Yuxarı

Banklar evimizə girir

Banklar evimizə girir

Məişət əşyalarımız da əlimizdən alınacaq Natiq Cəfərli: “Mərkəzi Bank uçot dərəcəsini azaltmalıdır” Devalvasiyadan sonra bank sistemində yaranan ciddi problemlər kredit siyasətini iflasa uğratdı. Bu gün banklarda problemli kreditlərin həcmi ümumi kredit portfelinin 53 fazini təşkil edir. Digər tərəfdən artıq demək olar ki, heç bir bank kredit vermir və ya çox ağır şərtlərlə kredit təklif edir. Hökumət bu problemin aradan qaldırılması üçün kredit şərtlərinin yüngülləşdirilməsi istiqamətində müəyyən addım atıb. Belə ki, artıq Azərbaycanda kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor, kompüter və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Bu “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsində göstərilib. Bunun üçün borc və ya kredit verən tərəf həmin əmlakı internetdə portal şəklində yaradılacaq daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyatdan keçirməlidir. Və şəxsdən əmlak alan vətəndaşlar o əmlakın girov olub-olmamasını o portalda yoxlamalıdırlar. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın başqa bank üçün girov qoyulub-qoyulmadığını aydınlaşdıra biləcək. Qanun layihəsinə görə, artıq daşınmaz əmlakı olmayan kiçik və orta sahibkarlar daşınar əmlak, yəni mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə biləcək. Nəzərə alsaq ki, bu gün kredit faizləri əhalinin gəlirlərinə adekvat deyil. Bu baxımdan yeni qərarın heç də effektli olmayacağını göstərir. Kreditlər geri qaytarılmadığı üçün bank girov götürdüyü əşyaları satış üçün bazara çıxaracaq. Bu da əhalinin əlində olan-qalan əmlakının da alınması anlamına gəlir. “Kredit faizləri aşağı düşərsə...” İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bu qərarın effekt verməyəcəyini deyib. Onun sözlərinə görə, bu qərarın tətbiq olunması üçün ilk növbədə alt prosesləri qurmaq lazımdır: “Əslində dünyanın hər yerində kreditləşmənin 2 məğzi var. İstehlak kreditləri səbəti var ki, bu da ölkədə ticarət dövriyyəsinin, istehsalın və ümumiyyətlə iqtisadiyyatın canlanmasında əsas faktorlara çevrilir. Ya da biznes kreditləri olur ki, hüquqi və fiziki şəxslər götürdükləri vəsaitləri istehsal, ticarət və ya xidmət sahəsinə yatıraraq əlavə gəlir əldə edir, yeni iş yerləri yaradırlar. Bununla da iqtisadi canlanmaya dəstək vermiş olurlar. Azərbaycanda isə hər iki istiqamətdə, obrazlı desək, tıxac yaranıb. İstehlak kreditlərinin verilməsində çox ciddi problemlər var, faizlər yüksəkdir. Əvvəllər verilmiş istehlak kreditlərinin böyük hissəsi geri qayıtmır. Banklarda yığılmış borcların bir hissəsi məhz istehlak kreditlərinə aiddir ki, bu da problemli kredit kateqoriyasına daxil edilib. Biznes kreditləri götürmək üçün şərait də kifayət qədər pisdir. Biznes kreditləri hansı ölkədə 25-30 faizlə verilirsə, həmin ölkədə biznes inkişaf edə bilməz. Elə bir biznes növü yoxdur ki, onun gətirdiyi gəlirlə 25-30 faiz bank borcu və eyni zamanda vergi, digər xərclər ödənsin və əlavə olaraq biznes sahibinə qazanc qalsın. Ona görə də Azərbaycan Mərkəzi Bankı və hökumət iqtisadi canlanmanı bir məqsəd kimi qarşılarına qoyublar. Bunun yolu isə uçot dərəcəsini aşağı salaraq, ucuz kreditlər vermək hesabına iqtisadi aktivliyə nail olmaqdan keçir. Hələ ki, bunu etmək istəmirlər. Çünki, başa düşürlər ki, kredit faizləri aşağı düşərsə, bu valyuta tələbatını artıracaq faktorlardan birinə çevriləcək. Kredit götürən şəxslər ilk növbədə valyutaya yönələcəklər. Buna görə də bu cür addımlarla müəyyən canlanma yaratmaq istəyirlər. Bu da çox məntiqsizdir”. “Bu yol effektli deyil” Ekspert həmçinin qeyd edib ki, hər hansı bir əşyanın müqabilində verilən kredit çox aşağı məbləğdə olacaq. N.Cəfərli hesab edir ki, bu cür kiçik məbləğlərlə iqtisadi aktivliyə nail olmaq mümkünsüzdür: “Çünki, evdə işlənmiş hər-hansı bir kompüterin dəyərləndirilməsi çox aşağı qiymətlə olacaq. Bu bank haqqında qanunda da göstərilib. Girov ən yaxşı halda real bazar qiymətinin 40-60 faizini təşkil edir. Məsələn, 500 manatlıq kompyuter 300 manat dəyərində qiymətləndiriləcək və onun müqabilində kredit verəcəklər. Həmin məbləğ 1 ayın xərclərini ödəməyə yetəcək və ondan sonra kreditin qaytarılması və girovun geri alınması prosesi minimum 1 il çəkəcək. Yəni, 