Yuxarı

"Azersun”dan hökumətə monopoliya tələbi

Akif Nəsirli: "Qurumun bu cür təklif və çağırışları çox zərərlidir”

 

Bu gün ölkənin ərzaq bazarını ən yüksək həcm göstəricisi üzrə "Azersun” Holdinq ələ keçirib. Bu qurumun inhisarçılığına çox böyük zəmin yaradılıb. Holdinqin aparıcı qüvvəsi isə əlbəttə ki, məmurların əlindədir. Bu fəaliyyətin altında məmurlara çatacaq böyük pullar  yer tutur. Son vaxtlar adıçəkilən qurumun rəhbərliyi ölkədə iddialı çıxışlar edir. Çıxışlardan açıq-aydın anlamaq mümkündür ki, "Azersun” Holdinq digər biznes qurumlarına "qırmızı işıq” yandırıb. Qurum rəqabətli mühitin formalaşmasının qarşısını almaqla yolunda duran bütün sahibkarlara sədd qoyub.


Bu günlərdə "Azersun” Holdinqin Müşahidə Şurasının sədri  Abdolbari Goozalın qəribə və vurğulu açıqlaması oldu. Müəssisə rəhbəri qeyd edib ki, regionlarda müəssisələr yaranarkən elə etmək lazımdır ki, onlar bir-birlərinə mane olmasınlar və sərmayələr boşuna zay olmasın: "Hökumət sahibkarları yönləndirə, onlara daha sərfəli regionları və sahələri məsləhət görə bilər. Məsələn, deyə bilər ki, gəl, balıqçılıqla məşğul ol. Əgər sahibkar fərasətlidirsə, o hər şeydən pul qazanar, hətta üzr istəyirəm, zibildən də milyonlar qazanmaq olar -"Azersun” tullantılardan kağız buraxdığı kimi. Ona görə də yetər ki, hökumət bu məsələlərdə yönləndirici olsun ki, eyni kənddə eyni zavodlar açılıb bir-birlərinə mane olmasınlar. Yoxsa, ikisi də, işsiz qalacaq”. Açıqlamadan da görünür ki, qurum rəhbərliyi müəyyən dairələrə işarə edir və monopoliya iddiasındadır. Yəni ölkənin ərzaq bazarını yalnız bu qurum təmin edə bilər, digər müəssisələr sadəcə "ayaqaltı” ola bilərlər ki, onsuz da onlara  imkan verilməyəcək. Ekspertlər isə hesab edir ki, ümumiyyətlə, istər ərzaq bazarında, istərsə də digər sahələrdə rəqabətli mühit formalaşdırmaq lazımdır. Rəqabətli mühit olan yerdə məhsulun keyfiyyətlilik və qiymət münasibliliyi böyük rol oynayır. Buna isə bir çox oliqarxlar, məmurlar imkan vermirlər. Sadəcə, öz mənafelərini güdmək və inkişaf etdirmək üçün maneedici addımlar atırlar.


İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, inandırıcı deyil ki, regionda kimsə "Azersun” Holdinqə mane ola bilər:


"Hər halda problemlərinin nə olduğunu bilmirəm. Amma regionlarda kiçik müəssisələrin açılmasında hökumət kimisə harasa yönəldirsə, göstəriş verirsə, bu artıq bazar iqtisadiyyatı olmur, bu inzibati amil metodu olur. Hesab edirəm ki, Azərbaycanda hökumət bu tip maneələri aradan qaldırmalı və müstəqil sahibkarları stimullaşdırmalıdır. Məsələn, hökumət bu gün istəyirsə, balıqçılıq inkişaf eləsin, buna bir stimul qoymalıdır. Dünya praktikasında stimullaşdırma mexanizmi var. Sahibkara göstəriş vermək, onu yönəltmək məsələsi heç də təqdirəlayiq deyil. Hətta bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə də bu müşahidə edilmir. Əksi baş verərsə, monopoliyaya aparıb çıxarır. Bu gün Azərbaycanda kifayət qədər monopoliya var. Monopoliyanın başında da hökumətdə işləyənlər, oliqarxlar dayanır. Bu da bir tərəfdən problem yaradır. Artıq hökumət də göstəriş verməyə başlasa, təxminən Sovet hökuməti dövründə olduğu kimi inzibati amil metoduna gəlib çıxacaq. Adını isə inzibati amil metodu ilə idarə olunan iqtisadiyyat qoyacaqlar. İndiki sistem artıq buna yaxındır, adı bazar iqtisadiyyatı olsa belə...


"Azersun”un hökumətdə kifayət qədər dayaqları var. Onlar düşünür ki, bazar iqtisadiyyatı olmasa da, iqtisadiyyat inzibati amillik metodu ilə idarə olunsa da onlar üçün ciddi problemlər yaranmayacaq. Əksinə bu proses həmin şirkətin xeyrinə işləyəcək. "Azersun” Holdinqin rəhbərliyi sırf korporativ maraqlardan çıxış edərək belə açıqlama verib. Daha böyük, rəqibsiz, sərbəst, təkbaşına bazar istəyir. Ona görə də düşünür ki, hökumət yönəltsə, "Azersun” kiçik sahibkarların fəaliyətini qadağan edəcək. Bu baxımdan qurumun bu cür təklif və çağırışları çox zərərlidir. Ona görə də bunun Azərbaycanda bazar  iqtisadiyyatının oturuşmasına maneə olacağı istisna deyil”.


Alçina Amilqızı