmayəçi kimi iştirak etməməlidir: “Hökumət nəzarət edən, bazar tənzimləməkdə təmsil olunmalıdır. Hökumət aviasiya daşıyıcılığı ilə məşğul olmalı deyil. İndiki halda həm hava nəqliyyatı, həm dəmir yolları, həm də su nəqliyyatı daşımaları bütünlüklə dövlətin nəzarətindədir. Bu sektorda dolaşan pulların da idarəetməsi qeyri-effektivdir. Həmin qurumların dövlət büdcəsinə böyük həcmli borcları var. Bu da qeyri-düzgün idarəçiliyin nəticəsində yaranır. Burda istər daxili, istər kənar, istərsə də dövlət nəzarəti düzgün təşkil olunmur. Hesab etmirəm ki, “AZAL”ın açıq və ya qapalı olması və ya kiməsə tabe olması onun müstəqilləşməsinə və ya daha səmərəli olmasına gətirib çıxarar. Bütün dünyada dövlətə bağlı şirkətlərə də var. Amma iqtisadiyyatı dərin böhran keçirən Azərbaycan üçün dövlət təşkilatları saxlamaq, onların yükünü çəkmək ağır məsələdir. Bu mənada 15 ildir ləngiyən özəlləşdirməyə artıq start verilməlidir. Bunun yolu QSC-nin ASC-yə çevrilməsi, onun aktivlərinin təkrar qiymətləndirilməsi, beynəlxalq məsləhətçilərin cəlb olunması və son nəticədə şirkətin nəzarət hissəsinin xarici və ya yerli investorlara açıq hərrac, müsabiqə və birjada səhmlərinin bir hissəsinin yerləşdirilməsi şəklində təklif olunmalıdır. Nəticədə “AZAL”ın həm maliyyə effektivliyini, həm də xidmət keyfiyyətinin yüksələcəyini görəcəyik. Baxmayaraq ki, indiki halda xidmətlərin səviyyəsi yüksəlib, amma istənilən halda “AZAL” yenə də xarici rəqiblərinə uduzur. Yeni şirkətlərin yaradılması bazarın inkişafına gətirib çıxarır. Çoxlu şirkətlərin olması müsbət haldır. Hesab edirəm ki, “AZAL”ın bazası iki hissəyə bölünüb həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərə uçan bir aviaşirkət yaradıla bilər. Daha çox şirkət, daha çox imkanlar və ucuz qiymətlər deməkdir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları