Yuxarı

Deputatın bankında istiqraz savaşı başlayıb

Deputatın  bankında istiqraz  savaşı başlayıb

 

Əkrəm Həsənov: “Səmərəsiz bank əvvəl-axır çökməlidir”

Məlum olduğu kimi, bu il manatın vəziyyəti ilə bərabər, həmçinin də bankların bağlanması ilə yadda qaldı. 2016-cı ildə 13 bank bağlanıb. Məlum iqtisadi gərginlikdən sonra, Azərbaycan Mərkəzi Bankı ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb başqa formada fəaliyyət göstərməsilə bağlı bankların yenidən təşkili qaydaları hazırlamışdı. Qaydalara görə, banklar ya bir-biri ilə birləşməli, ya başqa banklara qoşulmalı, yəni, başqa bank tərəfindən udulmalı, yaxud da bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına çevrilməlidir.

Qaydalara əsasən, bankların yenidən təşkil olunması xüsusi ardıcıllıqla həyata keçirilməlidir. Maraqlıdır ki, bağlanan banklar arasında nə birləşmə oldu, nə bağlanan bankın başqa banka qoşulma prosesi baş verdi, nə də ki, bank olmayan kredit təşkilatı yarandı.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların bağlanacağı ilə bağlı xəbərlər hələ 2015-ci ildən yayılmağa başlamışdı. Bu məsələ bu gün də öz aktuallığını qoruyur. Hansı bankın ləğv olunmasına gəlincə onu demək olar ki, hədəfdə “Muğanbank” ASC-nin adı hallanır. Əldə etdiyimiz bilgilərə görə, bağlanma ehtimalı yüksək olan bankların arasında “Muğanbank”ın adı ön sıralarda çəkilir. Təsadüfi deyil ki, bu yaxınlarda “Muğanbank” böhranın təsirini azaltmaq məqsədilə işçilərin sayını ixtisar etməsi barədə açıqlama vermişdi. Bildirilir ki, bu ilin ilk yarısında “Muğanbank” ASC-nin işçilərinin sayı 10 faizə yaxın azalıb. Məlumata görə, “Muğanbank”ın işçilərinin sayı ilin əvvəl ilə müqayisədə 84 nəfər azalıb. İxtisarların ilin ikinci yarısında da davam etdirildiyi, ancaq bunun problemi həll etmədiyi bildirilir.

Məlumat üçün bildirək ki, “Muğanbank” Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin nəzarətindədir. Belə ki, bankın səhmləri deputatın ailə üzvləri və yaxın qohumlarına məxsusdur. "Muğanbank” ASC-nin səhmdarları dörd nəfərdir. Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir.

"Muğanbank” ASC-nin Müşahidə Şurasının sədri Mehdiyev Elmir Maqbet oğlu 63,50 faiz payla ASC-nin ən böyük səhmə malik səhmdarıdır. O, Əhməd Vəliyevin kürəkənidir. Elmir Mehdiyevin atası Mehdiyev Maqbet Rəhim oğlu 13.10 faiz, anası Mehdiyeva Fəridə Cahandar qızı 11.35 faiz və həyat yoldaşı Vəliyeva Vəfa Əhməd qızı (Əhməd Vəliyevin qızı) 12.05 faizlə bankın səhmdarlarıdır. Yəni, bu bank bir ailə bankıdır.

Adıçəkilən bankın fəaliyyətində yer alan çatışmazlıqların, habelə müştərilərin narazılığının artması, hətta bir neçə dəfə Mərkəzi Bank rəhbərliyinin “Muğanbank”ın səhmdarlarına xəbərdarlıq etməsi ilə nəticələnib. Qeyd edək ki, hətta 2015-ci il mediada "Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayılmışdı. Doğrudur, Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bu məlumatları təkzib etməyə çalışmış və "Muğanbank”ın onun üçün kənar bank olmasını iddia etmişdi. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklar içərisində yeganə bank “Muğanbank” ASC-dir ki, onun 50 və 100 manatlıq istiqraz vərəqləri var. Məlumata görə, “Muğanbank”ın istiqrazlarını ələ keçirməkdə maraqlı olan banklar da var. Həmin bank çalışır ki, “Muğanbank” sıradan çıxsın.

Maraqlıdır, “Muğanbank” bağlanarsa, istiqraz vərəqələrinin taleyi necə olacaq? Hansı bank istiqrazları almaq istəyər?

Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, “Muğanbank” maliyyə hesabatlarını daimi gizlədən banklardandır: “Hesabatı gizlətmək də o deməkdir ki, vəziyyəti yaxşı deyil. Bir ildən çoxdur bəyan edirəm ki, “Muğanbank” maliyyə hesabatlarını gizlədir. Burada həm daxili idarəetmədə, həm də büdcənin idarə edilməsində problemlər var. Hazırkı məqamda işçilərin ixtisarı da bunu təsdiqləyir ki, bankın maliyyə problemləri var. Bank istiqrazlar buraxırsa, demək, əhali və yaxud hansısa şəxslər onun istiqrazlarının alıb banka müəyyən vəsait ödəyir. Əgər sabah bank müflisləşsə, faktiki olaraq istiqraza qoyulan pullar batır. Buna görə də heç vaxt vətəndaşlara tövsiyyə etmirəm ki, bankın istiqrazını alsın. Vətəndaş gedib həmin banka əmanət qoyarsa, heç olmasa, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanəti sığortalamış olar. Amma istiqrazlar üzrə heç bir təminat yoxdur. Buna görə də düşünmürəm ki, bu gün kimsə gedib həmin bankın istiqrazını alsın”.

Hüquqşünas onu da qeyd edib ki, bu günə qədər Azərbaycanda bağlanan bankların hamısı maliyyə hesabatını gizlədib: “Buna görə də onların vəziyyətinin necə olması konkret qaranlıq qalır. Ola bilər ki, bağlanan bankların vəziyyəti “Muğanbank”dan daha ağır olub. “Muğanbank”ın indiyə qədər dirəniş göstərməsində başqa məqamların olma ehtimalı da var. Ola bilər ki, hansısa vəzifəli şəxs tərəfindən himayə olunur, qorunur. Buna görə də hələlik bu bankı saxlayırlar. Amma bank iqtisadiyyatının öz qanunları var. Kimsə dövlətin qəbul etdiyi qanunları asanlıqla poza bilsə də, bazar iqtisadiyyatının qanununu pozmaq olmur.

Səmərəsiz bank əvvəl-axır çökməlidir. Ona necə dəstək göstərsən də xeyri yoxdur. Bu il müşahidə etdik ki, “Bank-Standart” ən iri əmanət bazasına malik olan bank idi. Hətta dövlət çalışdı ki, onu xilas etsin, sağlamlaşdırsın. Amma alınmadı. Əgər “Muğanbank”ın vəziyyəti doğurdan da pisdirsə, deməli, yaxınlarda bağlanacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları