Yuxarı

SOCAR-ı Avropaya buraxmırlar

SOCAR-ı Avropaya buraxmırlar

Zəfər Vəliyev "Həm Yunanıstanda, həm də İtaliyada SOCAR-ın ciddi maneələrlə üzləşməsinin arxasında "Qazprom” dayanır”

Yunanıstanın qaz operatoru DESFA-nın SOCAR-a satılmayacağı dəqiqləşib.Yunanıstan hökumətinin kreditorlarla imzaladığı çərçivə sazişi qaz bazarının liberallaşdırılmasını və DESFA (Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru) şirkətinin səhmlərinin 66 faizinin yalnız Avropa şirkətinə satışını nəzərdə tutur.Bu barədə Yunanıstanın Energetika Nazirliyinin yaydığı məlumatda deyilir. Kreditorlarla imzalanan çərçivə sazişi sentyabr ayınadək qaz bazarının liberallaşdırılmasına dair yol xəritəsinin hazırlanmasını da nəzərdə tutur. 

Qəbul olunan qərara əsasən, DESFA-nın 66 faizinin (Hellenic Petroleum dövlət şirkətinə məxsus 35 faiz, Dövlət Əmlakının İdarə olunması üzrə Fonda məxsus 31 faiz satılacaq) özəlləşdirilməsi planlaşdırılır. Saziş iki şərti özündə ehtiva edir.Birincisi, potensial investor yalnız Avropa şirkəti olmalı və yaxud üçüncü ölkələrin də daxil olduğu konsorsiumun iştirakçısı olmalıdır.İkincisi, özəlləşdirmədən sonra DESFA tam özəl bölgü modelinə əsaslanaraq fəaliyyət göstərməlidir, - deyə qurumun yaydığı məlumatda vurğulanıb.Artıq HRADF özəlləşdirmə prosesi ilə bağlı məsləhətçinin seçiminə başlayıb.Prosesin ilin sonunadək başa çatması gözlənilir.Qeyd edək ki, 2013-cü ilin iyun ayında DESFA-nın özəlləşdirilməsi ilə bağlı ilk tender keçirilib.Tenderin qalibi SOCAR elan olunub. Belə ki, SOCAR DESFA-nın səhmlərinin 66 faizi üçün 400 milyon avro təklif edib. Lakin 2016-cı ilin noyabrında Avropa Komissiyası DESFA-nın nəzarət səhm paketinin SOCAR-a satılmasına razılıq verməyib. Qurum SOCAR-a payını 49 faizədək azaltmağı təklif edib. 

Ancaq rəsmi Afina səhm paketi üçün təklif olunan məbləği azaltmağa razı olmayıb. Yunanıstanın DESFA-nı SOCAR-a satmamasının səbəbləri barədə Azərbaycan tərəfi hələ də səssizliyini qoruyur. Belə ki, "Cümhuriyət” qəzetinin əməkdaşı məsələ ilə bağlı SOCAR-ın rəsmi mövqeyini almaq istəsə də, cəhdləri boşa çıxıb.Qurumun uzun-uzadı davam edən telefon ötürmələri ötür-ötür oyunundan və vaxt itkisindən başqa bir şey deyil.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, 2017-ci ilin mart ayında Yunanıstan hökumətinin kreditorlarla imzaladığı çərçivə sazişi qaz bazarının liberallaşdırmasını DESFA şirkətinin səhmlərinin 66 faizinin yalnız Avropa şirkətinə satışını nəzərdə tutur

"Bağlanımış saziş özündə iki şərti ehtiva edir Birinci, potensial investor yalnız Avropa şirkəti olmalıdır və yaxud üçüncü ölkənin də daxil olduğu konsorsiumun iştirakçısı olmalıdır. İkinci, özəlləşdirmədən sonra DESFA tam özəl bölgü modelinə əsaslanaraq fəaliyyət göstərməlidir. 2013-cü ilin iyun ayında Yunanıstan Dövlət Əmlakının İdarə edilməsi Fondu tərəfindən keçirilən hərracda SOCAR-ın DESFA şirkətinin səhmlərinin 66 faizinə nail olması bir neçə səbəbdən baş tutmadı. Birinci səbəb ondan ibarətdir ki, Avropa Birliyinin üzvü olmayan ölkənin DESFA kimi strateji şirkətin nəzarət səhm paketinə sahiblənməsi Avropa Komissiyası tərəfindən təsdiq edilməliydi”.

Ekspert onu da qeyd edib ki, Avropa Komissiyasının tənzimləyici qurumları iddia edirdi ki, DESFA-nın nəzarət səhm paketinin 66 faizinin SOCAR-a satışı energetika sahəsində Avropa qanunvericiliyinə cavab verməlidir

"Enerji Paketinin şərtlərinə görə isə, Bakı Avropa enerji bazarlarının iş şərtlərini tam qəbul etməli və Avropa İttifaqının hər bir üzv dövləti ilə ayrı-ayrılıqda dövlətlərarası saziş imzalamalıdır. Avropa strukturları Azərbaycanın təşəbbüskar olduğu və Avropa qaz bazarının diversifikasiyasına xidmət edən və rəqabət mühitinin formalaşmasına stimul yaradan Cənub Qaz Dəhlizini prioritet layihə hesab edir.

Həmçinin adıçəkilən layihəyə siyasi dəstək verir.Növbəti səbəb Aleksis Tsipras hökumətinin və Yunanıstanın keçmiş enerji naziri Panos Skurletisin məlum sazişə maraqlı olmamasıdır.Çünki 2015-ci ildə Yunanıstanda keçirilən parlament seçkisində qalib gəlmiş Radikal Sol Koalisiya Rusiyaya meyilliyi ilə seçilir. 2015-ci ilin parlament seçkisindən bir il keçməmiş Yunanıstan hökuməti DESFA-nın razılaşdırılmış özəlləşmə şərtlərinin əleyhinə düzəlişlər etdi. Hansı ki, bu düzəlişlər tenderin şərtlərinə zidd idi.2016-cı ilin iyul ayında Yunanıstan parlamenti hökumət tərəfindən edilmiş qeyri-qanuni düzəlişləri paraflamaqla DESFA-nın qaz nəqlində tarifləri qaldırmaq imkanlarını məhdudlaşdıraraq onun potensial gəlirlərini azaltmış oldu.Bunun isə bir adı var, süni maneə”.

Zəfər Vəliyevin qənaətincə, özəlləşdirmənin baş tutmamasının digər səbəbi "Qazprom”un hər vəchlə sazişə mane olmasıdır "Çünki, "Qazprom” Cənub Qaz Dəhlizini həzm etmir və Azərbaycan qazının Avropa qaz bazarında yer almasını istəmir. Həm Yunanıstanda, həm də İtaliyada SOCAR-ın ciddi maneələrlə üzləşməsinin arxasında "Qazprom” dayanır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları