Yuxarı

Manat üçün sentyabr riski

Manat üçün sentyabr riski

Fuad İbrahimov: "Manatın dövriyyədən çıxarılması, azaldılması prosesi davam edəcək”

Azərbaycanda baş verən iki kəskin devalvasiyadan sonra hər kəsi düşündürən manatın hansı məzənnə koridorunda dəyişəcəyidir.Bu istiqamətdə kifayət qədər proqnozlar, rəsmi məlumatlar yayılıb.Ancaq demək olar ki, deyilənlər hər zaman bir-birinə zidd olub.Müstəqil ekspertlərin verdiyi açıqlamalar Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatların tamamilə əksini göstərib.Mövcud məzənnə isə təbii ki, AMB-nin nəzarətindədir.Ekspertlər hesab edir ki, manatın məzənnəsini AMB inzibati qaydada tənzimləyir və məzənnəyə valyuta bazarının heç bir təsir imkanları yoxdur.Çünki Azərbaycanda makroiqtisadi vəziyyət yoxdur.Bu gün iqtisadiyyatda balans pozulub.

Manatın məzənnəsinin bir müddətdir 1.70 civarında dəyişməsinə münasibət bildirən deputat Vahid Əhmədov manatın ucuzlaşacağı proqnozunu davam etdirib. Millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb: "Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq”.

AMB isə bunun tamamilə əksini deyir.AMB-nin verdiyi məlumatlardan belə məlum olur ki, manatın məzənnəsi hələ uzun müddət 1.70 koridorunda olacaq.Məzənnədə ciddi şəkildə azalma və ya artma müşahidə olunmayacaq.

Manatın məzənnəsinin hansı istiqamətdə dəyişəcəyini "Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Mərkəzi Bank iqtisadi inkişafın qarşısını almaqla məzənnəni sabit saxlayır. Onun sözlərinə görə, bu gün ölkə iqtisadiyyatının inkişafı üçün iqtisadi mexanizmləri işə salmaq lazımdır:

 "Manatın məzənnəsini elan olunan dəhlizdə (oxu: 1.70) saxlamaq onu göstərir ki, Mərkəzi Bank yenə də bazar iqtisadiyyatının müddəalarına cavab verməyən alətlərdən istifadə edəcək. Yəni, manatın dövriyyədən çıxarılması, azaldılması prosesi davam edəcək.Məzənnə yenə də süni şəkildə saxlanılacaq. Ancaq məzənnənin bu dəhlizdə sentyabra qədər saxlanılması bir az mübahisəli məsələdir. Ola bilər ki, noyabr, dekabr aylarına və ya 2018-ci ilin sonuna qədər məzənnəni bu çərçivədə saxlasınlar.

Ancaq nəyin hesabına?Yəni, Vahid Əhmədov bu haqda doğru deyib ki, manatın məzənnəsini sentyabra qədər saxlamağın özü belə böyük bir faciədir. Çünki bu proses iqtisadiyyatın kiçildilməsi hesabına aparılır. Bu yolla aşağı və orta sahibkarlıq sinfinin dinamik inkişafının qarşısı alınır.Ümumiyyətlə, manatı dövriyyədən çıxarmaqla makroiqtisadi səviyyədə iqtisadiyyatın irəliləyişinə sədd çəkilir.Bu gün bu manatın məzənnəsinə təsir etmək üçün Mərkəzi Bankın əlində olan yeganə alətdir.

Bir tərəfdən də bu gün nəyin bahasına olursa-olsun, məzənnəni saxlamaq lazımdır.Çünki ərzaq məhsullarının idxalı yüksək olduğu üçün bu gün məzənnəni bu alətlər hesabına saxlamaq daha yaxşı olar.Amma digər tərəfdən də bununla iqtisadiyyatın dinamik inkişafının tamamilə qarşısı alınır.Bu baxımdan sanki qapanmış dairə yaranır.Bu dairədən də çıxmaq üçün yol xəritəsi müddəlarını və digər iqtisadi mexanizmləri hərəkətə gətirmək lazımdır.Bunun başqa yolu yoxdur”.

Vilayət Muxtar