Yuxarı

Azərbaycan anti-dollar ittifaqında

Azərbaycan anti-dollar ittifaqında

Fuad İbrahimov: "Böyük həcmdə ticarət əməliyyatlarında bu 5 milyonun xüsusi çəkisi yoxdur”

Ötən il 5 milyon türk lirəsi həcmində manat/lirə cütlüyü üzrə mübadilə əməliyyatları aparılıb. Bunu müsahibəsində "Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi deyib. O bildirib ki, bu il bunu daha da artırmaq niyyətləri var: "Nə qədər tələbat olacaqsa, təmin etməyə hazırıq”. Avni Demirçinin sözlərinə görə, təmsil etdiyi Bank Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində dollardan imtina edilməsi ilə bağlı konkret addımlar atır: 

"Manatla Türkiyə lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdiririk. İnsanlar bizə manatı gətirdikləri zaman onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. "Ziraat Bank"ın baş ofisi də bu işdə bizə dəstək verir. İndi isə iki ölkənin mərkəzi banklarının bu prosesə qoşulub "svop” anlaşmaları həyata keçirərək qarşılıqlı mübadiləyə başlaması lazımdır”.

Maraqlıdır, iki ölkə arasında olan anlaşma nə dərəcədə əhəmiyyətli və dayanıqlı olacaq?

"Bu məbləğ tərəzinin gözünü də tərpətməz”

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, dollar zonasından çıxmaq üçün dayanıqlı və dönərli valyutalardan asılılığı zəiflətmək bir iddiadır: "Amma əslində, bu, iqtisadiyyatda qəbul olunan əsassız bir istiqamətdir. Bəli, konkret rəqəm göstəriblər ki, 5 milyona qədər türk lirəsi həcmində manat/lirə cütlüyü üzrə mübadilə əməliyyatları aparılıb. Amma böyük həcmdə ticarət əməliyyatlarında bu 5 milyonun xüsusi çəkisi yoxdur. Həmin məbləği tərəzinin gözünə qoysaq, tərəzinin gözü tərpənməz. Bu, sadəcə olaraq statistik xarakter daşıyır ki, bunu etmişik. Amma bunu qlobal şəkildə etmək mümkün deyil. Bunun üçün uzun illər lazımdır, xüsusi mexanizmlər hazırlanmalıdır.

Axı burda söhbət təkcə iki dövlət arasında ticarət əməliyyatından getmir. Hansısa sahibkar öz məhsulunu bazara çıxarıb bunun əvəzinə nəsə əldə etməlidir axı. Düşünmürəm ki, hələlik dönərli valyutalar hesab olunan dollar və avrodan Azərbaycan və Türkiyə çox aralana bilsin. Mütləq dönərli valyuta və yaxud birjalarda əsası olan digər məqamlarla həyata keçirilə bilər. Digər hallarda bu, sadəcə olaraq göstəricidir”.

İqtisadçının sözlərinə görə, iki ölkə arasında milli valyuta ilə qurulan ticarət əlaqələrinin qurulması perspektivdə mümkün olan hal deyil:

"Əgər həqiqətən bir məqsəd qoyulsa, nəzəriyyədə bunun əvəzi olaraq digər etalon bir ölçü vahidi yaratmaq mümkündür. Ancaq bunu etməkdən ötrü mütləqdir ki, irimiqyaslı işlər aparılsın. Sovetlər birliyi dövründə tamilə əvəzləşdirilməsə də, rus rublu bu problemləri həll etmişdi. Yəni, tərəzinin ikinci gözünü yaratmışdı. Bundan ötəri onun təsiredici əraziləri var idi. Yəni, sosialist quruluşunda olan ölkələr təkan və dəstək verməklə rus rublunu həqiqətən də dönərli valyuta kimi sosial düşərgədə görə bilirdik. Ancaq indiki dövrdə bu prosesi həyata keçirməkdən ötrü mütləq alternativ ölçü vahidi lazımdır. Məsələn, Azərbaycan Çinə nəyisə satırsa, yuanı necə qəbul etsin?

Eləcə də Çin Azərbaycana nəyisə satırsa, manatını necə qəbul etsin? Halbuki bu gün Çin yuanı dönərli valyutalar siyahısındadır. Biz özümüzə ən rahat valyuta etalonu seçməliyik. Bu da hazırda avro və dollardı. Bu gün Türkiyə ilə Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina edib və bunu milli valyuta vasitəsilə həyata keçirmək istəyirlər. Nəticədə Türkiyə Hindistan rupisini götürür, Hindistan da Türkiyə lirəsini götürür. Tutaq ki, bundan sonra Türkiyə Çinlə əməliyyat aparmalıdır. Hər iki dövlətin biri Çinə Hindistan rupisini verməlidir, biri də Türkiyə lirəsini. Bu əməliyyat Çin üçün maraqlı olmayacaq. Etalon valyutanın elastikliyi ondadır ki, dollarla hər ölkə qarşısında ticarət partnyoru kimi çıxış etmək olur. Həm də ölkəni ciddi partnyor kimi qəbul edirlər”.

İqtisadçı onu da vurğulayıb ki, dollar bütün dünyada qəbul olunan dönərli valyutadır: "Bunu əvəzləşdirməkdən ötrü ikitərəfli və kifayət qədər böyük işlər görülməlidir. Ümumiyyətlə, dünya ticarət sistemində dəyişikliklər getməlidir. Bu gün hər hansı bir köçürmə əməliyyatlarının baş qərargahı ABŞ-dır. Artıq bu fürsət əldən buraxılıb. İndi bu fürsəti yenidən qaytarmaqdan ötrü ölkələr sürətlə böyük işlər görməlidir ki, bunun alternativ variantı tapılsın. Hazırda dollara, avroya, funt-sterlinqə alternativ variant kimi qızılı götürmək olar. Zənnimcə, bu, ən optimal variant olar. Yoxsa iki ölkə arasında milli valyuta ilə ticarət əlaqəsi qurmaq ciddi anlayış deyil. Bu, nona anlayışdır. İki ölkə arasında ticarət əməliyyatı qapalı şəkildə gedə bilər. Artıq bu, üçüncü ölkə arasında əyarını itirmiş bir proses olacaq”.

Yeganə Oqtayqızı