Yuxarı

Hökumət borcu üzərimizə yükləyir

Hökumət borcu üzərimizə yükləyir

Vüqar Bayramov: "Hətta kiçik faizlərlə olsa belə xarici borcun məbləğinin artması arzuolunan deyil”

Qadir İbrahimli: "Bu məsələdə ehtiyatlı və rasional davranmaq lazımdır”

Maliyyə Nazirliyi xarici dövlət borcu haqda informasiyanı açıqlayıb. İlin əvvəlindən Azərbaycanın adambaşına xarici borcu 704,7 dollar təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8 faiz azdır. Palatanın məlumatına görə 2017-ci il yanvarın 1-də Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 milyon 705,6 min nəfərə qarşı 9 milyon 810 min nəfər təşkil edib. Ötən il əhalinin artımı 1,1faiz olub.

2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu 10 milyard 931,8 milyon dollar və ya ÜDM-in 32,3 faizini, faktiki mənimsənilən məbləğ 6 milyard 913,2 milyon dollar və ya ÜDM-in 20,4 faizini təşkil edir. Palatadan verilən məlumatda qeyd olunur ki, 2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan 710,3 dollara qarşı 704,7 dollar təşkil edir.

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, Maliyyə Nazirliyi tərəfindən xarici borclarla bağlı məlumatlar ildə iki dəfə ictimaiyyətə təqdim olunur: "Nazirliyin xarici borclarla bağlı yaydığı son məlumat ondan ibarətdir ki, xarici borc 6.9 milyard dollar və ÜDM-in 20,4 faizini təşkil edir. Beynəlxalq praktikada xarici borcun ÜDM-ı payı 35 faizi aşmamalıdır. Xarici borcun ÜDM-ı payı 35 faizdən çox olduqda bu halda dövlət xarici borcun azaldılması istiqamətində addımları gücləndirməlidir. Eyni zamanda fiziki şəxsin xarici borcu ÜDM-in payına 50 faizdən çox olduqda bu, kredit həddi hesab olunur. Hökumət çalışmalıdır ki, xarici borcun ÜDM-in payı artmasın. Hətta kiçik faizlərlə olsa belə, xarici borcun məbləğinin artması arzuolunan deyil. Elə borclar var ki, uzunmüddətli və aşağı faizli olur. Bu tip borcların cəlb edilməsi problem yaratmır. Amma faizləri yüksək olan və qısamüddətli dövr üçün verilən borcların cəlb edilməsi birmənalı şəkildə məqsədəuyğun deyil. Hələlik xarici borcun ÜDM-ı payı kritik həddə deyil. Amma buna rəğmən Maliyyə Nazirliyi xarici borcun idarə edilməsinə məsul olan qurum kimi çalışmalıdır ki, növbəti dövrlərdə xarici borcun məbləğinin optimallaşdırılmasına nail olmaq mümkün olsun”.

İqtisadçı-ekspert Qadir İbrahimli "Cümhuriyət” qəzetinə bildirib ki, dünya standartı ilə götürəndə xarici borcun ÜDM-in 40 faizi həddinə qədər olması normal sayılır: "Azərbaycan hələ 40 faiz həddini keçməyib. Ancaq bütövlükdə xarici borca bir qədər rasional yanaşmaq lazımdır. Yəni, bu borclar nəyə görə yaranır və hansı layihələrə xərclənir? Yaxın gələcəkdə elə bir situasiya yarana bilər ki, həmin borclar dövlət büdcəsinə yüklənə bilər. Buna görə də bu məsələdə bir qədər ehtiyatlı və rasional davranmaq daha yaxşı olardı. Borc xarici valyuta ilə alınır və xarici valyuta ilə də qaytarılır. Əgər devalvasiya olsa, təbii ki, bu, Azərbaycan üçün riskli bir hal olar. Ancaq qarşı tərəf bundan bir şey uduzmayacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları