Yuxarı

Turizmin inkişafına dollar əngəli

Turizmin inkişafına dollar əngəli

Vüqar Bayramov: “Ölkəni tərk edən turistə limitsiz dollar satılmalıdır”\\Hazırda Azərbaycanda kommersiya bankları dollar satışını dayandırıb. Yalnız iki bank limitlə də olsa, dollar satışını həyata keçirir. Bu, Access Bank və “Bank Silk Way”. Məlumat üçün qeyd edək ki, Azərbaycan Hava Limanında yeganə filialı olan “Bank Silk Way”dir. Bu bank ölkəyə gələn və çıxan hər bir nəfərə 100 dollar satır. Deyək ki, ölkəyə gələn turist ölkəsinin milli valyutası ilə gəlir. Eyni zamanda o istəmir ki, öz valyutasını Azərbaycan manatına dəyişsin. Məlumdur ki, bu halda da turistə 100 dollardan artıq verilməyəcək. Bəs turist növbəti 100 dolları almaq üçün hara getməlidir?\\Göründüyü kimi bankların dollar satmamaq barədə daxili qayda-qanunları “qara bazar”ın inkişafını stimullaşdıran amillərdən biridir. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək, “qara bazar”da dollar satışı həyata keçirənləri saxlayır. Banklardan fərqli olaraq “qara bazarda” dollar var və kim nə qədər istəyir, ala bilər. Eyni zamanda “qara bazar” dolları banklardan baha alıb nisbətən ucuz satır. Yəni, alış və satış arasında hər 1 dollarda 1 qəpik fərq edir. “Qara bazar” və banklar arasında yaranan bu təzad qanunsuz valyuta mübadiləsinin fəaliyyətinin genişlənməsinə mühüm təkan verir.\\İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, gələn turistlər ölkədən çıxan zaman gətirdikləri valyutanı sərbəst şəkildə dollara çevirməlidirlər: “Çünki turistlərin bir qismi ilk öncə xərclərini proqnozlaşdırmaq üçün vəsaitini dəyişir. Amma heç də dəyişdiyi pulların hamısını xərcləmir. \\Onun bir hissəsini ölkəni tərk edən zaman dollara çevirməyə ehtiyac var. Çünki Azərbaycan gələn xarici öz pulunu dollara və ya avroya çevirməlidir ki, ölkəsinə gedəndə həmin pulları xərcləyə bilsin. \\Beynəlxalq hava limanında monitorinq aparmamışıq ki, orda vəsaitin dəyişilməsilə bağlı problemlər var, ya yox. Amma bütün hallarda ölkəni tərk edən turist hava limanında əlində olan manatı dollara çevirməlidir. Burda hər hansı bir limitin müəyyənləşdirilməsi doğru deyil. Eyni zamanda turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər turist ölkəyə gəlirsə, aldığı manatın hamısını istifadə etməyibsə, məbləğindən asılı olmayaraq ölkəni tərk edərkən dəyişdiyi, amma xərcləmədiyi manatı dollara çevirmək imkanına malik olmalıdır. \\Əgər bu imkan yaradılmayacaqsa, nəticə etibarilə turizmin inkişafına mənfi təsir göstərəcək. Turizmin inkişafı birbaşa ölkəyə gələn əcnəbilərin sərbəst şəkildə öz valyutalarını alıb satmasından asılıdır. Bu baxımdan bütün hallarda beynəlxalq hava limanında ölkəyə gələn turistlər üçün öz manatlarını dollara çevirmək imkanı olmalıdır”.\\Ekspert hesab edir ki, inzibati yolla “qara bazar”ın ləğv edilməsinə, kommersiya banklarında dolların satışının bərpa edilməsinə ehtiyac var: ““Qarabazar”ların ləğv edilməsi üçün kommersiya banklarla əlaqənin tamamilə kəsilməsinə ehtiyac var. “Qara bazar” pul investisiya etmir, pul kəsmir. Bəs “qara bazar” dolları haradan alır? Təbii ki, dolları banklardan ala bilər. Çünki “qara bazar”da daha çox dollar alışı həyata keçirilir, nəinki dollar satışı. Vətəndaşlar dollarını banklarda saxlamağa üstünlük versə belə, “qara bazar”a dollar daxil olur. \\Deməli, dollar bir sıra banklardan “qara bazar” a daxil olur. Bu baxımdan banklarla “qara bazar” arasındakı əlaqə kəsilməlidir. Xüsusən də çox vacibdir ki, banklarda dollar satışı bərpa edilsin. Nə qədər ki, banklar dollar satışını təmin etməyib bütün inzibati tədbirlərə baxmayaraq “qara bazar”lar qeyri-qanuni şəkildə fəaliyyət göstərəcəklər. Nəticə etibarilə “qara bazar”ları ləğv etmək mümkün olmayacaq. Banklar limitsiz dollar satarsa və həmin dollar Mərkəzi Bankın müəyyənləşdirdiyi marjaya uyğun təklif olunarsa, bu zaman vətəndaş “qara bazar”dan dollar almaqda maraqlı olmayacaq, gedib bankdan alacaq”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları