Yuxarı

Beynəlxalq Bank ölkələrarası skandal yaratdı

Beynəlxalq Bank ölkələrarası skandal yaratdı

Natiq Cəfərli: "Artıq bu bankın dövlətin nəzarəti altında fəaliyyət göstərməsinin heç bir mənası yoxdur”

2015-ci ildə baş verən qanunsuzluqlara, dövlət əmlakının talanmasına  görə Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqallı proses başlandı. Bu prosesin sonucunda bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyev həbs olundu. Bundan sonra dövlət bankın sağlamlaşdırılması üçün müəyyən addımlar atdı. 2 il ərzində mərhələli şəkildə dövlət Beynəlxalq Banka 10 milyard dollar civarında vəsait verdi. Daha doğrusu dövlət daxili resurslar hesabına ABB-nin 10 milyardlıq problemli kreditini sildi. Ancaq bütün bunlara baxmayaraq Beynəlxalq Bankın problemləri bitmədi.

Bu günlərdə isə Beynəlxalq Bankın açıqladığı borc siyahısından belə məlum oldu ki, hələ bankın xarici şirkətlərə, donor təşkilatlara kifayət qədər borcu qalır. Beynəlxalq Bankın xarici borcları 3.3 milyard dollar civarındadır.  Qeyd edək ki, Beynəlxaq Bankın daxili borcları da kifayət qədər yüksəkdir. Dövlət daxili borcları heç bir ödəniş etmədən silinmə yolu ilə həll edəcək. Digər tərəfdən MDB ölkələrinin də Beynəlxalq Bankda depozitləri var və həmin vəsaitlərin ödənilməsində də cidd problemlər yaşanır. Belə ki, Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsinin təqaüdçülərinin taleyinə görə narahatdır, hansılar ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) rastlaşdığı iqtisadi problemlər üzündən zərər çəkə bilərlər. Rahim Oşakbayevin sözlərinə görə, Qazaxıstanın "Vahid təqaüd yığım fondu" (VTYF) Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə 70 milyarddan çox təngə (220 milyon dollar) sərmayə qoyub.

Ümumiyyətlə, Beynəlxalq Bank ətrafında gedən prosesin sonu necə olacaq? Dövlətin bu bankı sağlamlaşdırmaq üçün xərclədiyi 15 milyarda yaxın vəsait geri qayıdacaqmı? MDB ölkələri ilə yaşanan problem necə həll olunacaq?

"Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Beynəlxalq Bankda gedən proses bu günün işi deyil. Ekspertin sözlərinə görə, problemlərin dərinliyi dövlətin özəlləşdirmə fikrini də arxa plana atıb: "Son illərdə Beynəlxalq Bankda menecmentin aşağı olması, məmurlara və çevrələrinə heç bir dəyərləndirmələr olmadan kreditlərin verilməsi, verilmiş kreditlərin geri dönüşünün təmin edilməməsi, uzun illər yığılıb qalan problemlərin indi gün üzünə çıxması ilə müşahidə olunur. Daxili imkanlar hesabına Beynəlxalq Bankın 10 milyarda yaxın krediti faktiki olaraq silindi. Bunun da adını sağlamlaşdırma addımları qoydular. Amma sonradan məlum oldu ki, bu da yetərli olmadı. İndi növbəti addım kimi daxili resurslar hesabına daha 4 milyarda yaxın kredit silinəcək. Bunlar geri dönüşü mümkün olmayan kreditlərdir. Söhbət 14 milyarda yaxın vəsaitdən gedir. Bu təxminən ölkənin 1 illik büdcəsinə yaxın məbləğdir. Bununla bağlı ciddi araşdırmalar yoxdur ki, bu kreditləri kimlər niyə, hansı məqsədlə götürüb və ən əsası niyə geri qaytarılmır?

Bu yöndə ciddi araşdırmalar olmalıdır. Problemin digər bir tərəfi ondan ibarətdir ki, dövlət öz üzərinə götürdüyü öhdəliklər hesabına Beynəlxalq Bankı nə qədər sağlamlaşdırmağa çalışsa da, indi üzə çıxan 3.3 milyard dollarlıq xarici borc dövlətin özəlləşdirmə planını da arxa plana atır. Artıq bu vəziyyətdə olan banka normal müştəri tapmaq və dövlət büdcəsinə xeyir olacaq özəlləşdirmə aparmaq da mümkün olmayacaq. Beynəlxalq Bank dövlətin nəzarətində olan ən güclü banklardan biri idi. Beynəlxalq Bank bu amildən istifadə edərək insanlarda bir güvən yaratmağa çalışırdı. Bu güvən sayəsində digər kommersiya bankları da xarici kreditlər əldə etmək imkanı əldə edirdi. Baş verən hadisədən sonra isə digər banklar da bu imkandan məhrum oldular. Bu isə ölkənin bank sektorunun iflas olunması ehtimalını da gücləndirir. Çünki, xaricdən ucuz vəsait cəlb edib, yüksək faizlə kredit vermək ölkənin bank sisteminin əsas prioriteti olub. Amma indi xaricdən borc almaq mümkünsüz və ya daha çətin olacaq”.

