Yuxarı

Nəzarətsiz qalan Azərbaycan bazarı

Nəzarətsiz qalan Azərbaycan bazarı

Erməni mallarını kimlər və necə gətirir?

Akif Nəsirli: "Gömrük Komitəsinin fəaliyyətində ciddi qüsurlar var”

Dövlət Gömrük Komitəsi (DGK) Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsi barədə xəbərlərlə bağlı məlumat yayıb. Komitənin məlumatında bildirilir ki, bəzi KİV-də Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycanın gömrük sərhədindən keçirilməsi və ölkə ərazisində realizə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılıb. 

DGK bununla əlaqədar bildirir ki, ölkə ərazisinə gətirilən kənd təsərrüfatı məhsulları sərhədkeçmə prosesi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlər - mənşə, fitosanitar, baytarlıq sertifikatları və digər zəruri sənədlər ciddi şəkildə yoxlanıldıqdan, lazım olduqda müəyyən laborator analizlər aparıldıqdan sonra gömrük sərhədindən keçirilməsinə icazə verilir.

Belə çıxır ki, ölkəyə idxal olan kənd təsərrüfatı məhsulları gizlin yollarla gətirilir. O zaman bazara kim və necə nəzarət etməlidir?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycana xaricdən hər hansı məhsul idxal edilirsə, bu, birbaşa ölkənin gömrük sərhəddindən keçərək daxil olmalıdır:

"Daxil olan məhsulların ölkəyə buraxılmasının bir neçə yolu var. Ya həmin məhsullar gömrük-buraxılış məntəqəsi olmayan ərazilərdən keçirilir, ya da ki, Azərbaycanın gömrük məntəqələrində hansısa malın içərisində nəzarətsiz olaraq buraxılır. Digər bir ehtimal da var ki, bu, rüşvətdir. Ölkəyə idxal edilən məhsulların hamısına Azərbaycanın iqtisadi sərhədi sayılan Gömrük Komitəsi cavabdehdir. Bu gün komitənin təkzib yayması, bəyanat verməsi ki, gömrükdə hansı prosedurlar olur, bu, qanundur. Amma bu gün onların xəbəri olmadan ölkənin daxilinə mənşəyi bilinməyən məhsul qədəm qoyursa, deməli, Gömrük Komitəsinin fəaliyyətində ciddi qüsurlar var”.

Ekspert əvvəllər Quba rayonu ərazisində olan bazarlarda gömrükdənkənar məhsulların şimaldan Azərbaycana daxil olması halları var idi:

"Son vaxtlar həmin bazardakı vəziyyəti dəqiq bilmirəm. Amma hər halda ölkəyə idxal edilmiş bütün məhsullara görə Gömrük Komitəsi cavabdehdir. Bu gün komitənin populist çıxışları özlərini sığortalamaq üçün bir variantdır. Bu da etibarlı sığorta deyil. Bu gün bazarda Azərbaycan məkanına uyğun olmayan məhsul görünürsə, bu, birmənalı olaraq Gömrük Komitəsinin öz günahıdır”.

Erməni məhsullarının ikinci ölkədən Azərbaycana idxal edilməsinə gəlincə, Akif Nəsirli qeyd edib ki, belə olsa da, həmin məhsulun istehsalçısı gömrükdə müəyyən olunmalıdır:

"Məhsulun mənşəyi mütləq bəlli olmalıdır. Mənşəyi bilinməyən məhsullar birmənalı şəkildə Azərbaycan ərazisinə daxil edilə bilməz. Gömrük Komitəsi ondan ötəridir ki, həmin malların mənşəyin müəyyən etsin. Araşdırmalıdır ki, həqiqətən də daxil olan məhsul Azərbaycan bazarı üçün məqbuldur, yoxsa yox. Əgər bunu edə bilmirlərsə, deməli, öz vəzifələrinin öhdəsindən gələ bilmirlər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları