Yuxarı

Dollara qarşı yeni ittifaq

Dollara qarşı yeni ittifaq

Pərviz Heydərov: "Sözdə nədənsə imtina etmək asandır, elə şeylər vardır ki, praktikada mümkün deyil

 

Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina edə və bunu milli valyuta vasitəsilə həyata keçirə bilər. Bunu Hindistana səfəri çərçivəsində, Nyu Dehlidəki hind-türk biznes forumundakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina və bu ödəmələri milli valyuta vasitəsilə həyata keçirməyi müzakirə edə bilər: "Valyuta məzənnələrinin dəyişkənliyi kimi neqativ təsirləri azaltmaq üçün ixrac və idxal əməliyyatları milli valyutalarda həyata keçirilə bilər".


Ərdoğanın sözlərinə görə, ticarətdə ödəmələr zamanı türk lirəsi və hind rupisinə keçid hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edər:


"Türkiyə və Hindistan ticarət əməkdaşlığı potensialından yetərincə istifadə etmir. Artıq iki ölkənin irimiqyaslı iqtisadi tərəfdaşlığa dair razılaşma layihələrinin müzakirəsinə başlamaq vaxtı gəlib çatıb". Ərdoğanın ideyası gerçəkləşir. Bildiyimiz kimi bir müddət öncə Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlamışdı. Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlamışdı. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində bildirmişdi ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq. Maraqlıdır, bu cür qərarların verilməsi dollar bazarına hansı təsiri göstərəcək?


İqtisadçı-ekspert Pərviz Heydərov "Cümhuriyət” qəzetinə bildirib ki, bu ölkələrin öz aralarındakı ticarət əlaqələrində milli valyutalardan istifadə etmək barədə qərara gəlmələri dünya valyutası rolunda çıxış edən ABŞ dollarının mövqeyinə heç bir təsir göstərə bilməz:


"Ümumiyyətlə, hər bir ölkənin milli valyutasının dəyəri arxasında onun iqtisadiyyatı və orada istehsal olunan məhsulun həcmi durur. Həmin valyutanın digər ölkənin milli valyutasına nəzərən məzənnəsi və dəyəri isə münasibətə girdiyi müvafiq ölkənin iqtisadiyyatının gücü və orada istehsal olunan məhsul həcmilə müqayisədə təşəkkül və yaxud təsbitini tapır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı ödəmələrdə dollardan imtina təşəbbüsü və təklifi bu ölkənin müəyyən aspektlərdə iqtisadi mənafelərinə xeyir gətirə bilər. Ancaq ABŞ valyutasının dünya valyutası roluna isə heç bir ziyan vura bilməz. Türkiyə prezidenti Rusiya ilə əlaqələrə dair belə bir təkliflə çıxış etmişdi. Yeri gəlmişkən, Çin ilə Rusiya arasında belə bir məsələ hələ bir neçə il öncə qaldırılmışdı. Bu iş asan başa gələn və həll edilən məsələ olsa idi, Çin ilə Rusiya daha çox irəli gedə bilərdilər. Real olaraq isə, adlarını çəkdiyim ölkələr bu istiqamətdə çox az nəticəyə nail olublar”.


Ekspert qeyd edib ki, heç bir ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatından təcrid olunmuş vəziyyətdə olmamalıdır. Əksinə, onun tərkib hissəsidir:


"Bu isə o deməkdir ki, xarici ticarətdə hesablaşmalarda istənilən halda dollarla münasibətə girməkdən yayınmaq mümkün deyildir. Ölkələr hansısa məhsulunu qonşu ölkələrə və yaxud tərəfdaşına öz valyutası ilə təklif edə və sata bilər. Ancaq həmin məhsul növü ixrac potensialındadırsa, onun qiyməti ABŞ dollarına əsasən müəyyən olunacaqdır. Məsələn, Azərbaycan öz neftini necə türk lirəsinə sata bilər?! Sata bilsək də, lirə ilə qiymətləndirmə onun dünya bazarlarındakı dollar dəyərini ifadə etməlidir axı. Yəni, bunun dəqiq mexanizmi olmalıdır. Sözdə nədənsə imtina etmək asandır, elə şeylər vardır ki, praktikada mümkün deyil”.


Yeganə Oqtayqızı