"Dövlət risk altına girir”

Natiq Cəfərli hesab edir ki, dövlət Beynəlxalq Bankın öhdəliklərini üstələnməklə böyük yük altına girib: "Ötən il Dövlət Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar investisiya qoydu ki, bank öz problemlərini həll etsin. Artıq həmin vəsait də batdı. Çünki, Beynəlxalq Bankın imkanı yoxdur ki, həmin vəsaiti Fonda geri qaytarsın. Artıq Fondun aktivlərinə 1 milyard dollar göstərilsə də reallıqda bu yoxdur. Neft Fondunun vəsaitlərinin 1 milyard dollar azaldığını da indidən demək mümkündür. Yəni, dövlətin özərinə götürdüyü öhdəliklərin onun yükünü artırması labüddür. Digər tərəfdən xarici öhdəliklərin yerinə yetirilməsi beynəlxalq aləmdə olan inamı sarsıdacaq”.

Qazaxıstanın Beynəlxalq Bankda itirdiyi 220 milyon dollara toxunan ekspert hesab edir ki, MDB məkanı ilə bağlı problemlər daha rahat həll olunacaq: "Çünki burada beynəlxalq hüquqdan daha çox şəxsi əlaqələr böyük rol oynayır. Beynəlxalq Bankın Moskva filialı ilə bağlı da bu cür problem var. Beynəlxalq Bankın Moskva filialında Rusiyanın təqribən 2.2 milyard rubla yaxın depoziti var. Bu əmanətin qaytarılması da problemə çevrilə bilər. Amma hər bir halda düşünürəm ki, MDB məkanında tamamilə fərqli münasibət olacaq. Burada da beynəlxalq hüquqdan daha çox şəxsi münasibətlər önə çıxacaq. Amma Beynəlxalq Bank beynəlxalq hüquqla bağlı problemləri daha çox ABŞ və Avropa ilə yaşayacaq. Məhkəməyə müraciət də məhz buna hesablanıb. Çünki məhkəmə qərarından sonra həm bankın aldığı xarici borclara faiz hesablanmayacaq, həm də Beynəlxalq Bankın daşınar və daşınmaz əmlakı ilə bağlı borclular iddia qaldıra bilməyəcək. Əslində Nyu-York məhkəməsinə də məhz bunun üçün müraciət olunub. Beynəlxalq Bank tamamilə iflas olmaqdansa, məhkəmənin verdiyi ən pis qərarı seçdi. Bu beynəlxalq imicə böyük zərbə olsa da daşınar və daşınmaz əmlakın məhkəmə qərarı ilə bankın əlindən alınmasının qarşısını aldı. Amma MDB məkanında bu cür problemlərin olacağını düşünmürəm. Çox güman ki, dövlətlərarası münasibətlər çərçivəsində həm Qazaxıstan, həm Rusiya, həm də Gürcüstanla bağlı problemlər həll olunacaq.

Sonda Natiq Cəfərli deyib ki, ən yaxışı o olar ki, sağlamlaşdırılma prosesi başa çatdıqdan sonra bu bank özəlləşdirilməyə çıxarılsın: "Artıq bu bankın dövlətin nəzarəti altında fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Doğrudur, bir neçə il əvvəl dövlət bu özəlləşdirmədən bir neçə milyard qazanc götürməyi düşünürdüsə, indi bu rəqəm dəfələrlə az olacaq. Amma ən azından bankı tam təmizləndikdən sonra özəlləşdirmək daha doğru addım olar ki, gələcəkdə yaranan problemlərdən dövlət sığortalansın. Çünki dövlət iqtisadiyyatda ən pis menecerdir. Beynəlxalq Bankla gedən proseslər bir daha bu deyimi doğruldardı. Dövlətin əlində olan vəsaitin idarə olunması və dövlətin proseslərdə birbaşa iştirakı iqtisadiyyata heç bir xeyir gətirmir”.

Vilayət Muxtar