300 manatlıq kreditin müqabilində vətəndaş banka ən az 600 manat qaytarmaq məcburiyyətində qalacaq. Bundansa qohumdan, qonşudan borc almaq daha əlverişlidir. Əslində bu qərarın məntiqi anlaşılandır. Bu qərar sahibkarlıqla bağlı deyil, birbaşa kreditlərin sığortalanması ilə əlaqədardır. Bununla sanki bir mesaj verirlər ki, istehlak kreditlərini başqa yolla sığortalamaq olmur. Öz daşınar-daşınmaz əmlakınızı girov qoymalısız ki, kredit əldə edəsiniz. Sonradan, bu kütləvi hal alacaqsa, obrazlı desək, bir bank minlərlə kompüter girov götürübsə, onu harda və necə satacaq. Bu da digər bir problemin yaranmasına səbəb olacaq. Hökumət çalışır ki, istehlak kreditlərinin həcmini artırsın və bu pullar da iqtisadiyyata yönəlsin, canlanmaya səbəb olsun. Amma tutduqları yol effekli deyil. Bu iqtisadi aktivliyin, bazarda canlanmanın yaranması üçün görüləcək ən son işlərdən biridir. Əvvəlində bir çox məsələlər var ki, ilk öncə onları həll etmək lazımdır. Bunu etmirlərsə, xırda daşınar-daşınmaz əmlakın girov qoyulması ilə nəticəyə nail olmaq mümkün olmayacaq”. İqtisadi canlanmanın 3 yolu Natiq Cəfərli əlavə edib ki, iqtisadi canlanma üçün əsas 3 amil var. Onun sözlərinə görə, hökumət bu 3 istiqamətdə işlər aparmalıdır ki, bazarda canlanmaya nail olsun: “Dünya iqtisadiyyatında 3 əsas istiqamət var ki, bu iqtisadi canlanmaya səbəb olur. Bunlardan birincisi, büdcə xərcləmələridir ki, iqtisadi canlanma yaradır. Azərbaycan uzun illərdir ki, bu yolla gedirdi və qurulmuş “uğur hekayəsi”nin altında bu yatırdı. İkinci yol isə bank dövriyyəsinin, yəni, kreditləşmənin artmasıdır. Ucuz və uzunmüddətli kreditlər verilir ki, iqtisadi canlanmaya səbəb olsun. Üçüncü yol isə investisyalardır ki, bu istiqamətdə ciddi şəkildə artım olmalıdır ki, xarici investorlar ölkəyə gəlsin. Azərbaycanda bu üç yolun hamısı tıxanıb. Dövlət büdcəsi kiçilib, banklarda vəziyyət bərbaddır, neft-qaz sektorundan başqa xarici investor heç bir sahəyə yatırım qoymur. Hökumət inqtisadi canlanmanı məhz bu üç yolda axtarmalıdır. Ya büdcə xərclərini artırmalıdır. Əslində hökumət bunu bacarmır, çünki büdcə xeyli kiçilib və bu ilki büdcə son 10 ilin ən kiçik budcəsidir. Dövlət büdcələri xərcləmələrində Azərbaycan 2007-ci ilə qayıdıb. Belə demək mümkündürsə, 10 ilimizi itirdik. Bank sistemi bərbaddır, xarici investorlar isə ölkəyə gəlmir. Əslində hökumət bu 3 yolda olan problemləri həll etməlidir. Bunun üçün də bank sektorunda ciddi islahatlara ehtiyac var. Bank sistemində ciddi islahatlar aparılmalıdır. Mərkəzi Bank uçot dərəcəsini azaltmalıdır. 15 faizlə dünyada ən çox uçot dərəcəsi olan ölkələrdən biriyik. Bu aşağı çəkilməlidir. İri və təmərküzləşmiş bankların yaranmasına imkan verilməlidir. Ən əsas isə xarici kapitallı bankların birbaşa bazara girməsinə imkan vermək lazımdır. Uzun illərdir bu haqda danışırıq, amma bu istiqamətdə heç bir addım atılmır. Bunun da səbəbi odur ki, yerli banklar müxtəlif məmurlara bağlıdır. Rəqabətli mühitdə isə həmin banklar davam gətirə bilməyəcəklər. Ona görə də özlərinin xeyrini düşünənlər, 9 milyonluq xalqın xeyrini düşünmürlər. Xarici banklar bazara girərsə, kredit faizləri aşağı düşəcək, kreditlərşmə sağlamlaşacaq və nəticədə bütün bunlar iqtisadi aktivliyə səbəb olacaq. Xarici investorlara isə bir güvən vermək lazımdır ki, ölkəyə pul yatırsın. Amma bunun əksini görürük. Ötən ilin rəsmi rəqəmlərinə görə təkcə həmin il 51 xarici şirkətin rəsmi nümayəndəliyi bağlanıb. Bu isə o, deməkdir ki, xarici investorlar ölkəyə pul qoymaq istəmirlər. İndiki alınan aqresiv qərarlar isə ümumiyyətlə, xarici investor qorxudur. Bir gecənin içində Vergilər Məcəlləsinə 201 dəyişiklik edildi. Bank sistemində nağdılaşma ilə bağlı ciddi problemlər var, şirkətlər, insanlar öz pulunu banklardan çıxara bilmirlər. Xaricə pul köçürmələrdə ciddi problemlər var. Bir çox sahələrdə yaradılan problemlərlə potensial investorları belə ölkədən didərgin salırlar. Bu 3 istiqamətdə irəliləyişlər olmasa, Azərbaycan iqtisadiyyatında heç nə düzəlməyəcək. Hökumətin bu gün atdığı addımlar isə odu söndürüb, küllü ilə oynamaqdır. Mal-qarasını, kiçik əşyasını girov qoyub 300-500 manat kredit götürən şəxs iqtisadiyyatda ciddi oyunçuya çevrilə bilməz”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları