Yuxarı

Yeni iqtisadi tənəzzül qapıda

Yeni iqtisadi tənəzzül qapıda

Natiq Cəfərli: "Böhranın  dərinləşməsi həm iqtisadiyyatda, həm də cəmiyyətdə psixoloji diskomfort yaradacaq”

Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın yerləşdiyi regionda iqtisadi durumun perspektivlərinə dair yenilənmiş icmallarını açıqlayıb. Hər iki hesabatda 2017-ci üçün Azərbaycanda iqtisadi eniş proqnozlaşdırılır. AYİB-nin hesablamalarına görə, bu il üçün Azərbaycan iqtisadiyyatı 0,5 faiz, BVF-nin gözləntilərinə görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faizə qədər kiçiləcək.

BVF-nin proqnozlarına görə Azərbaycan bu illər ərzində bankların kapitallaşma səviyyəsinin azalması, kredit qoyuluşlarının həcminin aşağı düşməsi, dövlət borclarının sürətlə artması, inflyasiyanın yüksəlməsi templərinə görə regionun lider dövlətinə çevriləcək. Müqayisə üçün qeyd edək ki, cari ildə dünya iqtisadiyyatında orta illik artım tempi 3,5 faiz, Mərkəzi Asiya ölkələrində 3,8 faiz olacaq.

Beynəlxalq təşkilatların proqnozlarına əsasən Azərbaycanı yaxın perspektivdə nə kimi çətinliklər gözləyir? 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında hər iki beynəlxalq təşkilatın proqnozunu optimist və ədalətli hesab etdiyini vurğulayıb: "Hökumətin ilin ilk 4 ayında etiraf etdiyi rəqəmlərə əsasən iqtisadiyyat 1.2 faiz kiçilib. Çox güman ki, ilin sonun sonuna qədər bu kiçilmə davam edəcək. Çünki ölkənin bir çox institsional problemləri öz həllini tapmayıb. Nə neftdən asılılığın azalması istiqamətində, nə daxili istehsalın artımında, nə xarici investorların ölkəyə gəlişində ciddi bir irəliləyiş var. İqtisadi aktivlikdə xeyli dərəcədə zəifləmə var. Çünki Mərkəzi Bank çox sərt bir yol tutub. Ancaq manat kütləsinin azaldılması yolu ilə məzənnəni saxlamağı düşünür. Bu da iqtisadi aktivliyə zərbə vurub. Banklar kreditləşmə apara bilmir, bu da öz növbəsində iqtisadi aktivliyin zəiflədən amildir. Bütün bu parametrlərə əsasən deyə bilərik ki, bu il Azərbaycanda ən ağır illərdən biri olacaq. İqtisadi tənəzzüldən çıxmaq üçün qəbul olunmuş yol xəritələrinin işləməsi üçün şəraitin olmadığı üzə çıxır. Çünki bu yol xəritələrində iki əsas məsələyə toxunulmayıb. Doğrudur, xəritələr çox normal yazılıb və hədəflər də doğru müəyyənləşdirilib. Amma iki önəmli məsələ qeyd olunmayıb. Bunların biri turizm islahatları, digəri isə idarəetmə islahatlarıdır”.

İqtisadçının qənaətincə, hazırda ölkədə baş verən iqtisadi kiçilmə və tənəzzül iqtisadi məsələ deyil: "Əgər ölkədə idarəetmədə və hüquq-mühafizə sistemində ciddi dəyişikliklər olmasa, iqtisadi sahədə atılan addımlar təəssüf ki, effekt verməyəcək. Çünki əsas problem idarəetmədə fokuslanıb. Ciddi şəkildə struktur, idarəetmə, qanunvericilik və hüquq islahatları keçirilməlidir. İlkin olaraq azad və ədalətli məhkəmə sistemi, eyni zamanda mülkiyyət toxunulmazlığı bərpa olunmalıdır. 

Yalnız bundan sonra iqtisadi yüksəlişə, inkişafa keçid mümkün olacaq. Dünyanın keçdiyi yol da bunu sübut edir. Hazırda Azərbaycandakı idarəetmə və hüquqi müstəvidə olan boşluqların doldurulmasına ehtiyac var. Buna görə də beynəlxalq təşkilatların verdiyi proqnozlar hələ çox optimist vəziyyəti ifadə edir. Reallıqda isə vəziyyət bundan daha da ağırdır. İqtisadi tənəzzülün daha da dərinləşməsi həm iqtisadiyyatda, həm də cəmiyyətdə bir psixoloji diskomfort yaradır. Bu da gələcəyimiz üçün xoş deyil”.

Yeganə Oqtayqızı