Yuxarı

Bankların sevmədiyi qocalar

Bankların sevmədiyi qocalar

Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşlara kredit verilmir

Əkrəm Həsənov: "Yaşlı insanların iş və pul qazanmaq qabiliyyəti azalıb, həm də ölmək ehtimalı çoxdur”

Yaşlı insanların banklardan kredit ala bilməməsi ölkədə ciddi problemə çevrilib.Azərbaycanda əhalinin 6%-i üçün kreditin alınmasında məhdudiyyətlər var. Belə ki, ölkədəki banklar 65 yaşdan yuxarı şəxslərə kredit vermir.Bu da əhalinin təxminən 4%-i üçün kreditin tam əlçatmaz olması deməkdir.65 yaşdan yuxarı şəxslərə kreditləri cəmi bir neçə bank təklif edir.Bu siyahıda "Kapital Bank" ASC və Azərbaycan Beynəlxalq Bankını qeyd etmək olar.Bununla yanaşı, kredit öhdəliyinin bitməsi bir çox hallarda bu yaş həddini keçə bilməz.Bəzi banklarda bu yaş həddi 62-63 yaşa endirilib.

Rəsmi statistikaya əsasən, 2016-cı ilin sonuna görə Azərbaycanda əhalinin 375,2 min nəfər və ya 3,9%-ni 70 yaş və ondan yuxarı, 2,3% və ya 222,3 min nəfərini 65-70 yaş arası olan şəxslər təşkil edib. Ekspertlər hesab edir ki, qanunda kreditin kimlərə verilməsi ilə bağlı yaş göstəricisi olmasa da, banklar yaşlı insanlara kredit verməkdən çəkinir. Çünki bu yaş həddində olan şəxslərin iş qabiliyyəti və sağlamlıqları müəyyən qədər sual altındadır. Bu səbəbdən banklar belə şəxslərə kredit verməkdən imtina edir.Maraqlıdır, sözügedən yaş kateqoriyasında olan şəxslərə kredit niyə verilmir.Əgər kreditlər sığortalanırsa, 65-dan yuxarı yaşa kredit niyə verilməməlidir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, kimlərə kredit verib-verməmək bankların daxili işidir:

"Banklar arzuolunmaz və ya əksinə, arzuolunan müştərilərini müəyyən ballar əsasında təyin edirlər. Bir qayda olaraq yaşlı insanların kredit alması banklar üçün arzuolunmazlar siyahısındadır.Bunun da səbəbləri aydındır. Yaşlı insanların iş və pul qazanmaq qabiliyyəti azalıb. Həm də ölmək ehtimalı daha çoxdur.Amma əlbəttə, elə yaşlı insan var ki, o həmin yaşda işləyir və pul qazanır.Girovu da var. Kreditlər bir qayda olaraq Azərbaycanda sığortalanmır.

Bəzi kredit növlərinə görə məsələn, ipoteka kreditlərində məcburi olaraq kredit götürənin həyatı sığortalanır.Yaşlı insan sığortalana bilər.Amma təəssüf ki, bunu etmirlər.Banklar da bunu müştəriyə tətbiq etmirlər.Çünki əlavə xərc olur.Bu məsələnin başqa variantı da var. Məsələn, mənim 75 yaşım var və bank məni sığortalamır.Özüm hansısa sığorta şirkəti tapıram və onun haqqını özüm ödəyirəm. Bu problem daha çox bank və kredit sisteminin deyil. Yaşlı insanlarda da pulu qaytarma ehtimalı az olduğuna görə, bir növ banklar qorxurlar”.

Ekspert hesab edir ki, bu daha çox dövlətin sosial-siyasətidir.Yaşlı insanın elə təminatı olmalıdır ki, onun kreditə bu yaşında ehtiyacı olmasın.Əksər hallarda yaşlı insanlar kreditləri özləri üçün götürmürlər.Məsələn, 16 yaşlı nəvə üçün baba kreditə girir.Kredit isə təbii ki, qocadan tələb olunur.Qoca krediti ödəmədi və ya dünyasını dəyişdi. Kredit heç kim tərəfindən ödənmir və bu bank üçün problem olur. Hardasa bu məsələdə bankları da anlamaq mümkündür”.

Alçina Amilqızı
Cebhe.info





Həftənin ən çox oxunanları